“Ballıqaya qətliamına şərait yaradan bu idi” - Deputat
Bizi izləyin

Nida Təhlil

“Ballıqaya qətliamına şərait yaradan bu idi” - Deputat

“1992-ci ilin avqust ayının 28-də baş vermiş hadisə, tarixə Ballıqaya qətliamı olaraq düşüb. Həmin ilin may ayında Laçın rayonu işğal olunduğu üçün bir qrup Laçın sakini, ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdılar. Gecə saatlarında erməni silahlılarından ibarət diversiya qrupları, silahsız mülki şəxslərin yatdığı çadırları atəşə tutmuşlar. Nəticədə qadınlar, uşaqlar, yaşlılardan ibarət 24 nəfər yatdıqları yerdə vəhşicəsinə qətlə yetirilmişdir. Səhv etmirəmsə, təsadüfən möcüzə nəticəsində bir, yaxud iki nəfər sağ qalmışdır. Ballıqaya qətliamı, ermənilərin silahsız azərbaycan əhalisinə qarşı törətdiyi növbəti cinayətdir, qətliamdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, qətliama şərait yaradan səbəblərdən biri, o dövrdə Azərbaycanda zəif, xalqını və sərhədlərini müdafiə etmək qabiliyyətində olan siyasi hakimiyyətin, bir mərkəzdən idarə olunan vahid ordunun olmaması idi:

“Ermənilərin silsilə şəklində dinc əhalini vəhşicəsinə qətlə yetirməkdə əsas məqsədləri, “Dənizdən dənizə böyük Ermənistan dövləti”ni qurmaq kimi saxta ideyalarını həyata keçirməkdən ibarətdir. Dünya erməniliyinin son 150 illik tarixinə nəzər salsaq, görmək olar ki, onlar qlobal güclərin dəstəyi ilə, addım-addım müəyyən irəliləyişə nail olmuşlar. Qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan dövlətini yaratmış, Qarabağ ərazisində muxtar qurum əldə etmişdilər. Hər kəsə bəllidir ki, onlar bununla kifayətlənməyəcəkdilər”.

Millət vəkili bildirib ki, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi noyabrın 10-da Müzəffər Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman əsgərlərimiz Qarabağı azad etdi:

“Bu, dünya erməniliyinin arzularını puça endirdi. Tarix, ilk növbədə ondan ötrüdür ki, ondan düzgün nəticə çıxarasan. Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strateqiyası nəticəsində, ölkəmiz, Prezident İlham Əliyevin liderliyində tarixinin ən güclü dövrünü yaşamaqdadır. Bugünkü reallıq odur ki, Azərbaycanda güclü siyasi hakimiyyət və özünü döyüş meydanında təsdiq etmiş ordu, milli birlik var. Bundan sonra heç zaman imkan verilməyəcəkdir ki, erməni kimi qorxaq, satqın, xəyanətkar bir millət Ballıqaya və digər bu qəbildən olan qətliamlar törətsin. Allah Ballıqaya və ümumiyyətlə, bütün şəhidlərimizə rəhmət eləsin”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm