Azadlığımızın 30 illiyinə QIZIL TÖHFƏMİZ: AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ
Bizi izləyin

Nida Təhlil

Azadlığımızın 30 illiyinə QIZIL TÖHFƏMİZ: AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ

6.3.9. azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir;

Hər bir ölkənin müstəqillik qazanması qədər onu ayaqda saxlayan və vətəndaşlarını vahid bayraq, dövlət altında birləşdirən bir ideoloji sütuna ehtiyac duyulur. Dünyada elan olunan bir çox dövlətlər belə bir sağlam ideologiyanın olmaması səbəbi ilə zamanın çarxında dönməyi bacarmayıb və öz müstəqilliyini itirib. Azərbaycanın isə bu sarıdan bəxti gətirib. Heç şübhəsiz ki, bir əsrdə iki dəfə müstəqillik qazanan bir dövlətin sağlam ideoloji əsasları olmadan onu qoruyub saxlamaq qeyri-mümkün olardı. Azərbaycançılıq ideologiyası da məhz bu baxımdan dövlətçiliyimizin dayağı oldu. Eyni zamanda, onun sağlam sütunlar üzərində bərqərar olmasının əsas zəminidir.

Bu il Azərbaycanın müstəqilliyinin 30 yaşı tamam olur. Şübhəsiz ki, müstəqilliyimizin 30-cu ildönümünə xalq olaraq QIZIL TÖHFƏMİZ elə Azərbaycançılıq ideologiyasıdır. Bu ideoloji xətt 30 ildir ki, bizi zirvələrdən zirvələrə, uğurlardan uğurlara aparır. Bu xəttin sayəsində biz müstəqilliyimizi qazanmışıq, sovet imperiyasına meydan oxumuşuq. Separatizmə qarşı sağlam duruş sərgiləmişik. Eyni zamanda, 2016-cı ilin aprel döyüşlərində çoxmillətli Azərbaycan xalqı düşmənə ilk zərbələrini vuraraq, onu ağır məğlubiyyətə uğratdı. 44 günlük müqəddəs Vətən Müharibəsində isə xalqımız dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə vurdu və 30 illik işğala son qoyaraq Qarabağ münaqişəsini tarixə qovuşdurdu.

Millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycançılıq ideologiyası əsrlərlə yaranmış və Azərbaycan xalqının dayanıqlı olmasında, özünün dəyərlərinin qorunmasında böyük rol oynayıb. Deputatın fikrincə, bu ideologiya zaman-zaman formalaşma mərhələrindən keçib:

“Ona yeni elementlər daxil olub. Onun çox görkəmli daşıyıcıları öz dövrünün Azərbaycanlı ulduzlarıdır. Azərbaycançılığın bir üstünlüyü də var ki, bu qatı millətçilik deyil. Bu ideologiya Azərbaycanda yaşayan, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın Azərbaycan üçün töhfə verəcəyi, Azərbaycana bağlılığını göstərəcək bir ideologiyadır. Eyni zamanda, 1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarına iddialarının yeni mərhələsi başlayanda məhz azərbaycançılıq ideologiyası bizə qəti mübarizəmizdə kömək etdi. Bu ideologiyanın müstəqilliyimizin qazanılmasında köməyi və rolu böyükdür”.

Deputatın fikrincə, Azərbaycançılıq birinci Qarabağ müharibəsində igidlərimizin qəhrəmanlığında kömək oldu:

“Aydın məsələsindir ki, Vətən Müharibəsində də “Öncə vətən!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar da bu ideologiyanın əsaslarını təşkil edir. Azərbaycançılıq həm dəyərlərimizdir, həm bu günümüzdür, müasirliyimizdir, eyni zamanda, sabaha gedən yolumuzdur. Bu gün Azərbaycan öz müstəqilliyini quraraq böyük uğurlar qazanır. Bu, həmişəyaşar, daima yenilənən, günün tələblərinə cavab verən çox möhtəşəm bir ideologiyadır. Eyni zamanda, hərəkatdır. Hesab edirəm ki, bunun mexanizmi hər bir ölkə, hər bir xalq üçün yararlıdır. Bundan sonra da azərbaycançılıq ideologiyası dövlətçiliyimizə kömək edəcək”.

Bir sözlə, Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Eyni zamanda, bu ideologiya xalqın yadellilərə və bizi istəməyənlərə qarşı MÜHAFİZƏ ZİREHİDİR.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı.

Millət vəkili, professor Anar İsgəndərli bildib ki, 20-ci əsrin əvvəllərinə qədər Azərbaycanın demokratik düşüncəli ziyalıları, maarifçilərimiz biz kimik və biz nə istəyirik suallarına cavab axtarırdılar:

“Bu qayğı ətrafında düşünürdülər. 19-cu əsrin əvvəllərindən Şimali Azərbaycan xanlıqları Azərbaycan tərəfindən işğal edildikdən sonra Azərbaycanın maarifçiləri qarşılarına məqsəd qoymuşdular ki, nəyin bahasına olursa olsun, insanları maarifləndirsinlər. Savad işıqdır, ziyadır. Onlar Azərbaycan, türk dilində məktəblər yaratmaq uğrunda mübarizəyə başladılar. Yəni, siyasi hakimiyyəti olmayan bir xalq, ziyalılaımız bütün gücü ilə - onu da deyim ki, həmin dövrdə gücümüz də çox az idi – buna çalışırdı. Müəyyən bir dövr ərzində əsarətdə olduğuna görə xalqımız çox şeyə nail ola bilmədi. Amma 20-ci əsrin əvvəlləri üçün birinci rus inqilabı, İran Məşrutə Hərəkatı, Türkiyədəki Gənc Türklər Hərəkatı Azərbaycandakı aydınlara da imkan verdi ki, onlar onlar da nə isə daşınıb-düşünsünlər. Xalqa bir işıq yolu seçmək üçün əsas yolun islamın, müsəlmançılığın olmadığı qənaətinə gəldilər. Əslində o dövrdə bismillah deyib bir-birini öldürənlər də müsəlmanlar idi. Digər tərəfdən, həmin yol heç türkçülük yolu da deyildi. Əslində 16-cı əsrin əvvəllərindən imperiyaya çevrilən Osmalının da əvvəlki gücü qalmamışdı. O da bir ideologiya kimi özünü doğrulda bilmədi. Bu mənada cümhuriyyətə qədərki ən ağır hadisə ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı idi. Bu soyqırımı Azərbaycan aydınlarına anlatdı ki, şimaldan heç bir zaman isti külək gələ bilməz. Yəni, bu xalqın taleyini şimalla bağlamaq olmaz”.

Deputat söyləyib ki, bu xalq öz ümidini gələcəkdə ona kömək edə biləcək dövlətə bağlamalı idi:

“Doğrudan da Azərbaycan aydınları öz ümidlərini osmanlıya bağladılar. Mart soyqırımından sonra elan olunan cümhuriyyətin əvvəzsiz xidmətləri oldu. Bunun da bariz nümunəsi Qafqaz-İslam ordusunun Azərbaycanın xilaskarlıq yürüşündə fəal iştirakı idi. 15 sentyabrda Bakı işğalçılardan azad oldu. Bundan sonra cümhuriyyət ilk əvvəl ölkəni Azərbaycan adlandırdı, dilimizi Azərbaycan türk dili kimi tanımladı. Yavaş-yavaş Azərbaycançılıq idologiyasını ölkənin bütün nöqtələrində yaymağa başladı. Nə üçün? Bu hamımıza gün kimi aydındır. Bunu qəbul etməyənlər olar, amma bu onların problemidir. Çünki burada yalnız türk kökənli xalqlar yaşamır. Azərbaycan adı altında min illərdir bu torpaqların sahibi olan qeyri-türklər də yaşayır. Bu mənada azərbaycançılıq ideologiyası xalqları vahid bir ideologiya ətrafında birləşdirməli idi. Qısa müddət ərzində cümhuriyyət bu istiqamətdə xeyli işlər gördü. Amma zaman imkan vermədi. Sonrakı 70 illik dönəmdə böyük sovet xalqı ifadəsi var idi. Azərbaycan xalqı, Azərbaycançılıq ifadəsi yox idi. Azərbaycan xalqının dini, milli dəyərləri unutdurulmağa çalışılırdı. Xalqımızın min illər ərzindəki dəyərləri də yox idi. Tək biz yox, sovet Rusiyasının işğalı altındakı olan xalqlar da bu mənada itirdilər. Amma Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra və Qarabağ uğrunda ilk döyüşlər başlananda ölkəmizdə yaşayan xalqlar vahid bir güc kimi hərəkət etdilər. Qəhrəmanlıq göstərdilər, şəhid oldular. Amma həmin dövrdəki hakimiyyətin siyasi uğursuz oldu. Dövlət dilinin türk dili elan olunması, türkün türkdən başqa dostu yoxdur-şüarları ilə hərəkət etməsi Azərbaycanı parçalamaq həddinə gətirib çıxardı”.

Millət vəkilinin fikrincə, xoşbəxtlikdən 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi və ümummilli liderin azərbaycançılıq ideologiyasının lideri kimi bu istiqamətdə gördüyü işlər şəksizdir, əvəzsizdir:

“Doğrudan da bu istiqamətdə uğurlu işlərimiz oldu. Dövlətin siyasətində azərbaycançılıq hakim ideologiya kimi ortalığa atıldı. Hətta Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində də azərbaycançılıq qırmızı bir xətt kimi keçirdi. Təbii ki, Heydər Əliyevin siyasətinin nəticəsi idi ki, Azərbaycanın bütün bölgələrində xalqımız ümumi düşmənə qarşı birləşə bildi. Qarabağın işğaldan azad edilməsi üçün bu ideologiya ətrafında Azərbaycan xalqını birləşdirmək mümkün oldu. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Nəhayət 2016-cı ilin aprel döyüşləri buna əyani sübutdur. Həmin döyüşlərdə Azərbaycanın bütün bölgələrindən olan əsgər və zabitlərimiz öz qəhrəmanlıqlarını göstərdilər. Şəhidlər hansısa bölgədən deyil, Azərbaycanın şəhididir. Torpaq hansısa bölgənin deyil, Azərbaycan torpağıdır. Ən nəhayət, 44 günlük müharibədə xalqımız dövlət başçımızın təbirincə desək, dəmir yumruq kimi birləşə bildi. Xalqı dəmir yumruq kimi birləşdirən isə Ali Baş Komandanımız İlham Əliyev cənabları oldu. Mən Şuşaya səfər edən bir şahid kimi deyirəm, Şuşanın hər daşında, divarında Azərbaycanın bütün bölgələrindən olan insanların adları, kəndlərin, qəsəbələrin isimləri var idi. Həmin yazılar hələ də qalır. Qarabağın azad olunmasında bütün Azərbaycan iştirak edib. Bax, Azərbaycançılıq ideologiyasının qələbəsi, uğuru budur. Azərbaycançılıq hakim ideologiya kimi bütün Azərbaycanı birləşdirib. Bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 30 ili tamam olur. Mənə elə gəlir ki, bu 30 ilə ən böyük töhfəmiz Azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya Azərbaycan xalqı üçün hər şeydir”.

Bu məqamda bir məsələni də vurğulamaq yerinə düşər; Yəni, bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir.

Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.

Tural Turan

Yazı Azərbaycanın Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm