• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Ərdoğanın səfərinin detalları: Türkiyə-Azərbaycan qardaşlığı həlledici gücə çevrilir

Ərdoğanın səfərinin detalları: Türkiyə-Azərbaycan qardaşlığı həlledici gücə çevrilir

Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri həm iki ölkənin qardaşlıq-müttəfiqlik münasibətlərində, həm işğaldan azad edilmiş ərazilərin gələcəyi, həm də regional münasibətlər fonunda əhəmiyyətli idi.

Bu, Ərdoğanın Vətən müharibəsindən sonra Azərbaycana üçüncü, Qarabağa ikinci səfəri idi. Qarabağa ilk səfər Şuşaya olmuşdu və Azərbaycanla Türkiyə liderləri Müttəfiqlik Münasibətlərinə dair Şuşa Bəyannaməsi imzaladı. 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərdə tarixi əhəmiyyətə malikdir.

- Bu bəyannamə ilə Azərbaycan və Türkiyənin müttəfiqliyi rəsmi səviyyəyə yüksəldi;
- Hər iki ölkə bir-birinin ərazi bütpvlüyü və suverenliyinə təhdid olacağı təqdirdə hərbi yardım etməklə bağlı öhdəlik götürdü;
- Bəyannamədə Qars müqaviləsinə istinad edilməsi xüsusi diqqət çəkir: Qars müqaviləsi ilə naxçıvanın təhlükəsizlyinin qarantı olan Türkiyə Şuşa Bəyannaməsi ilə Qarabağın, ümumilikdə Azərbaycanın təhlükəsizliyinin rəsmi zamininə çevrildi;
- Və bu regionda güc balansı Bakının xeyrinə dəyişdi;

Şuşa Bəyannaməsinin imzalanmasından bir neçə həftə sonra – iyulun 7-də Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) rayonları da yaradıldığı Fərman imzaladı: bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır;

Və bu qərarın Şuşa Bəyannaməsindən sonra verilməsi müttəfiqlik müqaviləsinin regionda yaratdığı güc balansından irəli gəlirdi.

Prezident İlham Əliyevin də daim vurğuladığı kimi, Türkiyənin siyasi dəstəyi torpaqlarğımızın azad edilməsində mühüm rol oynayıb. Bu dəstək postmünaqişə dövründə də əhəmiyyətli rol oynayır.

Ərdoğanın Qarabağa ikinci səfərini məhz Füzuliyə etməsi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Birincisi, Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirdi: mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır;

İkincisi, liderlərin Zəngəzur dəhlizin Azərbaycan hissəsinə düşən hissəsinin təməlini atmasıdır.

Bu kontekstdə Füzuli Beynəlxalq Hava Limanının açılışı təsaadüfi deyil. Çünki bu hava limanı Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir.

1. Yüklər hava limanına daha rahat şəkildə gətirilə və dəhliz vasitəsilə Türkiyəyə, o cümlədən əks-marşrut üzrə daşına biləcək;

2. Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzrə əhəmiyyətli marşrutdur: dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyadakı geosiyasi dəyişiklikdə əlini gücləndirəcək; Və Füzuli hava limanının istifadəyə verilməsi Orta Dəhlizdə Bakı və Ankaranın həyata keçirdiyi vacib “ev tapşırığı” hesab oluna bilər; Ərdoğanın birbaşa təyyarə ilə hava limanına enişi bunun praktiki nümayişidir;

Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətli idi.

Azərbaycan və Türkiyə prezidentləri Qarabağ iqtisadi rayonundan sonra Şərqi Zəngəzur iqtisadi rayonuna (Zəngilan) getdi: dəhlizin təməlinin atılması və rəsmi görüşlər də burada keçirildi.

Ərdoğanın bu səfəri, Əliyevlə keçirilən görüşlər, atılan addımlar və mediaya açıqlamalar Azərbaycan və Türkiyənin qardaşlığının növbəti əyan təzahürüdür. Liderlər bu qardaşlığın mesajlarını da verdilər. Və bütün dünyada önəmli amilə çevrilən Azərbaycan-Türkiyə qardaşlığı bu gün bütün sefaralarda öz nəticəsini verir, o cümlədən, regionda həlledici faktor rolunu oynayır.

Asi Nərimanlı


Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR