Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var? - TƏHLİL

Prezident İlham Əliyev Moskvada Putinlə görüşə gedir. Paşinyanın iyulun 7-də Moskvaya səfəri zamanı ardınca Əliyev-Putin görüşünün keçiriləcəyini proqnozlaşdırmışdıq. Əslində bugünkü görüşün ümumi tablosuna da Ermənistanda seçkidən sonra başlanan görüş trafiki fonunda baxa bilərik:

a) Putin “saatları yoxlayır”: tərəflərin Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara sadiqliyinə əmin olmaq istəyir, Nikolun qələbəsi və Qərbin gedişləri fonunda bu, ruslara lazımdır;

b) Rusiya üçtərəfli razılaşmaların icrasını sürətləndirmək niyyətindədir, xüsusilə kommunikasiyaların açılması məsələsində israr edir: Moskva Ermənistana çıxış üçün riskli olan Gürcüstan marşrutuna alternativ əldə etmək istəyir; Paşinyanın hakimiyyətini gücləndirməsi və Qərb müdaxilə cəhdləri rusların planlarına təhlükə yarada bilər;

c) Yeni sərhəd müqaviləsi: Paşinyan-Putin görüşündə müzakirə edilən bu məsələ Əliyev-Putin görüşünün də əsas gündəmində olacaq;

ç) Yeni müqavilə Moskvada üçtərəfli formatda – Əliyev-Putin-Paşinyan – keçiriləcək mümkün görüşdə imzalana bilər: Putin-Paşinyan, ardınca Putin-Əliyev müzakirələri müqavilənin hazırlanması üçün detalların razılaşdırılmasına hesablanıb; Ermənistanda hökumət formalaşdırıldıqdan sonra üçtərəfli Moskva görüşü mümkündür;

Əliyev-Putin görüşünün əsas proqramı belə görünür, hərçənd, yeni müqavilənin imzalana biləcəyi mümkün üçtərəfli görüşə qədər mövcud razılaşmaların icrası həyata keçirilməlidir: Kremlin rəsmi məlumatında da təsdiq olunur ki, Azərbaycan və Rusiya liderləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin praktiki tərəflərini müzakirə edəcək.

Bu prosesdə Bakının öz, Moskvanın öz istəkləri var və bu, tərəflərin masaya nələr qoyacağı suallarını önə çəkir.

Əliyevin çantasında nələr var?

Azərbaycan prezidentinin Moskvaya üç prioritetlə getdiyi ehtimalı böyükdür:

1. 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası – erməni qoşunlar Qarabağdan çıxarılmalıdır:

- Bakının hədəfi yekun sülh sazişinin imzalanmasıdır;

- sülh sazişi üçün sərhədlərin delimitasiyası prosesi başa çatmalı və rəsmiləşməlidir;

- sərhədlərin qarşılıqlı tanınmasına qədər Azərbaycan ərazisindəki erməni qoşunlar çıxarılmalı, üçtərəfli razılaşmanın məlum bəndi icra edilməlidir;

- Azərbaycan ərazisində Ermənistanın hərbi varlığına son qoyulmadan sərhəd müqaviləsini imzalamaq mümkün deyil və bu, Moskvanın vasitəçiliyini riskə atır, əvəzində alternativ vasitəçiləri aktuallaşdırır: Aİ Şurası prezidenti Şarl Mişel Bakıda sərhədlərin delimitasiyası məsələsində alternativ vasitəçi olmaq istədiklərini açıq şəkildə bəyan etdi;

Əliyev Putinə diplomatik dillə bunu izah etməyə çalışacaq.

2. Qarabağda açılan atəşlər və sülhməramlıların fəaliyyəti: Əliyev bunu da gündəmə gətirə və atılmalı addımları təqdim edə bilər;

- Qanunsuz erməni silahlı dəstələr Rusiyanın sülhməramlı missiyasına da problemlər yaradır və çıxarılması həm 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası, həm də rus sülhməramlılarının missiyasına inam baxımından vacibdir;

- Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var;

- Azərbaycan güc tətbiq etmək istəmir, amma buna məcbur ola bilər;

- Rusiya Müdafiə Nazirliyinin Qarabağda atəşlə bağlı yaydığı məlumatın mətni qəbul edilə bilməz;

3. Sərhədlərin delimitasiyasi prosesi və rəsmiləşməsində Bakının istəyi: Rusiyanın təqdim etdiyi SSRİ xəritəsinə uyğun aparılan prosesdə Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də qaytarılmalıdır;

Putinin masaya gətirəcəyi mümkün istəkləri:

1. Rusiyanın Qarabağda gələcək mövcudluğuna təminatın verilməsi;

2. Separatçıların taleyinin müzakirə ediləcəyi istisna deyil: ruslar hansısa formada qalmasında maraqlıdır, Bakı qəti şəkildə qəbul etmir və mümkündür ki, Əliyev Moskvaya Rusiyanın bu mövqeyini neytrallaşdıracaq təkliflərlə gedir;

3. Kommunikasiyanın bərpası prosesində Rusiyanın Ermənistana çıxışını təmin edəcək nəqliyyat xəttinin daha tez açılması;

Bakı və Moskvanın gündəmində toqquşan məsələlərdən biri də məhz kommunikasiyanın bərpasındakı prioritetlərdir: ruslar Ermənistana çıxacaq marşrutu tezləşdirmək istəyir, Bakı Zəngəzur dəhlizinin gecikməməsinə çalışır;

- Əliyevin Moskva səfərindən öncə Overçuk Bakıya gəldi;

- Paşinyan İrəvanda Şarl Mişellə görüşdə Azərbayanı “Ermənistanı Rusiyaya çıxaracaq kommunikasiyanı açmamaqda” ittiham etdi;

- Əliyev Moskva səfərindən öncə Mişellə görüşdə “Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır” mesajını verdi və Zəngəzur dəhlizinin bütün region ölkələri üçün önəmini vurğuladı;

Bu, üç amil də kommunikasiyanın açılması prosesində toqquşan məqamların olmasından xəbər verir və istisna deyil ki, Əliyev-Putin görüşünün gündəmində əsas müzakirə mövzularından biri olacaq.

Bütün bunların fonunda Əliyevlə Putinin müzakirə edəcəyi məsələlərdən biri də Şuşa Bəyannaməsi və Türkiyənin bölgədə hərbi mövcudluğunun perspektivləridir: Azərbaycan prezidenti rusiyalı həmkarına bunun Rusiyanın əleyhinə olmadığını izah edəcək.

Ən mühüm detal Əliyevin səfərdən öncə Xankəndi, Xocalı və Xocavənd məsələsinə rəsmi şəkildə qərar verməsi, “Dağlıq Qarabağ” ifadəsini ləğv etməsidir. Bu, Moskva görüşünün nəticələrinə təsir edəcək amildir.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm