Azərbaycan Ordusu öz sözünü deyib - Polkovnik
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusu öz sözünü deyib - Polkovnik

Biz hərbçilər Birinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələr Gününü ürəkdən qeyd edə bilmirdik. Ölkəsinin bir hissəsi işğalda olan hərbçi üçün bu yükü daşımaq çox çətin idi. Ancaq 103-cü ildönümü bütün hərbçilərin əsl Silahlı Qüvvələr Günü saymaq olar.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Hərbi ekspertin sözlərinə görə, hər bir hərbçi istəyir ki, güclü ordunun nümayəndəsi olaraq ərazi bütövlüyünü təmin etsin: “Əlbəttə, torpaqlarının 20 faizi işğal altında olan ordunun nümayəndəsi olmaq bu cür əlamətdar gündə sevincdən daha çox kədər gətirirdi. Ona görə də biz hər zaman əmr gözləyirdik ki, öz torpaqlarımızı işğalçılardan azad edək. Çünki əmin idik ki, qarşımıza qoyulan tapşırığı yerinə yetirəcəyik. Bu əminlik Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin orduya verdiyi xüsusi diqqətdən əmələ gəlib. Cənab İlham Əliyev qeyd etmişdi ki, əgər Azərbaycan ilə Ermənistanı təkbaşına buraxsalar, qısa zamanda işğalçı qüvvələri məhv edib, ərazi bütövlüyümüzü bərpa edə bilərik. Bu, Ali Baş Komandanın orduya verdiyi qiymət idi”.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq göstərərək tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi: “Cənab Ali Baş Komandan əmr verən kimi Azərbaycan Ordusu 44 gün ərzində 1 gün belə dayanmadı, geri çəkilmədi və qısa zamanda müdafiədə dayanan düşməni məğlub etdi. Odur ki, Azərbaycan Ordusunun şəxsi heyəti Silahlı Qüvvələrin 103-cü ildönümünü tam başqa bir ab-havada qarşılayacaq. Azərbaycan bu günü ərazi bütövlüyünü bərpa edən, öz sözünü demiş bir ordu ilə qarşılayır. Ordumuz bundan sonra daha da güclənəcək!”

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm