Bakının region ölkələrindən gözləntiləri: Moskva və Tehran nə etməlidir? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Bakının region ölkələrindən gözləntiləri: Moskva və Tehran nə etməlidir? - TƏHLİL

Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində region ölkələri, xüsusilə Rusiya və İranla bağlı önəmli fikirlər səsləndirdi və Azərbaycanın gözləntilərini açıqladı.

Niyə Rusiya?


Rusiya Qarabağ münaqişəsinin həlli və regionda sülhün əldə edilməsi üçün imzalanan üçtərəfli bəynatların vasitəçisidir. Bununla yanaşı, razılaşmaların altında Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzası var. Bu razılaşmaya əsasən Rusiya sülhməramlıları müvvəqqəti olaraq Qarabağa dislokasiya olunub: bölgədə təhlükəsizliyi təmin etməli, razılaşmların icrasına nəzarət etməli və birgəyaşayışı həyata keçirməlidir.

Lakin faktlar sübut edir ki, Rusiya imza atdığı həmişə üçtərəfli razılaşmalara və sülhməramlı missiyasına adekvat fəaliyyət göstərmir: erməni qoşunlarının hələ də bölgədə olması, Ermənistandan yeni əsgərlərin Qarabağa göndərilməsi, Şuşa da daxil olmaqla müxtəlif istiqamətlərdə törədilən təxribatlar bunun nümunəsidir.

Bununla yanaşı, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyəti müşahidə olunur. Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Moskvaya səfəri zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ona qılınc hədiyyə etdi və qeyd etdi ki, “Ermənistana silah tədarükü başlanmışdır”.

Suallar yaranır: Bölgədə sülh əldə olunub, regional kommunikasiyaların bərpası istiqamətində iş aparılır, Rusiya Ermənistanı niyə yenidən silahlandırır? Ermənistanda son seçkilərin nəticələri göstərdi ki, erməni xalqı müharibə istəmir və məhz buna görə müharibədə məğlub olmasına baxmayaraq, Paşinyana səs verdi, o zaman, Moskva İrəvana niyə silah göndərmək istəyir?

Bu, Rusiyanın regionda uzunmüddətli sülhün əldə edilməsi mövqeyini də suallar altına salır.

Niyə İran?

İranın Laçın dəhlizindən keçərək, Xankəndinə yüklər daşıdığı faktları var. Əvvəl açıq nömrələrlə daşımanı həyata keçirən İran faktın təsbit edilməsindən sonra fərqli yola əl atdı: yük daşıyan İran TIR-larının nömrə nişanları erməni nömrə nişanları ilə gizlədildi. Bununla yanaşı, İranın keçmiş hökuməti “Ermənistan sərhədlərini özünün qırmızı xətti” elan etməklə Azərbaycanın ədalətli mövqeyinə qarşı çıxdı və işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkən, beləliklə, sərhədləri də işğal edən Ermənistana dəstək ifadə etdi.

Bütün bunlar İranın da regional sülhlə bağlı açıqlamalarına ziddiyyət təşkil edir və suallar yaradır: Tehranın rəsmi bəyanatları ilə əməlləri niyə uyğun gəlmir?

Faktlar Azərbaycanın regiona ölkələrindən gözləntisini artırır və Prezident İlham Əliyev müsahibəsində bu gözləntiləri açıq şəkildə dilə gətirdi.

Rusiyadan gözləntilər:

1. Azərbaycan 10 noyabr bəyanatının bütün müddəalarının icrasını gözləyir: Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin məlum bəyanatlarından sonra Prezidentin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması söhbətin məhz 4-cü bəndin – erməni qoşunların çıxarılması – icrasından getdiyini deməyə əsas verir; Rusiya imza atdığı razılaşmanın icrasını həyata keçirməlidir;

2. Bakı Rusiyanın Ermənistanı silahlandırmasından narahatdır: Prezident Ermənistanda son seçkinin nəticələrinə toxunmaqla Moskvaya bildirir ki, “ermənilərin özləri belə müharibə istəmədiyi halda, siz niyə bu ölkəni silahlandırırsınız?”;

3. Azərbayan Rusiyadan Ermənistanı yenidən silahlandırması ilə bağlı cavab gözləyir;

Moskva Bakının narahatlığını nəzərə almalıdır, əks təqdirdə, özünün vasitəçilik missiyası, eləcə də Qarabağdakı sülhməramlı fəaliyyəti risk altına düşəcək. Və Moskva anlamlıdır ki, o, hazırda bölgədə əsas güc olan və Rusiyanın maraqlarına təhlükə yaratmayan yeganə ölkəni – Azərbaycanı da itirə bilər.

Prezident İlham Əliyevin “görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq, ona görə ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq” deməklə həm də ruslara mesaj verirdi: Bakı yeni müharibəyə hazır olduğunun mesajını verir və Moskvaya “Ermənistana verəcəyiniz silahlar yenə Hərbi Qənimətlər Parkına gətiriləcək” deyir;

Rusiya Azərbaycanın mövqeyini nəzərə almalıdır, ən azından, özünün bölgədə maraqları üçün bu zəruridir.

İrandan gözləntilər:

Azərbaycan gözləmə mövqeyindədir və İranın yeni rəhbərliyinin Azərbaycan-Ermənistan münasibətlərinə dair normal siyasətini görmək istəyir: bu, həm də Tehrana göstərəcəkləri münasibətə adekvat münasibət görəcəklərini çatdırmağa hesablanıb, müsbət addıma müsbət, mənfi addıma mənfi cavab veriləcək;

Regional kommunikasiyanın İran üçün faydaları, o cümlədən, regionda yeni reallıqlar Tehranın mövqeyini müəyyənləşdirməyə kömək etməlidir. İranın yeni rəhbərliyi regionun əsas gücü olan Azərbaycanın maraqlarını, o cümlədən, tarix boyu sadiq qaldığı qonşuluq münasibətlərini nəzərə almalıdır. Bunun əksi İranın da maraqlarını təhlükə altına atır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm