Terrorçu dəstələr təxribat törətməyə davam edərsə... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Terrorçu dəstələr təxribat törətməyə davam edərsə... - Politoloq

“Bəzi ölkələrin ermənilərə verdiyi dəstək onları daha da çox azğınlaşdırır. Onlar verilən dəstəklərə arxalanaraq Qarabağda təxribat törədirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Ermənistan bu cür təxribatlar törədərək demarkasiya və delimitasiya işlərindən boyun qaçırır: “Baş verənlərdən bir daha görünür ki, ermənilər sülhə hazır deyillər. Yəni regionda sülh və təhlükəsizlik onlar üçün yad bir anlayışdır. Biz belə vəziyyətdə həm diplomatik, həm də hərbi səviyyədə daha sərt addımlar atmalıyıq. Azərbaycan Ordusu törədilmiş bütün təxribatların qarşısını alır və layiqli cavab verir. Həmin terrorçu dəstələr təxribat törətməyə davam edərsə, onlara çox ağır cavab veriləcək. Onlar 44 günlük Vətən müharibəsindən özlərinə dərs çıxarmalıdırlar”.

F.Sadıqov vurğulayıb ki, ermənilər sülhməramlıların bölgədə olmasından bir növ örpək kimi istifadə edir: “Biz rus sülhməramlılarına xəbərdarlıq edib, Qarabağda əməliyyatlar aparmalıyıq. Onlara deməliyik ki, biz öz ərazimizi müdafiə edəcəyik. Yəni əməliyyatlar başlasa, sülhməramlılar bizim üçün hədəf olmayacaq. Təbii ki, bəzi diplomatik incəliklər istifadə olunaraq Rusiya ilə bu məsələdə razılığa gəlmək lazımdır. Biz hər şeyi planlayaraq, heç bir problem olmadan anti-terror əməliyyatını keçirməliyik. Belə də olacaq, çünki biz öz ərazimizdə bunları həyata keçirəcəyik. Azərbaycanın digər dövlətlərin ərazisində gözü yoxdur və onların ərazi bütövlüyünə iddiası yoxdur. Ermənistan və Rusiya regionda sülhə nail olmaq istəyirlərsə, demarkasiya və delimitasiya işlərində konkret mövqe sərgiləməlidirlər”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm