Rəsmi Bakı Paşinyandan bunların icrasını tələb edəcək – Deputat
Bizi izləyin

Nida Təhlil

Rəsmi Bakı Paşinyandan bunların icrasını tələb edəcək – Deputat

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. Nikol Paşinyan yenə qalib gəldi. Buna baxmayaraq, rəqibləri də parlamentdə oturmaq, üstəlik bir neçə mandata sahib olmaq hüququ qazandı. İndiki halda bütün regionun diqqəti İrəvana yönəlib. 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın altında məhz Paşinyanın imzası var və hər kəs Nikol Vovayeviçdən bəndlərin icra edilməsini gözləyir.

Seçkilərdən sonra Paşinyanla bağlı bir neçə sual da ortaya çıxıb. Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi Ermənistan və bölgə üçün nələr vəd edir? Zəngəzur dəhlizinin açılması, Ermənistanın Qarabağdakı silahlı birləşmələrinin qalıqlarının çıxarılması tezləşdiriləcəkmi?

Bu suallara cavab tapmaq üçün Milli Məclisin deputatı Rasim Musabəyovun fikirlərini öyrənməyə çalışdıq.

R.Musabəyov Publika.az-a açıqlamasında söylədi ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinin nəticələri barədə indidən nəsə demək çətindir:

“Hər halda Nikol Paşinyanın üçtərəfli bəyanatın altında imzası var. Orada konkret öhdəliklər mövcuddur. O cümlədən, 10 noyabr üçtərəfli bəyanatında qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağdan tamamilə çıxarılmalıdır. Bu məsələ Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsinə də şamil olunur. Eyni zamanda Qazaxın 7, Naxçıvanın Kərki kəndindən də erməni qoşunları çıxarılmalıdır. Yəni, Azərbaycan bunu tələb edəcək. Fikrimcə, bu məsələ ilə bağlı danışıqlar getməlidir və gedəcək. O cümlədən, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yolun açılması da həmin sənəddə öz əksini tapıb”.

Deputat bildirdi ki, Ermənistan bundan da boyun qaçıra bilməz:

“Onlar dəhliz və status məsələlərindən boyun qaçırmaq istəyirlər. Amma üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunub ki, həmin yol Rusiyanın sərhəd qoşunları tərəfindən mühafizə olunacaq. Bu, əslində elə həmin dəhliz anlamına gətirib çıxarır. Hər bir halda Nikol Paşinyanın seçkilərdə qalib gəlməsi müsbət haldır. İstənilən halda Koçaryan şəxs kimi də mənfi fiqurdur, cinayətkardır. Robert Koçaryandan fərqli olaraq Nikol Paşinyan aparılan işin davamçısı kimi görsənir. Bunun da məntiqi nəticəsi ondan ibarətdir ki, danışıqlarda daha az vaxt itiriləcək. Mənə elə gəlir ki, seçkilərdən qalib çıxdıqdan sonra Nikol Paşinyan daha ürəkli şəkildə yeni siyasətin aparılmasına başlaya bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm