• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Paşinyanla Putin arasında telefon danışığı: Minsk qrupunun adını kim çəkib?

Paşinyanla Putin arasında telefon danışığı: Minsk qrupunun adını kim çəkib?

Xəbər verildiyi kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Bu telefon danışığı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya qısa işgüzar səfərindən sonra gözlənilən idi, çünki 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının yerinə yetirilməsi məsələləri ilə bağlı Rusiya tərəfinin iştirakı ilə müzakirələr aparılır.

Lakin belə görünür ki, Ermənistan baş nazirinin mətbuat xidməti yenə də Paşinyanın Putinlə telefon danışığı barədə yaydığı məlumatda erməni tərəfinə sərf edən cümlələr işlədib. Hansı ki, Kremlin yaydığı məlumatda belə cümlələr yer almır.

Telefon danışığı barədə əvvəlcə erməni tərəfi məlumat yayıb, amma telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu dəqiqləşdirilməyib. Məlumatda bildirilir ki, tərəflər “qarşılıqlı maraq doğuran və regional məsələlərin geniş çevrəsini” detallı şəkildə müzakirə ediblər.

10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələləri, o cümlədən əsirlərin qaytarılması və regionda yolların fəaliyyətinin bərpası müzakirə olunub”,-məlumatda deyilir.

Daha sonra bildirilir ki, “regionda yaranmış situasiya” kontekstində Nikol Paşinyan Rusiyanın sülhün və stabilliyin təmin edilməsində mühüm rolunu qeyd edib. “Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd ediblər”, - daha sonra məlumatda deyilir.

İndi isə Kremlin rəsmi məlumatına nəzər salaq. Orada dəqiqləşdirilir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı Rusiya ilə Ermənistan arasında ticarət, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın aktual məsələləri müzakirə olunub. “Dağlıq Qarabağ ətrafında situasiya müzakirə edilib. Habelə regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası mövzusuna toxunulub. Müxtəlif səviyyələrdə sonrakı təmaslar barədə fikir mübadiləsi aparılıb”,-Kreml bildirir.

Yəni Rusiya tərəfinin yaydığı məlumatda “Minsk qrupunun fəaliyyətinin əhəmiyyəti” barədə heç nə deyilmir, hansı ki, protokol qaydaları tərəflərin qarşılıqlı önəm verdiyi məsələlərin telefon danışıqlarına dair rəsmi məlumatda əks olunmasını tələb edirdi.

İndiki halda belə qənaət yaranır: ya telefon danışığı zamanı Minsk qrupunun fəaliyyətinin bərpası barədə ümumiyyətlə söhbət getməyib və Paşinyanın mətbuat xidməti bu məqamı uydurub. Ya da telefon söhbəti zamanı Paşinyan Minsk qrupunun fəaliyyətinin bərpasının zəruriliyi məsələsini qaldırıb, amma Putin buna reaksiya və ya önəm verməyib.

Bundan əvvəl erməni mediası Paşinyanın bir sıra xarici ölkə liderləri, o cümlədən Putinlə telefon danışıqlarına dair qarşı tərəfin yaydığı məlumatdan kəskin fərqlənən məlumatlar yaydığını xatırlatmışdı. Və qeyd olunmuşdu ki, Paşinyan xarici liderlərlə telefon danışıqları zamanı məlumatlar yayanda orada özünə sərf edən ifadələrə yer verir.

Minsk qrupunun fəaliyyətinə gəldikdə isə, bəlli olduğu kimi Azərbaycan münaqişənin başa çatdığını, status məsələsinin bitdiyini nəzərə alaraq artıq həmsədrlərin əvvəlki formatda fəaliyyətinə ehtiyac duymur. Minsk qrupunun ancaq münaqişəsonrası proseslərdə rol oynaya biləcəyini mümkün sayır. Ermənistan və iki həmsədr (ABŞ və Fransa) isə vaxtaşırı olaraq “Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsinin zərurəti” barədə bəyanatlar səsləndirirlər. (virtualaz.org)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR