Yaxşı fikirləşsinlər, sonra gec ola bilər - Qənizadə
Bizi izləyin

Nida Təhlil

Yaxşı fikirləşsinlər, sonra gec ola bilər - Qənizadə

Vətən uğurunda canını qurban verənlər və sağlamlığını itirənlər heç vaxt unudulmur. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. İndiyədək bu qəbildən olan insanlara maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, onların müalicəsi, həyat tərzinin yaxşılaşdırılması, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlər ilə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həssas qəlbli şəxslərin həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilib.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq. Şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir. Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Ç.Qənizadə iyulun 14-də Prezident İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən söhbət açaraq bildirib ki, həmin mərasim bu qəbildən olan insanlara diqqət və qayğının növbəti təzahürüdür. Qəsəbədə inşa olunan 15 ədəd doqquzmərtəbəli binadan ibarət 810 mənzilli yaşayış kompleksi mərhələli şəkildə şəhid ailələrinə və müharibə əlillərinə paylanılacaq. Göründüyü kimi, Vətən uğurunda canından keçən və sağlamlığını əsirgəməyənlər heç zaman unudulmur. İndiyədək, ümumiyyətlə, 7200 müharibə əlilinə avtomobilin hədiyyə olunması da bundan xəbər verir. Bu il daha 150 avtomobilin verilməsi nəzərdə tutulub. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının məşğulluq məsələləri də diqqət mərkəzindədir. Son 6 ayda bu qəbildən olan insanların 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. Faktlar da təsdiqləyir ki, hazırda koronavirus pandemiyası dünyanı ağuşuna alsa da, ölkəmizdə sosial layihələrin həyata keçirilməsinə problem yarada bilmir.

Hüquq müdafiəçisi qeyd edib ki, koronavirusun bir çox ölkələrdə iqtisadi-maliyyə çətinlikləri yaratmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, sosialyönümlü layihələrin sayı və coğrafiyası getdikcə genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Həyata keçirilən sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması ilə əlaqədar keçirilən tədbir bir daha təsdiqləyir.

Ç.Qənizadə diqqəti dövlətimizin başçısının həmin mərasimdəki nitqinə cəlb edərək deyib: “Prezident İlham Əliyev bildirdi ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Eyni zamanda, burada 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”.

Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərildiyini deyən hüquq müdafiəçisi dövlətimizin başçısının bununla əlaqədar sadaladığı faktları da diqqətə çatdırıb: “Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük”.

Dövlətimizin başçısı həssas təbəqədən olan qəlbli insanların sosial müdafiəsinin gücləndirilməsinin bu il də davam etdiriləcəyini bildirib. Qeyd edib ki, bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib.

Ç.Qənizadə deyib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Ermənistana və onun havadarlarına mesaj da göndərdi. Bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm