Bizim Rusiyadan tək istəyimiz budur - Qabil Hüseynli
Bizi izləyin

Nida Təhlil

Bizim Rusiyadan tək istəyimiz budur - Qabil Hüseynli

Ermənistanda Rusiyanın 3 hərbi bazası var, yəni onların taleyi ruslardan asılıdır. Onların dövlət sərhədini rus qoşunları qoruyur. Ermənistanda fəaliyyət göstərən müəssisələrin çoxu Rusiyaya tabedir.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, mina xəritələrinin qaytarılmasıyla əlaqəli məsələ birbaşa Rusiya ila bağlıdır: “Ermənistan dövlətinin suverenliyi Rusiyadan asılıdır. Onlar istəsə mina xəritələrini ermənilərdən alıb bizə qaytara bilər. Mina xəritələrinin verilməməsi beynəlxalq konvensiyaların tələblərinə ziddir. Cenevrə Konvensiyası 1948-ci ildə qəbul olunub və bu konvensiyaya görə müharibə bitdikdən sonra tərəflər tutduqları əsirləri geri qaytarmalı, minalanmış ərazilərin xəritəsini qaytarmalıdır. Biz nə Ermənistanın torpağını işğal etmişik, nə də onların ərazilərinə mina yerləşdirmişik. Amma ermənilər Qarabağın hər yerini minalayıblar. Son zamanlar həmin xəritələrin nəyinsə qarşılığında qaytarılması söhbətləri gedir. İndiyə qədər terrorçuların qaytarılması qarşılığında 3 rayonun mina xəritələrini əldə etmişik. Bu işlərə razılıq verən qüvvə özünü göstərmir. Amma təxmin etmək mümkündür ki, bütün bu məsələlərin arxasında Rusiya var. Rusiya əgər beynəlxalq konvensiyalara və hüquq normalarına sadiqdirsə, bu xəritələrin Azərbaycana qaytarılmasına xüsusi diqqət yetirməlidir”.

Q.Hüseynli vurğulayıb ki, bu məsələlərin hamısını Prezident İlham Əliyev Vladimir Putinlə müzakirə edib: “Ermənistan dövləti hər zamankı kimi sülh danışıqlarından və digər məsələlərdən boyun qaçırır. Bizim üçün ən əhəmiyyətli mövzulardan biri mina xəritələrinin verilməsidir. Çünki biz o əraziləri abadlaşdırmaq və vətəndaşlarımızı o torpaqlara geri qaytarmaq istəyirik. O bölgələrdə tikinti işləri sürətlə aparılır və gələn ilin yanvar ayından vətəndaşlarımız Zəngilana qayıdacaqlar. Füzuli rayonunda hava limanının tikintisi sentyabr ayında başa çatmalıdır. Yəni bizə bu ərazilərin minadan təmizlənməsi və orada təhlükəsizliyin təmin edilməsi lazımdır ki, əhalini oraya rahat şəkildə köçürə bilək. ANAMA təşkilatının fəaliyyəti və Türkiyədən gətirilmiş texnikalar vasitəsilə ərazilərimizi minalardan təmizləyirik. Bir sözlə, ölkə rəhbərliyi bu istiqamətdə ciddi fəaliyyət göstərir. Amma Ermənistan rəhbərliyinin qeyri-humanist hərəkətləri hər kəsi dəhşətə gətirir. Bizim Rusiyadan tək istəyimiz işğalçı dövlətdən mina xəritələrinin alınmasıdır”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm