İrəvan Bakını buna təhrik edirdi - Korotçenko DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

İrəvan Bakını buna təhrik edirdi - Korotçenko DETALLARI AÇDI

Azərbaycan 44 günlük müharibə ilə torpaqlarının erməni qoşunları tərəfindən işğalına son qoyaraq Cənubi Qafqaz regionunda tamamilə yeni reallıq yaratdı.

Publika.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Vətən müharibəsinin başlamasının ildönümündən danışarkən deyib.

O bildirib ki, təxminən 30 illik danışıqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti müsbət nəticəyə səbəb olmadı: “Ermənistan özünü toxunulmaz hesab etdi və son illərdə təcavüzkarlığını daha da artırdığını göstərdi. Yeni doktrinal sənədlər qəbul edildi. Hərbi qarşıdurmanın kəskinləşəcəyi təqdirdə ermənilər Ermənistanın Azərbaycanın daha çox ərazisini işğal edə biləcəyini, həmçinin Ermənistan əməliyyat-taktiki raketlərinin Azərbaycan infrastrukturunun kritik obyektlərinə qabaqlayıcı zərbələr endirməsinin mümkünlüyünü düşünürdülər. Ermənistan və onun Qərb havadarları - ABŞ və Fransa hökumətləri Ermənistan-Azərbaycan münaqişəsinin “donmuş” statusunun əbədi olaraq qalacağına inanırdılar. Eyni zamanda İrəvan Bakını təhrik edirdi, Azərbaycana təhdidlər göndərirdi. Bu isə müharibəni tətikləyirdi”.

Ekspert qeyd edib ki, Vətən müharibəsi Ermənistan hakimiyyətinin nə qədər səhv etdiyini göstərdi və Azərbaycan Ordusunun qələbəsi bölgədəki vəziyyəti tamamilə dəyişdirdi, əsl vəziyyətə aydınlıq gətirdi: “Erməni ordusunun Azərbaycan torpağında nə qədər tez məğlubiyyətə uğradığına diqqət yetirin, xüsusən də ermənilərin işğal altında olan torpaqlarda 30 illik istehkamlar qurduqdan sonra müdafiə mövqeyində olduğunu nəzərə alsaq. Belə şəraitdə 44 günlük müharibə əslində çox qısadır. Savaş böyük geosiyasi dəyişikliklərə gətirib çıxardı. Birincisi, bölgə beynəlxalq konflikt ocağından nəqliyyat əlaqələrinin və keçid üçün yeni imkanların olduğu ən səmərəli və dinamik inkişaf edən bölgə statusuna keçmə şansı əldə etdi”.

İ.Korotçenko bildirib ki, Ermənistanın hələ də konstruktiv olmayan siyasət yürütdüyünü görürük: “Görünür ki, erməni elitaları hərbi məğlubiyyətin ilkin zərbəsini unudub və indi 30 il əvvəl etdiklərini eyni şəkildə etməyə çalışırlar. Belə çıxır ki, Azərbaycan 21-ci əsrdə yaşadığı halda, Ermənistan hələ də ilkin atəşkəsin tətbiq olunduğu 1994-cü ildə qalır - həm eyni düşüncə tərzində, həm də zəif iqtisadiyyat və yoxsulluq”.

Ekspert əlavə edib ki, yalnız iqtisadi əməkdaşlıq və tərəfdaşlıq Ermənistanı daha yaxşı gələcəyə çıxara bilər: “Ermənistanın necə davranmasından asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını möhkəmləndirəcək bir sülh müqaviləsi imzalamaq vacibdir. Azərbaycanın müharibədən sonrakı dövrdə qazandığı uğurları qeyd etmək lazımdır: fantastik dərəcədə qısa müddətdə beynəlxalq səviyyəli obyektlər tikilir. Azad edilmiş ərazilərdə həyat canlanır. Füzuli Hava Limanı və Şuşaya gedən Zəfər yolu onilliklər boyu işğal altında olan bütün digər torpaqlar kimi sülh və sabitliyin hər zaman faydalı olduğunu göstərən nümunədir”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm