Deputat: "Xalqımız qalib ordunun bayram sevincini yaşayır"
Bizi izləyin

Nida Təhlil

Deputat: "Xalqımız qalib ordunun bayram sevincini yaşayır"

"26 iyunda böyük sevinc və qürurla Azərbaycanın Milli Ordusunun yaranmasının 103-cü ildönümünü qeyd edəcəyik. Xalqımız ilk dəfə olaraq qalib ordunun bayram sevincini yaşayır. Müstəqil Azərbaycan dövlətində bugünkü kimi güclü, qarşısına qoyduğu hər bir döyüş tapşırığını icra edə bilən, müasir texnika və texnologiyalarla təchiz edilmiş ordu olmayıb".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, 90-cı illərin əvvəlində ermənilər nizami ordumuzun olmamasından istifadə edərək torpaqlarımızı işğal etmiş, azərbaycanlılara qarşı soyqırımılar törətmiş, 1 milyon soydaşımızı öz ata yurdlarından köçkün salmışdı:

"1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev birinci növbədə ölkəmizdə pərakəndə şəkildə yaranmış hərbi birləşmələri vahid komandanlığı altına yığaraq nizami ordu halına salmışdı. Tariximizdə ilk dəfə olaraq nizami ordu yaradan Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrının sonundan başlayaraq 6 yanvarda başa çatmış uğurlu Horadiz əməliyyatı keçirilmiş, nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunmuşdu".

Millət vəkili vurğulayıb ki, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub:

"Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Məhz Horadiz əməliyyatının vurduğu zərbə düşməni müvəqqəti atəşkəsin imzalanmasına məcbur etmişdi. Torpaqlarının 20 faizi işğal altında olan ölkənin ordusu modernləşməli, müasirləşməli idi. Bu illər ərzində ordumuzun təcrübəsi və peşəkarlığı artırıldı. Ordumuzun müasirləşmə, inkişaf və güclənmə dövrü əsasən son 17 ilə təsadüf edir. Ali Baş Komandan İlham Əliyevin orduya xüsusi diqqəti olub. Hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Yeni təlim-tədris korpusları istismara verildi. Ordumuza dünyanın ən aparıcı silah istehsalçılarından müasir silahlar alındı. Ölkəmizin müdafiə sənayesinin istehsal gücü artırıldı və yüzlərlə çeşiddə hərbi sursatlar istehsal olunmağa başlandı. Prezident İlham Əliyev bütün görüş və tədbirlərdə deyirdi ki, beynəlxalq ictimaiyyət torpaqlarımızın işğaldan azad olunmasına təsir göstərməzsə, Azərbaycan Ordusu hərb gücü ilə öz haqq işini görəcək. Bəlkə də bəzi dairələr ordumuzun gücünü ciddi qəbul etmədilər. Nəhayət, 27 sentyabrda ermənilərin növbəti təxribatına əks-hücum tapşırığı alan müzəffər ordumuz 44 günlük şanlı döyüş yolu geçərək 10 noyabrda düşmənin dizini yerə vurdu".

Azər Badamov qeyd edib ki, Müzəffər Ordumuz ermənilərin 30 ildə qurduqları topdağıtmaz müdafiə xətlərini, qürurla bəyan etdiyi "məğlubedilməz ordu" mifini darmadağın etdi:

"Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızın başını uca etdi. Bu gün Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə haqqında bütün dünya danışır. 44 günlük müharibənin hər bir günü qəhrəmanlıq dastanı olub. Azərbaycanın Silahlı Qüvvələri taktikası, strategiyası və texnikası baxımından döyüş meydanında özünü doğrultmuş dünyada çox az ordulardandır. Ordumuzun keçdiyi uğurlu döyüş taktikaları dünyanın ən güclü orduları olan ölkələrin hərbi məktəblərində öyrənilir və tədris olunur. Bu gün Azərbaycan XXI əsrin ordusuna malik çox az ölkələrdəndir. Ordumuzun müasirləşdirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilir. 15 iyunda imzalanmış Şuşa Bəyannaməsində də xüsusi maddələrdə ordumuzun peşəkarlığının artırılması üçün Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Ordu ölkənin müstəqilliyinin qarantıdır. Biz ordumuzla fəxr edir, oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan ürəklə danışırıq. Fürsətdən istifadə edərək ordumuzun yaranması günü münasibətilə başda Ali Baş Komandanımız olmaqla xalqımızı təbrik edirəm. Yaşasın Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycanın müzəffər ordusu!"

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm