Müharibədən çıxmış bir ölkənin bu addımı atması... - Partiya sədri
Bizi izləyin

Nida Təhlil

Müharibədən çıxmış bir ölkənin bu addımı atması... - Partiya sədri

Prezident İlham Əliyev 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncam sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamın icrasının nəticəsi olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək.

Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır.

Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında ölkə prezidentinin məlum sərəncamından danışıb.

ADİP sədri bildirib ki, bu çox zəruri və vaxtında atılan addımdır: “Hazırda ölkə bazarlarında müəyyən mənada qiymət artımları müşahidə olunur. Bu, həm enerji sahəsini əhatə edir, həm də qidaların bazar qiymətlərində də artımlar mövcuddur. Biz görürük ki, dünyanın bir çox ölkələrində bu proses gedir. Bahalaşma tendensiyası Azərbaycana da öz təsirini göstərir. Ona görə də ölkə Prezidentinin sosial müdafiəyə yönəlmiş addımları zamanında atılmış addımlardır. Mən bu cür qiymətləndirirəm. Biz əhalini, xüsusən də sosial problemlərlə üzləşən təbəqəni çox ciddi şəkildə müdafiə etməliyik. Ona görə də bu vaxtında atılmış bir addımdır”.

Deputatın sözlərinə görə, müharibədən çıxmış bir ölkənin öz vətəndaşlarının sosial təminatının artırılması ilə bağlı düşünməsi və addımlar atması təqdir olunandır: “Baxmayaraq ki, hazırda Azərbaycan dövlətinin qarşısında Böyük Qayıdış layihəsi kimi bir layihə durur. Hazırda işğaldan azad olunan ərazilərimizdə bu layihə həyata keçirilir. Bu layihə çox böyük xərclər tələb edir. Buna baxmayaraq, vətəndaşlarımızın da sosial müdafiəyə ehtiyacı var. Bir sıra təbəqələrin nümayəndələri qiymət artımı ilə bağlı çox böyük itkilərə məruz qalıblar. Ona görə də Azərbaycan Prezidenti belə bir addım atdı. Bu, sosial sahədə atılmış çox müsbət bir addımdır. Azərbaycan dövləti öz iqtisadiyyatını şaxələndirməkdədir. Baxmayaraq ki, bizim yenə də hərbi xərclərimiz mövcuddur. Buna da böyük ehtiyac var. Lakin Azərbaycan dövləti öz vətəndaşlarının rifahı üçün hər şey etməlidir və edir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm