Tehran görüşündə Bakı və Ankaranın istəkləri nə olacaq? – ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Tehran görüşündə Bakı və Ankaranın istəkləri nə olacaq? – ŞƏRH

Azərbaycan, Türkiyə və İranın Xarici İşlər nazirləri Tehranda bir araya gələcək. Artıq bu barədə hər üç ölkənin mediasında məlumatlar yer alıb. Buna baxmayaraq, hələ ki, görüşün tarixi bəlli deyil. Hər üç ölkənin hərbi təlimlərdən sonra bir masa ətrafında müzakirə aparması doğrudan da region dövlətlərinin diqqət mərkəzində olacaq.

Bəs Tehran görüşündə Bakı və Ankaranın təmsilçiləri İran rəsmilərindən nələri tələb edəcəklər? Hansı məsələlər müzakirə olunacaq?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, burada daha çox iqtisadi məsələlər müzakirə oluna bilər: “Hesab edirəm ki, Tehranda üç ölkənin xarici işlər nazirlərinin görüşünün əhəmiyyəti olacaq. Düşünürəm ki, İran tərəfinin yalançı təzyiq, qoluzorluluq nümayiş etdirmək cəhdlərinə də bu görüşlərdən sonra son qoyulacaq. Bu o demək deyil ki, İranın müstəqil Azərbaycana münasibəti problem kimi öz həllini tapacaq və hər şey yoluna qoyulacaq. Fikrimcə, bu görüşlərdə daha çox iqtisadi məsələlər müzakirə mövzusu olacaq. Azərbaycan və Türkiyə tərəfi də çalışacaq ki, Tehranda regionun ən ümdə problemlərini müzakirə etsinlər".

Politoloqun fikrincə, bu ümdə problemləri müzakirə etməkdə məqsəd regiona əmin-amanlıq gətirilməsidir və fikir ayrılıqları olan məsələlərin müzakirəsi də məhz buna hesablanıb: “Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi və ərazi bütövlüyünün qətiləşdirilməsi məsələsi gündəmə gələcək. Bu məsələdə bölgə dövlətlərinin tutduğu mövqe, yeritdiyi siyasət də həmin gündəmdə olacaq. Yəqin ki, Türkiyə bölgə dövlətlərinin, İranın özünün də altılıq və ya beşlik formatında proseslərə qoşulmasını istəyəcək. Əlbəttə, İran əvvəllər buna həvəslə yanaşırdı. İndi Rusiya ilə münasibətlərinin daha çox koordinasiya etdiyi, sırf Moskva ilə ikili səviyyədə davranması səbəbi ilə ola bilər ki, altılıq və ya beşlik variantına bir qədər ehtiyatla yanaşsın. Hər halda bir qədər dərindən təhlil etsələr görərlər ki, bu variant İranın özünün də strateji maraqlarına uyğundur”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm