Erməni xalqı seçkilərdə xunta rejiminə səs vermədi
Bizi izləyin

Nida Təhlil

Erməni xalqı seçkilərdə xunta rejiminə səs vermədi

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasət Ermənistanı regionun siyasi və iqtisadi həyatından kənarda qoydu. İşğalçılığı dövlət siyasətinin prioritetinə çevirən, qonşu dövlətlərin torpaqları hesabına dövlət quran Ermənistanın iqtisadiyyatı çökdü, yoxsulluq, işsizlik probleminin ciddi şəkil alması nəticəsində yerli əhali xarici ölkələrə üz tutdu. Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Artıq beynəlxalq birliyə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl günahkarının kimliyi bəlli oldu. Bu ölkə döyüş meydanında olduğu kimi, beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində də ciddi məğlubiyyətə uğradı. Bununla da Azərbaycanın rəşadətli ordusu Ermənistanın 30 illik işğal siyasətinə son qoydu. Bütün bunlar Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir etməyə bilməzdi.

Bu fikirləri Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, Ermənistanda keçirilmiş parlament seçkiləri beynəlxalq aləmin diqqət mərkəzində idi. Ona görə ki, onilliklərlə insanları düşmənçilik ab-havasına kökləmiş, ölkəni talamış və əhalini dilənçi vəziyyətinə salmış revanşist meyilli qüvvələr - sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan yenidən ölkəyə rəhbərlik iddiasına düşmüşdülər. Ancaq əvvəlki illərdən fərqli olaraq, bu dəfə yerli əhali xunta rejiminin cəlladlarını rədd etdi.

Artıq yerli əhaliyə də bəllidir ki, bu gün Ermənistanın ciddi sosial- iqtisadi problemlərlə üzləşməsində, regionda həyata keçirilən bütün infrastruktur layihələrdən kənarda qalmasında baiskar Köçəryan və Sarkisyandır. Söz yox ki, hələ də işğal siyasətindən əl çəkməyərək, qonşu dövlətlərin ərazilərinə göz dikən Köçəryan və Sarkisyan rejimi tarixin arxivinə atılıb. Buna baxmayaraq, xunta rejiminin tərəfdarları olan bu iki şəxs hakimiyyəti ələ keçirmək üçün min bir hiyləyə əl atırlar.

Hüquq müdafiəçisi dedi ki, bu rejimin tədricən sıradan çıxarılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs mühüm əhəmiyyət kəsb edib “Məhz müstəqil və milli maraqlara əsaslanan siyasətin nəticəsi olaraq, Azərbaycan regionda güclü dövlətə, siyasi, iqtisadi və humanitar mərkəzə çevrilib. 44 günlük müharibədə Ermənistanı diz çökdürən və kapitulyasiya aktına imza atdıran dövlətimizin və onun lideri İlham Əliyevin dünya birliyindəki reytinqi getdikcə yüksəldi. Bu gün respublikamız beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrilib”, - deyə o qeyd edib.

Təbii ki, erməni xalqı bütün bu problemləri yaradan Köçəryan–Sarkisyan rejiminə yenidən etimad göstərə bilməzdi. Göründüyü kimi, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Dövlət başçımızın dediyi kimi, “Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.

Komitə sədri qeyd edib ki, revanşistlər bütün qüvvələrini səfərbər etsələr də hətta xarici himayədarlarından ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar. Artıq onların heç bir siyasi perspektivi yoxdur. Əslində, 2016-cı ilin Aprel döyüşlərində rəşadətli ordumuz Serj Sarkisyanın rəhbərlik etdiyi silahlı qüvvələri darmadağın etməklə bu ölkənin xunta rejiminə öz yerini göstərmişdi. Ötən il 44 günlük müharibədə isə qazandığımız tarixi qələbə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Əgər onlar yenidən müharibəyə cəhd etsələr, bu dəfə də başları üzərində “dəmir yumruğu” görəcəklər.

Ç.Qənizadə qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirməsinə də münasibət bildirib. Deyib ki, onların ayrı yolları da qalmayıb. Növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyan Ermənistanın bütün sahələr üzrə inkişafını istəyirsə, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı və ölkəmizlə sülh sazişi imzalamalı, həm də Zəngəzur dəhlizinin açılmasına dəstək olan addımlarını əyani şəkildə sübut etməlidir. Yəqin ki, bundan sonra Ermənistan infrastruktur layihələrindən kənarda qalmaya və artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm