Türk Dövlətləri Birliyi: yeni regional güc yaranır - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Türk Dövlətləri Birliyi: yeni regional güc yaranır - TƏHLİL

Türk Şurası Türk Dövlətləri Birliyi olaraq beynəlxalq təşkilata çevrilir: gələn ay Ankara Zirvəsində məsələ həll ediləcək və Türkmənistan tamhüquqlu üzv olacaq; beləliklə, 6 ölkənin tam hüquqlu olduğu TDB yaradılacaq; 15 ölkənin müşahidəçi üzv olacağı gözlənilir;

Türk Şurasının adının dəyişdirilməsi və beynəlxalq təşkilata çevrilməsinin strateji hədəfləri var:

Birincisi, Çindən Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir çətir altına toplamaq və dəhlizin təhlükəsizliyini təmin etmək;

İkincisi, post-sovet məkanında “rus ittifaq”larına alternativ yaratmaq;

Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı.

Mərkəzi Asiya üzərindən Azərbaycana, burada Türkiyəyə və Avropaya uzanan Orta dəhlizdə Ankara yeni regional gücə çevrilir: TDB bu coğrafiyadakı ölkələri birləşdirən çətir olacaq;

Təşkilatın beynəlxalq status alması hədəflənsə də adın Türk Dövləti Birliyi olaraq seçilməsi səbəbsiz deyil:

- Rusiyanın faktiki liderlik etdiyi Müstəqil Dövlətlər Birliyinə alternativ yaradılır və MDB arxa plana keçir;

- “Rus ittifaqları”nda yer alan türkdilli ölkələr Moskvanın qarşısında alternativ güc əldə edirlər və bu, həm onların, həm də Ankaranın siyasi manevrləri üçün əhəmiyyətlidir;

- Türkiyə Cənubi Qafqazda olduğu kimi Mərkəzi Asiyada da Rusiya ilə əməkdaşlıqda maraqlıdır, lakin rusları hesablaşmağa məcbur etmək üçün güc balansı tarazlaşdırılmalıdır: TDB buna imkan verəcək;

- Rusiya iki seçim arasındadır: birincisi, Çinə qarşı ABŞ-la əməkdaşlıq etmək (Çinin SSRİ-yə qarşı strategiyasının təkrarlanması); ikincisi, post-sovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmaq; ruslar hər iki seçimə “stavka” edir, hərçənd, türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür;

- TDB Turan ideologiyasının yeni formasiyada təzahürüdür: heç bir ölkəyə qarşı deyil, əksinə bütün tərəflərlə əməkdaşlıqda maraqlıdır;

Türkiyə TDB ilə türk dövlətlərini bir çatı altında toplamaqla yanaşı, təşkilatı beynəlxalq statusa yüksəltmək niyyətindədir və bununla iki hədəfə nail ola bilər:

1. “Dünya beşdən böyükdür” strategiyasında əli güclənəcək: Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasına, yaxud qərarların qəbulunda üzv ölkələrin səsinin də həlledici olması istiqamətində mövqeyini davam etdirəcək; beynəlxalq platformalarda həlledici oyunçuya çevriləcək;
2. Türkdilli olmayan ölkələrin TDB-yə müşahidəçi üzvlüyünə yol açılır: Macarıstan artıq presedentdir və müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil;

TDB yaradıldıqdan sonra mümkün gözləntilər:

a) TDB-nin tamhüquqlu üzvləri arasında Şuşa Bəyannaməsinə bənzər (hərbi müttəfiqlik indiki dövrdə istisna olsa da) müqavilə imzalana bilər;

b) Hərbi sahədə ikitərəfli əməkdaşlıqlar daha da artacaq, xüsusilə hərbi sənaye sahəsində;

c) TDB-nin ortaq hərbi sənaye mərkəzinin Bakı olacağı istisna deyil: Azərbaycanda PUA sahəsində birgə istehsal müəssisəsinin yaradıla biləcəyi gözlənilir;

ç) Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışı üçün Transxəzər layihəsi aktuallaşa bilər: Türkiyənin Azərbaycanla Xəzərdə birgə təlimi təsadüfi deyildi; növbəti təlimlərin digər türkdilli ölkələrlə birlikdə olması da istisna deyil;

d) TDB post-sovet məkanında münaqişələrin həllində vasitəçilik platformasına da çevrilə bilər;

Proseslər geosiyasi mənzərədə həlledici ola biləcək yeni regional gücün formalaşdığı yönündədir: Bakı bu gücün mərkəzindədir;

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm