Bu, dünya mediasının manşetinə düşdü - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, dünya mediasının manşetinə düşdü - Deputat

Azərbaycan son yanğınlarda Türkiyənin yanında oldu. Özü də bütün varlığı ilə. Türkiyənin ağciyərlərinin yandığı zamanda Azərbaycan qan qardaşına yardıma qaçdı. Yanğınsöndürənlərini göndərdi. Digər yardımlar da yolladı. Bütün Azərbaycan xalqı Türkiyədəki qardaşları ilə nəfəs aldı, nəfəs verdi. Hətta digər ölkələrin nüfuzlu şəxsləri, siyasətçiləri də dünyada bu cür qardaşlıq, dostluq nümunələrinin olmadığını ifadə edirlər. Təbii ki, söhbət dövlətlərarası dostluq nümunələrindən gedir.

Millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında söyləyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyanın çox nadir ölkələri arasında ola bilər:

"Çünki Türkiyə və Azərbaycan arasındakı münasibətlər Ümummilli liderlərimizin "Bir millət, iki dövlət" və "Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir" məşhur kəlamları üzərində qurulub. Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra bu münasibətlər inkişaf edib, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində ayrılmaz bağlarla sarsılmaz və əbədi olub. Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə Türkiyə bütün beynəlxalq platformalarda bu məsələni özünün problemi kimi təqdim edib. 44 günlük Vətən müharibəsi dövründə də birbaşa mənəvi-siyasi dəstək göstərən Türkiyə "Can Azərbaycan"ın yanında olacağını bəyan etməklə ölkəmizə gözlənilən beynəlxalq təzyiqləri və müdaxilələri neytrallaşdırıb. Müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliyin təmin edilməsində, yenidən qurulma və bərpasında Türkiyə yanımızdadır və yaxından iştirak edir. Prezident Ərdoğanın Şuşaya səfəri və Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkənin bir mövqedən çıxış etməsinin və əsl qardaşlığın bəyanıdır".

Deputat Türkiyədəki meşə yanğınlarından da danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev Prezident Ərdoğanla dərhal əlaqə saxlayaraq baş vermiş hadisələrdən kədərləndiyimizi bildirməklə insan ölümü ilə bağlı xalqımızın və şəxsən özünün adından başsağlığı verib:

"Ölkə başçısı qardaş ölkə fəlakətlə qarşılaşdığına görə müvafiq quruma dərhal yardım göstərilməsi üçün tapşırıq verib. FHN-in yanğınsöndürmə dəstələri, ixtisaslaşmış texnikaları, o cümlədən amfibiya təyyarələri, helikopterlər Türkiyənin yanğın bölgələrinə göndərilib. Azərbaycanın yanğınsöndürənləri Türkiyədə yanğınsöndürmə əməliyyatlarında fədakarlıq göstərirlər. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan yanğınsöndürənlərimizin qəhrəmanlıqlarını xüsusilə qeyd edərək ölkəmizə təşəkkürünü bildirib. Yanğınsöndürmə əməliyyatları zamanı həm də yaddaqalan təsirli anlar olub. Məsələn, yanğınsöndürənimizin yanğın ərazisindəki binalardan Türkiyə bayrağını çıxararaq "Bu bayraq bizim bayrağımızdır, yanmağa qoymarıq" deməsi beynəlxalq mətbuatın manşetinə çevrildi. Qardaş Türkiyənin qarşılaşdığı bu çətinliyi Azərbaycan öz problemi kimi qəbul edib. Yanğınsöndürmə işlərinin sonuna qədər, o cümlədən yanğından sonrakı fəsadların aradan qaldırılması prosesində də Türkiyənin yanında olacağıq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm