Ermənistana Zəngəzur təzyiqi: Hansı oyunçular İrəvanı sürətləndirəcək? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Ermənistana Zəngəzur təzyiqi: Hansı oyunçular İrəvanı sürətləndirəcək? - DETALLAR

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Amma bu dəfə də baş nazir sərsəmləyib. Nikol Vovayeviç gah Zəngəzur dəhlizinin açılmasını ölkəsi üçün çıxış yolu, gah da siyasi təhdid kimi qələmə verib.

Bununla bərabər Paşinyan Ermənistan vasitəsilə dəhlizin yaradılmasına izn verməyəcəklərini söyləyib.

Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında söyləyib ki, son çıxışında səsləndirdiyi fikirlər Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti ziddiyətli yanaşmasıdır:

“Ermənistanda da, bölgədə də hər kəs gözəl bilir ki, Zəngəzur dəhlizinin açılması elə kommunikasiyaların açılması anlamına gəlir. Bu konteksdə məsələlər də bir-biri ilə uzlaşır. İrəvan kommunikasiyaların açılmasının tərəfdarıdırsa, Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyilsə, bunu necə başa düşmək olar?! Digər tərəfdən, bu ziddiyətli fikirlər ondan xəbər verir ki, Ermənistan tərəfi qorxur. Bunu açıq deməliyik. Ona görə qorxur ki, anlayır ki, kommunikasiyanın açılması qaçılmazdır. Son nəticədə Ermənistana müəyyən dvidendlər gətirəcək. Çünki ölkə blokadadan çıxacaq. Digər tərəfdən, onun siyasi nəticələrindən qorxur. Ölkə prezidenti də dəfələrlə bildirib ki, dəhlizin açılması regionun siyasi mənzərəsini dəyişəcək. Eyni zamanda, bizə - azərbaycanlılara imkan verəcək ki, biz öz yurd-yuvalarımza, dədə-baba torpaqlarımıza qayıdaq. Söhbət Zəngəzur mahalından və digər yerlərdən gedir”.

Politoloqun fikrincə, ona görə də Ermənistan bundan qorxur. Burada Ermənistan tərəfi müəyyən məhdudiyyətlər qoymaq niyyətindədir:

“Ermənistan dəmir yolunun açılmasına razıdır, amma avtomobil yolunun açılmasına razılıq vermir. Məhdudiyyətlər bundan ibarətdir. Niklol Paşinyanın da bu açıqlaması onu göstərir ki, bu məsələdə iqtisadi səmərə var, bu qaçılmazdır. Digər tərəfdən, o siyasi risklərdən qorxaraq dəhlizlərin açılmasının siyasi tərəfinə bir qədər ehtiyatla yanaşır. Hazırda üçtərəfli komissiya fəaliyyətdədir. Onlar üçtərəfli komissiyanın fəaliyyətinə siyasi cəhətdən əngəllər yarada bilərlər”.

"Zəngəzur dəhlizinin açılmasının daha da tezləşdirilməsi üçün Azərbaycanın əlində hansı rıçaqlar, təsiredici vasitələr var, rəsmi Bakı bu prosesi tezləşdirmək üçün hansı vasitələrdən istifadə edə bilər", - sualına İlqar Vəlizadə cavab olaraq bildirib ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycanla yanaşı, eyni zamanda digər oyunçular, xüsusən də Rusiya maraqlıdır:

“Rusiya bu dəhlizin açılması ilə Türkiyə bazarına birbaşa quru yolla daxil ola biləcək. Eyni zamanda, Türkiyənin yük daşıyıcıları bu dəhliz və Azərbaycan vasitəsilə Rusiyaya gedib gələ bilərlər. Digər tərəfdən, elə Ermənistanın özündə də Rusiyanın müəyyən aktivləri var ki, bu aktivləri müəyyən fəaliyyətə gətirmək üçün həmin dəhlizdən istifadə etmək qaçılmazdır. Azərbaycanın bu məsələdə Türkiyə, Rusiya və digər oyunçularla, o cümlədən İranla maraqları ortaqdır. İran da dolayı yolla bu dəhlizə maraq göstərir. Bu, Ermənistan, həmçinin Rusiya bazarına dəmiryol xətti ilə çıxmaq deməkdir. Bunların hamısı şərtdir. Yəni, Azərbaycanın Ermənistana təzyiqlər göstərməsinə şəraitlər yaradır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm