Rus qoşunları sərhədə gəlir: Bakının strateji manevrləri - TƏHLİL/VİDEO
Bizi izləyin

Nida Təhlil

Rus qoşunları sərhədə gəlir: Bakının strateji manevrləri - TƏHLİL/VİDEO

Video əlavə olunub.

xxx

Putin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sərhədində baş verənləri müzakirə etdi: Moskvanın Bakı və İrəvan arasında atəşkəsə nail olduqdan dərhal sonra TŞ-nin iclasını keçirməsi Rusiya qoşunlarının Kəlbəcər istiqamətində (Zoddan Xəzinəvara qədər) yerləşdirilməsinə hazırlıq getdiyi ehtimalını önə çıxarır və yaxın günlərdə bunun şahidi ola bilərik.

Bu, proseslərin inkişafını təxmin etməyə imkan verir:

- rus qoşunları bölgəyə yerləşdirildikdən sonra tərəflər olduqları mövqelərdə qalır;
- sərhədin Kəlbəcər istiqamətində delimitasiya həyata keçirilir, ardınca müqavilə ilə rəsmiləşir;
- Moskva Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçilər”in – ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alır;
- Bakı dövlət sərhədini de-fakto və de-yure bərpa edir: bu, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir;


Açıq qalan sual var: Rusiya sərhəddə dayanmaq istəyi nədən qaynaqlanır?

Bu ilin mayında Lavrovun bölgəyə səfəri, ardınca Qaragöl ətrafında bu gün də davam edən gərginliyin başlanması zamanı yazmışdıq: Rusiyaya bölgədə qalmaq üçün uzunmüddətli səbəb lazımdır.

- Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər;
- Moskva anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır;
- Moskva onu da anlayır ki, geosiyasi dəyişiklikdə Azərbaycan güclü olan tərəfdədir və Bakı-Ankara ikilisi ilə toqquşmaq yox, əməkdaşlıqda fayda var, bu, həm də bölgədə maraqlarını qorumaq baxımından əhəmiyyətlidir;


Və qoşunlarını iki ölkənin sərhədinə çıxarmaqla iki hədəfə nail olur: Ermənistanın əlindən çıxması riskinin qarşısını alır: ruslar üçün Ermənistanda Qərb yox, kommunikasiyanın bərpası, sərhədlərin açılmasından sonra Türkiyə faktoru daha təhlükəlidir; bölgədə uzunmüddətli təsir rıçağı əldə edir;

Rusiya qazanan tərəfdir, amma Bakı hansı manevrləri edir?

1. Rusiyanın əli ilə Ermənistan üçün yeni imkanlar aça biləcək “beynəlxalq müşahidəçi” planını sıradan çıxarır;
2. Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyasını həyata keçirir;
3. Rusiyaya bölgədə uzunmüddətli imkanlar açmaqla zamanı çatanda Qarabağdan – Azərbaycanın sərhədləri daxilindən çıxmasına zəmin yaradır;
4. Gərginliyi Azərbaycan daxilindən Ermənistan daxilinə köçürür;


Və belə görünür ki, Əliyevlə Putin anlaşa bilib. Əliyevin Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmi şəkildə bitirən fərmanı imzaladıqdan sonra Moskvaya getməsi və ardınca baş verənlər də bu ehtimalı gücləndirir.

Bakı Moskvaya tam güvənməyin də yanlış olduğunu bilir və Türkiyə faktorunun oyuna daxil edilməsi həm Qarabağda, həm də sərhəddə mümkün risklərə qarşı hesablanıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm