İlham Əliyev-Putin görüşünün nəticələri: Bakı və Moskva eyni mövqedədir - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev-Putin görüşünün nəticələri: Bakı və Moskva eyni mövqedədir - TƏHLİL

Prezident İlham Əliyevin Moskvaya səfəri və Putinlə görüşü Bakı-Moskva xəttində anlaşılmayan məsələnin olmadığını, ikitərəfli münasibətlərin səviyyəsini, xüsusilə regionda üçtərəfli razılaşmalarla bağlı eyni mövqeyin mövudluğunu təsdiqlədi.

Səfərdə ilk diqqətçəkən məqam liderlər arasında münasibətlərin səmimiliyi, şəxsi dostluğun olması idi. Bu, görüşün kadrlarından aydın görünür: Putin və İlham Əliyev köhnə dost kimi bayramlaşır və səmimi söhbət aparırdı. Misal üçün, Putin-Paşinyan görüşündə eyni atmosfer hiss olunmurdu.

Məlumdur ki, Prezident İlham Əliyevin Moskva səfəri üçtərəfli razılaşmaların icrasının praktiki tərəflərinin müzakirə edilməsi məqsədi daşıyırdı. Ermənistanda seçkilərdən sonra Nikol Paşinyanı qəbul edən Vladimir Putin ardınca Azərbaycan lideri ilə görüşdü. Görüş öncəsi proseslər və görüş zamanı sərgilənən mövqe Moskvanın İrəvandan fərqli olaraq, Bakını bərabərhüquqlu tərəfdaş kimi gördüyü fikrini önə çıxarır.

Birincisi, Paşinyanla görüşdən sonra Putin baş nazirin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuku Bakıya göndərdi. Bu, Moskvanın Bakını məlumatlandırmaq və müzakirə ediləcək məsələlərin gündəliyini razılaşdırmaq gedişi idi. Ermənistan rəhbərliyinə münasibətdə bunu görmək çətindir.

İkincisi, liderlər ictimaiyyətə açıq çıxışlarda daha çox ikitərəfli münasibətlərdən bəhs etdi, üçtərəfli razılaşmalarla bağlı məsələyə qısa olaraq toxundular: bu, üçtərəfli razılaşmalarla bağlı fikir ayrılığının olmaması, Moskva və Bakının eyni mövqedən çıxış etməsi, eləcə də ikitərəfli əlaqələrə xüsusi önəm verməsi deməkdir.

Üçüncüsü, Putinin İlham Əliyevə xoş münasibəti kadrlardan aydın şəkildə görünürdü.

Liderlərin çıxışı həm ikitərəfli münasibətlər, həm də üçtərəfli razılaşmalarla bağlı mühüm məqamları özündə ehtiva edir.

Prezident Vladimir Putin çıxışında ikitərəfli münasibətlərin səviyyəsi və gözlənilən addımların anonsu yer alırdı.

1. Koronavirus pandemiyası dövründə zəifləyən iqtisadi əlaqələr arzuolunan səviyyədə bərpa olunur;
2. Hökumətlərarası komissiya müxtəlif istiqamətlərdə fəal şəkildə işləyir;
3. Yaxın dövrdə Rusiyadan nüfuzlu nümayəndə heyəti Azərbayana gələcək: sənaye, infrastruktur, nəqliyyat və digər məsələlərlə bağlı mühüm işlər görüləcək;
4. Koronavirusa qarşı vaksinin Azərbaycan ərazisində birgə istehsalı üzərində iş aparılır: Rusiya istehsalı olan “Sputnik V” vaksininin dünyada COVİD-19-a qarşı mübarizədə əsas dərmanlardan biri olduğunu nəzərə alsaq, bu, Azərbaycanın maraqları baxımından xüsusilə əhəmiyyətlidir:

- Azərbaycanın vaksin ehtiyacı daha münasib qiymətə və tam şəkildə təmin olunacaq;
- Vaksinin digər ölkələrə ixracı Azərbaycandan da həyata keçiriləcək;
- Azərbaycan hökuməti ölkəmizdə istehsal olunan vaksini üçüncü ölkələrə, xüsusilə kasıb olanlara göndərmək imkanı qazanacaq ki, bu da ölkəmizin nüfuzun artması baxımından əhəmiyyətlidir;

Prezident İlham Əliyevin çıxışı da özündə mühüm məsələləri əhatə edirdi:

1. Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsi artmaqdadır;
3. Şimal-Cənub nəqliyyat dəhlizi geniş həcmdə işləyir və daşımalarda artım qeydə alınıb;
3. Dünyada çox ölkə “Sputnik V” vaksini istəsə də, Azərbaycan bunu alan ilk ölkələr sırasındadır və bu, iki ölkə liderinin dostluq münasibətlərindən qaynaqlanır;
4. Azərbayan və Rusiya arasında təhsil sahəsində də fəal əməkdaşlıq inkişaf edir;

Liderlər ikitərəfli münasibətlərlə yanaşı, 44 günlük müharibədən sonra regionda yaranmış reallıq və üçtərəfli razılaşmalarla bağlı da dəqiq mesajlar verdi.

Prezident Vladimir Putin Azərbaycan Prezidentinə regionda vəziyyətin nizamlanmasına verdiyi dəstəyə görə təşəkkür etdi. Qeyd etdi ki, kompromisli qərarlar tapılır. Bu, indiyə qədər prosesin öz axarında getdiyi və bundan sonra da belə davam etməsi üçün siyasi iradənin olduğundan xəbər verir.

Prezident İlham Əliyev Rusiya prezidentinə regionda vəziyyətin sabitləşməsinə verdiyi dəstəyə görə təşəkkür etdi və münaqişənin bitdiyi reallığını bir daha gündəmə gətirdi.

Azərbaycan lideri çıxışında iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi. Bu o deməkdir ki, Moskvada qapalı danışıqlarda da Qarabağ yox, münaqişədən sonrakı vəziyyət və razılaşmaların icrası müzakirə olunub.

“Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq” – Azərbaycan lideri bildirdi.


Artıq münaqişə keçmişdə qalıb və Moskva ilə Bakı bu məsələdə eyni mövqedədirlər. İki ölkə lideri Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Bu razılaşmanın ən mühüm tərəflərindən biri və region ölkələrinin hamısı üçün sərfəli olan bütün kommunikasiyaların bərpa edilməsidir. Və bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasının yaxın dövrdə reallaşaağı deməkdir. Hazırda dəhliz üzərində iş gedir və məlumatlara görə, avtomobil yolu bu ilin dekabrda başa çatacaq, ardınca dəmiryolunun çəkilməsi başlanacaq. Azərbaycan liderinin əsas tələblərindən biri də bütün kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin icra edilməsidir.

Prezidentin Moskva səfəri göstərir ki, üçtərəfli razılaşmaların icrası ilə bağlı Azərbaycan və Rusiya eyni mövqedədir. Bu, Ermənistanın problemlər yaratmaq imkanlarını da minimuma endirir.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm