İran bu təlimləri həmin vaxt keçirməli idi - Elman Məmmədov
Bizi izləyin

Nida Təhlil

İran bu təlimləri həmin vaxt keçirməli idi - Elman Məmmədov

“Onlar öz mövqelərindən belə bir çıxış edirlər ki, guya biz İsrail hərbi qüvvələrinin müəyyən hissəsini Azərbaycanın İranla sərhəd olan ərazilərinə yerləşdirərək təhlükə yaratmışıq”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı yüksək səviyyədə açıqlama verib, İrana öz etirazını bildirib: “İsrailin Azərbaycanda hərbi qüvvəsi yoxdur. Azərbaycan öz haqqından istifadə edərək başqa silah istehsalçılarından hərbi texnika aldığı kimi, İsraildən də öz maliyyəsi hesabına silahlar alır. Bu səbəbə görə heç kim bizi ittiham edə bilməz. Biz öz təhlükəsizliyimizi qorumaq və ordumuzu gücləndirmək üçün müasir silahlar istehsal edən ölkələrdən hərbi sursatlar tədarük edirik. Həmin silahları Ermənistan kimi bizə heç kəs bağışlamır, öz maliyyəmiz hesabına bunları alırıq”.

E.Məmmədov vurğulayıb ki, İran müsəlman ölkəsi kimi 30 il ərzində işğalçı Ermənistanla qardaşlıq edir: “Ermənistanın bütün təchizat və təminatı İran ərazisindən keçir. Biz təhlükəsizliyimiz üçün pul verib İsraildən silah alırıq, ancaq onlar ermənilərə silahlar daşıyır. İran bizi əsassız məlumatlarla ittiham etməməlidir. İran bu təlimləri ermənilər bizim ərazimizi işğal edəndə, soyqırımı törədəndə, yurd-yuvamız viran qoyulanda keçirməli idi. İran torpaqlarımız işğal olunduğu zaman Ermənistana güc göstərməliydi. Ancaq onlar ermənilərlə əməkdaşlıq etməyi üstün tutdular. İndi isə Azərbaycan öz ərazisini işğaldan azad edib, heç kəsin ərazisinə daxil olmayıb. Biz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğalçılardan təmizləmişik. Bu gün artıq İran İslam Respublikası ilə sərhəddə öz əsgərlərimiz dayanır. Onlar buna sevinib, bununla fəxr etmək əvəzinə bizə qarşı düşmən mövqe sərgiləyirlər. İran sərhəddə təlimlər keçərək bizə hədə-qorxu gəlmək istəyir, bu cür addımlar atmaq yanlışdır. Onlar nəzərə almalıdır ki, 85 milyonluq əhalisinin 40 milyonundan çoxu azərbaycanlılardır. Prezident İlham Əliyev də bəyan etdi ki, İran bizə qonşu dövlətdir və istəyirik ki, İranla münasibətlərimiz ən yüksək səviyyədə inkişaf etsin”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm