Azərbaycan möhtəşəm dövlət kimi dünyaya səs salır
Bizi izləyin

Nida Təhlil

Azərbaycan möhtəşəm dövlət kimi dünyaya səs salır

Son günlərdə Prezident İlham Əliyevin iştirakı ilə bir çox görüşlər, tədbirlər keçirilib, müxtəlif səviyyəli danışıqlar aparılıb. Bu görüşlərin əsas məğzi postmüharibə dövründə regionda yaranmış geosiyasi reallığın əməli müstəviyə keçməsi prosesi, bu prosesin mexanizmlərinin işlənib hazırlanmasıdır. Azərbaycan Prezidenti keçirdiyi görüşlərində həm daxili, həm də xarici auditoriyaya yönəlik mühüm açıqlamalar verərək ölkəmizin bu proseslərə münasibətini, regional təhlükəsizliklə bağlı mövqeyini ortaya qoyur. Gəlin, bir anlıq geriyə qayıdaq, 44 günlük müharibədən əvvəlki və sonrakı prosesləri xatırlayaq. Bu müddət ərzində nə baş verdi, hansı hadisələr regionun xəritəsini, reallıqlarını dəyişdi.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə başa vurdu: “Ermənilərin yaratdıqları mif dağıldı, onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı. İkinci Qarabağ müharibəsi iki ordunun, iki cəmiyyətin nə qədər fərqli dəyərlərin daşıyıcıları olduğunu da nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın yüksək təchizatlı Ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş Ali Siyasi İradə var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı: “İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir”.

Deputat bildirib ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu: “Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat ölkəmizə maksimum sərf edən sənəddir. Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktı imzaladı. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də ifadə olmadı. Qarabağa heç bir status, inzibati muxtariyyət verilmədi. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qantökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və Bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsini təsdiqlədi. Bəyanata uyğun olaraq Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın bölgələrindəki işğalçı qoşunlarını dağlıq və keçilməsi çətin olan, istehkam-sığınacaq sahələri yaradılmış ərazilərdən təxliyə edilməsi ilə Azərbaycan böyük insani-humanitar itkilərin qarşısını alaraq, bu bölgələri əlavə qan tökmədən, diplomatik qələbə hesabına geri qaytardı”.

Ə.Ağazadə bir məsələyə xüsusi diqqət yetirib: “Müharibə göstərdi ki, Azərbaycan xalqı böyük, vətənpərvər və dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının, şəhidlərimizin də qisası alındı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Vaxtilə Xalq Cümhuriyyətinin elan olunması, Bakının xilas edilməsi ilə tarix səhnəsinə yeni bir siyasi etnos kimi daxil olmuşduqsa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm