Paşinyan Fransa ilə münasibətləri dərinləşdirəcək - Şərh
Bizi izləyin

Nida Təhlil

Paşinyan Fransa ilə münasibətləri dərinləşdirəcək - Şərh

“Nikol Paşinyanın seçkidə qalib gəlməsi təkcə ölkə daxili üçün deyil, eyni zamanda ölkəxarici siyasət üçün də vacib əhəmiyyət daşıyır. Bu əhəmiyyət həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından qiymətləndirilə bilər”.

Publika.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin eksperti, politoloq Samir Hümbətov qeyd edib. Ekspert bildirib ki, Nikol Paşinyan siyasi istiqamət baxımından Qərbə meyilliliyi ilə tanınır və bu siyasi kursunu çəkinmədən açıq şəkildə atdığı addımlarla ifadə edir:

“Məhz seçkiöncəsi Nikol Paşinyanın Fransa və Belçikaya səfər etməsi, bu səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və digər fransız dövlət rəsmiləri, həmçinin Fransada yaşayan və fəaliyyət göstərən erməni lobbi və diaspor nümayəndələri ilə görüşməsi, daha sonra isə Belçikanın paytaxtı Brüsselə səfər edərək Avropa İttifaqının əsas söz sahiblərindən biri olan Şarl Mişellə görüşməsi onun seçkiöncəsi və seçkisonrası hansı istiqaməti tutacağına açıq işarə kimi qiymətləndirilə bilər. Paşinyan bu səfərlə onu bildirmək istədi ki, onun üçün prioritet I və II Qarabağ savaşı zamanı və ondan sonrakı dövrdə bütün mümkün imkanları ilə Ermənistana dəstək vermiş Rusiya deyil, Qərbdir. Ona görə də Paşinyanın seçkidəki rəqibi təkcə Robert Koçaryan deyil, eyni zamanda Koçaryana dəstək verən Rusiyadakı bəzi dairələr idi. Təbii ki, bundan sonrakı mərhələdə Nikol Paşinyanın Rusiyanın Ermənistanda dominantlığını aradan qaldırmaq məqsədi ilə Qərblə münasibətləri daha da dərinləşdirməyə, Qərb ölkələri, xüsusilə də ABŞ və Fransa ilə sıx siyasi, iqtisadi və digər münasibətləri dərinləşdirməyə çalışacağı gözləniləndir”.

Politoloqun fikrincə, görünən odur ki, Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında münaqişənin aradan qaldırılması və yekun sülh müqaviləsinin imzalanması məsələsində də Rusiyanın dominant mövqedə olmasını qəbul etmək niyyətində olmadığını göstərmək istəyir:

“Rusiyada bəzi dairələr tərəfindən dəstəklənən eks prezident Robert Koçaryanın 20% civarında səs toplaması iki məsələni aydınlaşdırmağa imkan verir. Birincisi, eks prezident Koçaryanın, dolayısı ilə desək, Rusiyanın Ermənistanda mövqeyi demək olar ki, son 3 ildə tamam zəifləyib, baxmayaraq ki, Rusiya II Qarabağ savaşında Ermənistana həm silah-sursat və hərbi texnika, həm də siyasi dəstək göstərib. İkincisi, erməni cəmiyyəti hakimiyyətdə “Qarabağ klanı”nı deyil, Ermənistan klanını görmək niyyətindədir”.

Samir Hümbətov əlavə edib ki, bu seçkilər həm də onu göstərdi ki, Cənubi Qafqazda yeni geosiyasi və geostrateji reallıqlar formalaşmağa başlayıb:

“Məhz Nikol Paşinyanın hakimiyyətə gəlməsi regionda zamanla bir neçə məsələni dəyişə bilər. Bunlar I Qarabağ savaşından bəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrinin Azərbaycana qaytarılması, Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyasının aparılması, bunun nəticəsində sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020 və 11 yanvar 2021- ci ildə imzalanmış üçtərəfli bəaynnamənin şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması məsələləridir. Qeyd edilən şərtlər reallaşarsa və Ermənistan tərəfi həm Azərbaycan, həm də Türkiyə ilə dil taparsa, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərsə, eyni zamanda Türkiyəyə qarşı saxta soyqırımı iddialarından əl çəkərsə, tərəflər arasında siyasi və iqtisadi əlaqələrin qurulması prosesi baş tutarsa, tərəflər arasında normallaşma prosesinin başlamasını görmək olar”.

Ekspert qeyd edib ki, bütün deyilənlər gerçəkləşərsə, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması da gerçəkləşə bilər ki, bu da regiona 2 əsas üstünlük vəd edə bilər:

“Birincisi, regionda daimi sülhün qorunub saxlanması və region ölkələrinin uğurlu inkişafıdır. İkincisi, Rusiyanın regiondan çəkilməsi və rus təsirinin regionda azalmasıdır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycan və Türkiyədən daha çox Ermənistanın özünə hava, su kimi lazımdır. Əgər Zəngəzur dəhlizi açılarsa, Ermənistan iqtisadiyyatı ölü nöqtədən tərpənə bilmək şansı əldə etmiş olacaq. Təbii ki, Ermənistanda ağıllı siyasətçi və dövlət adamı varsa, bu addımı atmağa çalışar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm