Qarabağ Moskva və Ankaranın gündəmində: masada nələr var?
Bizi izləyin

Nida Təhlil

Qarabağ Moskva və Ankaranın gündəmində: masada nələr var?

Putin Qarabağdan danışdı və bəyan etdi ki:

- Qarabağda böhranın daha da böyüməsində maraqlı deyillər;
- Sərhədlərin müəyyənləşdirilməsi üzərində iş gedir;
- Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəklər;


Rusiya prezidenti Qarabağdan zaman-zaman danışır, hərçənd, indi bu sözləri dilə gətirməsinə zərurət yaradan səbəblər var:

1. Putin Qarabağ məsələsinin Rusiya tərəfindən həll edildiyini növbəti dəfə Qərbə çatdırmaq istəyir və əlavə edir ki, sərhədlər məsələsində də əsas vasitəçi Moskvadır: ABŞ-ın bölgədə yenidən aktivləşmək istəyi, humanitar məsələlərdə vasitəçi olaraq Gürcüstanı önə sürməsi rusları narahat edir;
2. Putin Bakıya əlavə alternativə ehtiyac olmadığının mesajını verir: Ermənistanda seçkidən sonra Azərbaycan rəhbərliyinin üçtərəfli razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı başlatdığı proses fonunda bu təsadüfi deyil və mümkündür ki, telefon söhbətində Əliyev Putinə proses ləngiyəcəyi təqdirdə, əlavə addımların mümkünlüyü haqda müəyyən mesajlar ötürə bilib;

Buna paralel olaraq Lavrovun Antalyada Çavuşoğlu ilə qurduğu müzakirə masasına Qarabağın da daxil edilməsi diqqət çəkir.

Lavrov bəyan etdi ki, Ankara ilə Bakı və İrəvanı yaxınlaşdırmaqla bağlı razılıq əldə ediblər, o cümlədən, Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyətindən məmnundurlar. Lavrovun bu sözləri və Çavuşoğlundan fərqli olaraq, Qarabağ müzakirəsindən geniş bəhs etməsi də Moskvanın Qərbə “bölgədə hər şey həll edilir, üçüncü tərəflərə ehtiyac yoxdur” mesajını çatdırmaq zərurətindən irəli gəlir.

Bu, ictimaiyyətə açıqlanan məqamlardır, lakin bağlı qapılar arxasında Qarabağla bağlı nələr müzakirə oluna bilər sualı maraqlıdır.

- Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasından sonra Qarabağda vəziyyətə nəzarət: ruslar erməni qoşunların çıxarılması, sərhədlərin müəyyənləşməsi, nəticə olaraq, Ermənistanın Qarabağdakı mövcudluğunun aradan qaldırılmasından sonra bölgədə hansı formada qalmağı düşünür və mümkündür ki, bu məsələni Bakı ilə yanaşı, Ankara ilə də müzakirə edir;
- Bölgədə təkcə rusların hərbi mövcudluğu ilə barışmayan Türkiyənin Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsini istədiyi istisna deyil və mümkündür ki, Putinlə Ərdoğanın telefon söhbətində gündəmə gətirilən bu məsələlərin detalları Lavrovla Çavuşoğlunun masasında müzakirə olunub;
- Şuşa Bəyannaməsi: ruslar bu müqavilənin detallarını bilmək istəyir, xüsusilə hərbi baza məsələsini;

Burada ən mühüm məqam Moskvanın istəməsə belə Bakı və Ankara ilə anlaşmağa məcbur olmasıdır və bu, proseslərin inkişafını bizim maraqlarımıza uyğunlaşdırmağa imkan verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm