Azərbaycanda məhkum olunmuş iranlı məhkumlar ölkələrinə təhvil verildikdən sonra... - Deputatdan AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda məhkum olunmuş iranlı məhkumlar ölkələrinə təhvil verildikdən sonra... - Deputatdan AÇIQLAMA

"MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı, post-müharibə dövründə yaranmış vəziyyəti tam əhatə etməklə, dövlətlər arası münasibətlərə aydınlıq gətirdi. Növbəti dəfə Ermənistana sülh mesajını verdi və konkret şərtləri açıqladı. Sərhədlərin delimitasiya və demarkasiyası aparılmalı, qarşılıqlı ərazi bütövlüyü tanınmalı və sülh müqaviləsi imzalanmalıdır. İranın işğal altında olan Azərbaycan ərazilərindən narkotrafik məqsədi ilə istifadə etməsi isə sübut olunmuş faktdır. 30 illik işğal dövründə Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları məlumatlandırmasına baxmayaraq, müvafiq tədbirlər görülməyib, bölgə nəzarətsiz qalıb".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, bu məsələ BMT-nın Narkotik və Cinayətlər ofisinin hesabatlarında, ABŞ-nın Azərbaycandakı səfirliyinin məlumatlarında konkret rəqəmlərlə öz əksini tapıb:

"Ölkəmizə narkotik maddələrin 95% -i İrandan gətirilir. Buradan isə xeyli hissəsi Avropa ölkələrinə göndərilir. Əfqanıstanda istehsal olunan narkotik maddələrin əsas alıcısı İrandır. Heroin üzrə isə İran dünyanın ən iri istehsalçısı hesab olunur. İranın qanunsuz beynəlxalq narkotik ticarətinin mərkəzlərindən biri olması, beynəlxalq hesabatlarda da göstərilir. ABŞ Dövlət Deportamentinin son hesabatına görə, son illərdə Azərbaycan və Türkiyə istiqamətində İranın gizli ticarəti 200 dəfədən çox artıb. Azərbaycan ictimaiyyəti uzun illər ərzində İrandan gətirilmiş və müəyyən hissəsi sərhəddə tutulan narkotik maddələrlə bağlı televiziyalar, müxtəlif KİV-lər vasitəsilə məlumatlandırılmışdır. Azərbaycan dövlətinin narkotiklərlə mübarizədə sərt mövqeyi ilə rastlaşan İran artıq narkotiklər üzrə mütəxəssislərini ölkəmizə yerləşdirməklə xalqımıza qarşı düşmənçilikdə "innovativ" metodlardan istifadə etməyə başladı. Son zamanlar ölkənin bütün bölgələrində Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyatlar nəticəsində yüzlərlə gəncin İran mənşəli narkotik maddələri satması faktları üzə çıxdı".

Deputat bir maraqlı nüansı da diqqətə çatdırıb: "Narkotik cinayətləri üzrə Azərbaycanda məhkum olunmuş iranlılar iki ölkə arasında əldə olunmuş razılığa əsasən, öz ölkələrinə təhvil verilir. Məlumatlı şəxslərin verdiyi informasiyalara görə, həmin şəxslər dərhal azadlığa buraxılır. Bu da onun göstəricisidir ki, İranda narkotik maddələrin gizli ticarəti yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunur. Təsadüfi deyil ki, müharibə qurtardıqdan sonra Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daşımaların sayı iki qat artıb. Bu barədə cənab Prezident öz çıxışında vurğulayıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındıqda isə İranın yüksək səviyyəli məmurları araqarışdırmaqla, təxribatlarla məşğul oldular. Məhz narkotrafikin qarşısının alınması həmin məmurları külli miqdarda gəlirdən məhrum etdi".

Deputatın sözlərinə görə, çox təəssüflər olsun ki, özünü islam dövləti adlandıran molla rejimi ilk növbədə xalqımızın gələcəyini məhv etməklə Allah qarşısında nə qədər böyük günah işlətdiklərinin fərqində deyillər:

"İran birdəfəlik anlamalıdır ki, Azərbaycan güclü dövlətdir və bizimlə bərabər səviyyəli, dostluğa, qonşuluğa uyğun ikitərəfli münasibətlər qurmaq xalqlarımızın xeyrinədir. Başqa dillə danışmaq, artıq keçməz. Prezidentimizin çıxışını yüksək qiymətləndirirəm və təşəkkür edirəm ki, hər şeyi olduğu kimi, açıq şəkildə ifadə etdi. Sirr deyil ki, ölkə başçısının hər bir sözü əməli ilə ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, düşmənlərin narkotik siyasətinə bundan sonra da ağır zərbə vurulacaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm