Polisə qarşı hücumun təhlükəli hədəfləri: məişət hadisəsindən niyə istifadə edirlər?
Bizi izləyin

Nida Təhlil

Polisə qarşı hücumun təhlükəli hədəfləri: məişət hadisəsindən niyə istifadə edirlər?

“Hər kəsin polisi öz vicdanıdır, polis vicdanı olmayanlara qarşıdır”.

Sosial şəbəkələr üzərindən Azərbaycan polisinə qarşı hücumlar fonunda bu məşhur fraza yada düşür.


Doğrudanmı, bütün hadisələrin – məişət zəminində baş verənlərdən tutmuş ölkə miqyaslı olanlarına qədər – səbəbi polisin fəaliyyətindənmi qaynaqlanır? Yaxud bir ailədə baş verən acınacaqlı hadisəyə, ailədaxili münaqişələrə və ya iki insan arasındakı anlaşılmazlığa görə günahkar polisdir?

Gəlin, vidanımızın polisi olaq və etiraf edək ki, üzləşdiyimiz istənilən qanunsuzluqda, yaxud qanunsuz hesab etdiyimiz hadisələrdə ilk müraciət etdiyimiz ünvandır polis, hətta sosial şəbəkələrdə ya art niyyətinə, ya kütlədən geri qalmamaq istəyinə, ya da trend olmaq naminə polisi hədəfə alanlarımız da daxil.

Etiraf edək ki, 100 il öncə Xalq Cümhuriyyəti dövründən başlayaraq, indiyə qədər xalqın təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayan Azərbaycan polisi 100 il ərzində ölkədə müxtəlif hakimiyyətlərin olmasına baxmayaraq, öz vəzifəsini yerinə yetirir. Hüquq-mühafizə orqanları üçün hakimiyyət yox, dövlət var və nə olmasından asılı olmayaraq, ictimai asayişin təmin edilməsi və vətəndaşın təhlükəsizliyini onun əsas vəzifəsidir.

Qarabağda ön cəbhədə də polislərimiz var idi, arxa cəbhədə də. İctimai asayişi qorumaq üçün gecə-gündüz xidmət edən, düşmən orsusuna qarşı döyüşdə iştirak edən, qatı cinayətkarlara qarşı mübarizə aparan, silahlı dəstələrlə vuruşan da onlardır. 90-cı illərdə qaranlıq düşən kimi evlərinə tələsən insanlar bu gün günün istənilən saatında küçədə təhlükəsiz şəraitdə gəzə bilirlər. Ölkədə cinayətkarlığın sayı minimuma düşüb. Oğurluqla qarşılaşandan burnu qanayana qədər bütün vətəndaşlar ilk olaraq polisə müraciət edir, küçədə qalanın ilk yardımına polis yetişir, qapısı açılmayana ilk polis kömək edir, yolu keçmək istəyənin qolundan yenə polis tutur.

Məişət zəminində baş verən hadisədən polisə qarşı hücum kampaniyasının təşkil edilməsi cəmiyyətin onu qoruyan hüquq-mühafizə orqanlarını qorumaq zərurətini yenidən aktuallaşdırdı. Çünki kampaniya hadisə qədər məişət deyil və arxasındakı art niyyətlər bəllidir.

Əvvəlcə hadisəyə baxaq. Ailə zəminində baş verən münaqişə nəticəsində ər arvadını qətlə yetirib. Qətlin hüquqi qiyməti bəllidir, amma bu hadisəyə görə polisi günahlandırmaq nə qədər məntiqlidir?

Azərbaycanda, elə dünyanın hər yerində ailə münaqişələri, məişət problemləri yaşanır və bir çox hallarda bu hadisələr cinayətlə yekunlaşır. Bütün dünyada olduğu kimi Azərbaycanda da hüquq-mühafizə orqanlarının vəzifəsi qanunu qorumaq, qanunsuzluğun qarşısını almaq, baş vermiş hadisələrə hüquqi qiymətin verilməsini təmin etməkdir. Amma dünyanın heç bir yerində hər evdə bir polis olmur ki, ailə münaqişəsinə müdaxilə etsin, yaxud barışığa nail olsun. Bunu Azərbaycan polisindən tələb etmək ən yaxşı halda məntiqsizlik, ən pis halda isə art niyyətdən qaynaqlanır.

Əslində məsələnin arxasında art niyyət aydın görünür. Son dövrlər Azərbaycan polisinə qarşı xüsusilə sosial şəbəkələr üzərindən hücumlar müşahidə olunur. Bu, təsadüfdürmü, xüsusilə Vətən müharibəsindən sonra?!

Azərbaycan Vətən müharibəsində qalib gəldi və təkcə Ermənistanı yox, bir çox beynəlxalq oyunçunu ofsayt vəziyyətinə saldı. İndi ölkəmizin qarşısında dayanan da məğlub Ermənistan yox, həm də onunla eyni cəbhədə duranlardır. Bu qüvvələrin hədəfləri nədir?

Birincisi, Azərbaycan daxilində sabitliyi pozmaq, cəmiyyətlə onun təhlükəsizliyini qoruyan polis arasında uçurum yaratmaq;

İkincisi, Azərbaycanı dünyada təhlükəli ölkə kimi göstərmək;

Üçüncüsü, qadınların hüquqlarının qorunmadığı ölkə imicini yaratmaq;


Ölkə daxilində polisə qarşı aparılan kampaniyanın təşkilatçılarının donor şəbəkəsinə bağlı olduğu da bunu aydın şəkildə göstərir.

Gəlin, öz vicdanımızın polisi olaq və bizi qoruyan polisləri biz də qoruyaq. Əks halda öz təhlükəsizliyimiz təhlükə altına düşə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm