Ermənistanda seçkidən sonra nə baş verəcək? - Deputatdan PROQNOZ
Bizi izləyin

Nida Təhlil

Ermənistanda seçkidən sonra nə baş verəcək? - Deputatdan PROQNOZ

"Ermənistanda 20 iyun parlament seçkisi qabağı vəziyyət çox gərgindir. Seçki marafonunda iştirak edən 25 siyasi partiyası və bloku arasında insanların könlünü almaq, tərəfdarlarının sayını artırmaq istiqamətində hər cür əməllərə əl atdıqlarını gördük. Hətta eks prezidentlər və Paşinyanın bir-birlərini şantaj etdiyi halların da şahidi olduq. Seçki kampaniyası başlayanda revanşist bəyanatlar səsləndirənlərin əksəriyyətinin sonda Azərbaycana qarşı yumşalmaya getdiyini və yenidən müharibənin mümkünsüz olduğunu etiraf etdiklərini gördük".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyan son günlərdə Ermənistanın qonşularla əməkdaşlıq etməkdən başqa yolunun qalmadığını da bildirdi: "Koçaryan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf etdi. Paşinyan isə hələ də öz ampulasındadır və payız havası kimi gündə 3-4 fikir səsləndirir. Seçkidə ən çox şanslı olanlar Paşinyan və Koçaryandır. Koçaryan əli azərbaycanlıların qanına batmış, soyqırımlar törətmiş terroristdir. Paşinyan isə Azərbaycanla danışıqlar prosesindən çıxaraq ölkəsini müharibəyə çəkərək məğlub etmiş şəxsdir. Son günlər Paşinyan fikirlərində sayıqlasa da, kapitulyasiya aktına imza atıb və onun icrası öhdəliyini boynuna götürüb. Düzdür, bizim üçün Paşinyan yenidən hakimiyyətə qayıtsa, eks prezidentlərin hakimiyyətə gəlişindən daha yaxşıdır. Çünki, eks prezidentlər əli azərbaycanlıların qanına batması ilə tarixə düşüb.Amma Koçaryanın da seçkidə qələbə çalmaq şansı kifayət qədər çoxdur".

Deputat onu da qeyd edib ki, hakimiyyətə kimin gəlməsindən asıllı olmayaraq, Ermənistanın yenidən müharibə etmək gücü yoxdur: "Azərbaycanın müzəffər ordusu Ermənistanın hərbi birləşmələrini darmadağın etmişdir. Ermənistanın bu gün nə ordusu qalıb, nə də iqtisadi gücü. Ona görə də seçkiqabağı namizədlərin səsləndirdiyi revanşist fikirlər ancaq seçkidə tərəfdarların sayını çoxaltmağa hesablanmış populizmdən başqa bir şey deyil. Ermənistanda kimin hakimiyyətə gəlişindən asılı olmayaraq, seçkidən sonra legitimləşəcək hökumətin 10 noyabrda imzalanmış üçtərfli bəyanatı icra etməydən başqa yolu yoxdur. Zəngəzur dəhlizi açılmalıdır. Bu, Ermənistanın özünə blokadadan çıxmaq üçün hava, su kimi vacibdir. Onu da qeyd edim ki, Azərbaycan və Türkiyə müttəfiqlik aktı imzalayıb. Bu akta əsasən, Azərbaycan ordusu daha da modernləşdiriləcək, gücləndiriləcək. Həm də üçüncü ölkə tərəfindən ərazi bütövlüyümüzə hər hansı bir təhdid olarsa, imzalnamış hüquqi sənədə və BMT Nizamnaməsinə əsasən, Türkiyə yanımızda olacaq. Ona görə də regionda yenidən müharibənin baş verəcəyi ilə bağlı səsləndirilən fikirlər boş xülyadan başqa bir şey deyil. Sonda qeyd etmək istəyirəm ki, Ermənistanda seçkidən sonra qarşıdurmaların, vətəndaş müharibəsinin də baş vermə ehtimalları böyükdür. Beləliklə, son nəticə olaraq proqnoz vermək olar ki, bu ölkədə yaxın gələcəkdə yaxşı heç nə görünmür".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm