İrəvanın “şüşədəki canı”: Bakı Gorus-Qafan yolunda “çıxışı” göstərdi - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

İrəvanın “şüşədəki canı”: Bakı Gorus-Qafan yolunda “çıxışı” göstərdi - TƏHLİL

“Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk”.

Prezident İlham Əliyev bu ilin 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın Ermənistana birtərəfli qaydada etdiyi jestlərdən danışarkən bildirmişdi.


Dövlət başçısının da dediyi kimi, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanın 30 illik işğal siyasətinə rəğmən, regionda sülhün bərqərar olması, regional əməkdaşlığın qurulması naminə birdən çox jest edib. Azərbaycanın suveren ərazisindən keçən yoldan istifadəyə icazə verilməsi də bunlardan biridir.

Ermənistanın Qafan-Gorus magistral adlandırdığı yol sovet dövründə mövcud olub və SSRİ-nin ittifaq prinsiplərinə uyğun olaraq yolun Azərbaycan ərazisindən keçən hissəsindən istifadəsində problem olmayıb. SSRİ-nin dağılması ilə Azərbaycana qarşı işğal müharibəsinə başlayan Ermənistan 30 ilə yaxın işğal dövründə təkcə torpaqlarımızdakı maddi və mədəni sərvətləri talamaq, şəhərlərimizi yerlə-bir etmək siyasətini həyata keçirmədi, həm də qanunsuz olaraq, dövlət sərhədini irəli çəkdi. Burada iki əsas hədəf var idi:

Birincisi, daha əlverişli torpaqlara, otlaq və əkin sahələrinə sahib olmaq;
İkincisi, nə vaxtsa işğal sona çatarsa, irəli çəkdikləri sərhədlərin içində qalan ərazilərin Ermənistanda saxlanılmasına nail olmaq;


Azərbaycan 30 il sonra cəmi 44 günə torpaqlarında erməni işğalına son qoydu və böyük zəfərlə başa çatan döyüşlərdən dərhal sonra dövlət sərhədinin bərpası prosesinə start verildi. Kapitulyasiyaya imza atan Ermənistanın qarşısındakı əsas tələblərdən biri də qanunsuz irəli çəkdikləri dövlət sərhədinin bərpa edilməsi idi. Hazırda gündəmdə olan sərhədlərin delimitasiyası və demarkasiyası prosesi Zəngilandan Laçına olan ərazilərdə Azərbaycan tərəfindən de-faktor həyata keçirilib, Azərbaycan Ordusu mövcud sərhədlərə çıxıb. Laçından Kəlbəcərə qədər olan ərazilərdə sərhədin bərpası prosesinə Ermənistan müxtəlif təxribatlarla maneələr törədir. Əslində Gorus-Qafan yolunun bağlanması prosesində bunun fonunda baxmaq lazımdır.

1. Ermənistan üçtərəfli bəyanatların bütün bəndlərini icra etməlidir;
2. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir;
3. Regionda əlaqələr bərpa olunmalıdır;
4. Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzalamalı, Ermənistan Azərbaycanın ərazi bütövıüyünü tanımalıdır;


Müharibədən sonra baş verənlərin ana istiqamətləri bunlardır və Azərbaycan indiyə qədər etdiyi jestin əsasında da regional əməkdaşlığın qurulması dayanır.

Ermənistanın etdikləri isə həm üçtərəfli razılaşmalara, həm də regional sülhə qarşıdır:

- Üçtərəfli bəyanatların icrasına maneələr törədir;
- Sərhədin delimitasiyası və demarkasiyası prosesindən imtina edir;
- Dövlət sərhədində təxribat hücumları həyata keçirir;


Sərhəddə əsgərimizə süngü ilə edilən hücum Ermənistanın təxribatlarının davamı idi, lakin bu dəfə nəticələri ağır oldu.

Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının xidmətdə olan əsgəri Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan ordusunun 2 hərbiçinin qəfil hücumuna məruz qaldı. Əlbəyaxa döyüş zamanı əsgərimiz sinə nahiyəsindən süngü bıçaqla xəsarət aldı.

Bu təxribata adekvat cavab olaraq, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsi bağlandı. Ermənistanın iki əsas magistral xəttindən biri olan bu yolun bloklanması nəticəsində həm nəqliyyatın hərəkəti, həm də yük daşımaları iflic vəziyyətinə düşdü və rəsmi İrəvan “şüşədəki canının” Bakının əlində olduğunu anladı. İki gün davam edən danışıqların ilkin nəticələri də bunu deməyə əsas verir.

a) Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatı əsasında əsgərimizə süngü ilə hücum edən erməni hərbçilər haqqında əməliyyat-istintaq tədbirləri görür: bu, Azərbaycanın əsgərinə hücum edən erməni hərbçiləri Ermənistanın əli ilə cəzalandırması deməkdir;

b) Azərbaycan yolun öz suveren ərazisindən keçən hissəsinə ziqzaqvari bloklar quruldu, beləliklə, təhlükəsizlik tədbirləri gücləndirildi;

c) Ermənistan mediasının yaydığı məlumatlara görə, yolda Azərbaycanın keçid məntəqəsi qurulub: bu, informasiya qeyri-rəsmidir, lakin ümumilikdə Ermənistana daşınan yüklərə (bu yüklərin silah olması da istisna deyil) nəzarətin artırılması imkanları əldə olundu;

ç) Ermənistan yolun 21 kilometrlik hissəsinin, eləcə də Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycanın suveren ərazisi olduğunu rəsmi şəkildə təsdiqlədi: Nikol Paşinyan hökumətin iclasında bunu açıq şəkildə dilə gətirdi; erməni siyasətçilərin baş verənləri “Eyvazlı-Çayzəmi əməliyyatı” adlandırması da bu kontekstdə diqqət çəkir;

Və ən mühüm olanı Azərbaycan həm Ermənistana, həm də havadarlarına öz suveren ərazisində istədiyini edə bildiyini əyani şəkildə göstərmiş oldu. Azərbaycan göstərdi ki, Ermənistanın istənilən təxribatı qarşısında bu ölkəni bütövlükdə iflic edə biləcək gücə sahibdir. Bundan sonra İrəvanın atmalı olduğu addımlar aydındır:

- Sərhəddə təxribatlardan əl çəkməlidir;
- Sərhədin delimitasiyası prosesinə maneələr törətməməlidir;
- Üçtərəfli razılaşmaların bütün bəndlərini icra etməlidir;
- Və yekun sülh sazişini imzamalıdır;


Baş verənlər fonunda Prezident İlham Əliyevin avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı qeyd etdiyi bir məqam diqqət çəkir:

Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində”, - Prezident bildirdi.

Gorus-Qafan yolunda baş verənlər Azərbaycanın hakim mövqeyinin isbatlarından biridir.

Ermənistan bunu anlamalıdır, əks təqdirdə nəticələri ağır olacaq. Azərbaycan öz suveren ərazisində istənilən vaxt eyni addımı ata bilər və bu məsələdə Ermənistan asılı vəziyyətdədir, çünki alternativi yoxdur.

Gorus-Qafan yolunun bağlanmasından sonra Paşinyanın ilin sonuna kimi təhvil verməyə çalışacaqları dediyi “alternativ” yolun vəziyyəti də bunu deməyə əsas verir. Erməni jurnalistlər alternativ yoldan videoçəkiliş hazırlayıb. Kadrlarda yolun ensiz, bəzi yerlərdə isə keçilməz olduğu görünür. Görüntülərdən iki nəticə çıxır:

1. Alternativ yolun planlaşdırılan vaxtda təhvil verilməsi çətin olacaq;
2. Alternativ yol istifadəyə veriləndən sonra belə əsas hərəkət və daşıma yolu Azərbaycanın suveren ərazisindən keçən istiqamətdən olacaq;


Bu, Azərbaycana gələcəkdə də suveren ərazisindən keçən yolu bağlayaraq, Ermənistanı iflic vəziyyətinə salmaq imkanı verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm