Saxta “xüsusi təyinatlılar”: onlarla necə mübarizə aparılmalıdır?
Bizi izləyin

Nida Təhlil

Saxta “xüsusi təyinatlılar”: onlarla necə mübarizə aparılmalıdır?

Vaxtilə özlərini Hollivudun döyüş filmlərinin qəhrəmanlarına – Rembo, Van Dam, Komandos – bənzədən, yaxud Brus Li kimi görünmək üçün əlindən gələni edən Azərbaycan insanı Vətən müharibəsindən sonra “xüsusi təyinatlı” olmaq, onlara bənzəmək üçün “əmək sərf” edir.

Bu yaxşı haldır, artıq insanımızın özümüzdən olan real qəhrəmanları var və belə dəyişikliyi təbii qarşılamalıyıq. Uşaqlarımızın müharibə oyunları oynaması, XTQ döyüşçüsü olmaq uğrunda şirin davaları da qürurvericidir.

Amma və lakin...

Hər şeyin əndazəsi olduğu kimi, bunun da olmalıdır. Çünki Vətən müharibəsinin baş qəhrəmanları olan XTQ döyüşçülərinə bənzəmək istəmək, onları qəhrəmanı kimi görmək başqa, özünü onlardan biri kimi təqdim etmək başqa.

Müharibədən sonra sosial şəbəkələrdə, mediada saymaqla bitməyən “xüsusi təyinatlı” peyda olub. Onlar XTQ-nin hərbi formasını geyinir, hərbi əməliyyatlar haqqında danışır, xüsusi təyinatlı qüvvələri “ölüm mələkləri”, “cəhənnəm ordusu” kimi absurd ifadələrlə adlandırırlar.

Bunların saxta olduğunu anlamaq çətin deyil.

Birincisi, XTQ döyüşçüləri hər şey haqqında danışmır, hətta qazi olduqdan sonra belə bu məsələdə ehtiyatlı davranırlar;
İkincisi, danışdıqları, uydurduqları döyüş epizodları fantastik “ulduz müharibələrindən” seçilmir;

Real döyüşdə iştirak edən şəxsin “duzunu” bu qədər etməsi təbii ki, inandırıcı deyil. Və sonradan ortaya çıxan faktlar da təsdiqləyir ki, özlərini “xüsusi təyinatlı” kimi təqdim edən şəxslərin əksəriyyəti yalan danışır, bir çoxu isə ümumiyyətlə müharibədə iştirak etməyib. Amma gah “xüsusi təyinatlı” olurlar, gah “qazi”...

Və bunu istənilən şəxs edə bilər, çünki hərbi geyim forması mağazalarda açıq şəkildə satılır. Kim istəyirsə, arzuladığı qoşun növünün formasını almaqla “döyüşçü”yə çevrilə bilir, təbii ki, bu da hər kəsin vicdanına qalıb. Müşahidələr göstərir ki, artıq vicdanlı olmağı bir kənara qoyanların sayı çoxalmaqdadır və məsələni vicdanın öhdəsinə buraxmaq təhlükəli tendensiyalar yaradır, ən vacibi isə müharibə haqda, döyüş əməliyyatları ilə bağlı uydurma məlumatlar Ordumuzam da, Ordumuzun elit bölmələrinə də ləkə yaxmış olurlar.

Bu mənzərə qanunun dövriyyəyə girməsini şərtləndirir, çünki vicdanın öhdəsinə buraxılası məsələ deyil artıq.

Nə etməli?

Hərbi geyimdən istifadə məsələsində qanunun tələbləri tətbiq olunmalıdır.

Hərbçi olmayan şəxslərin hərbi forma geyinməsinə son qoyulmalıdır: hərbi xidməti başa vuranlar - əsgərlər, ehtiyata buraxılan hərbçilər, veteranlar və digərləri – mülki vətəndaş sayılır və hərbi geyim daşımaq hüququna sahib deyillər. Hətta hərbi geyimdən istifadə edən mülki vətəndaşların – keçmiş əsgərlərin geyim formasını kobud şəkildə pozması da bu zərurəti aktuallaşdırır. İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Bu qanunun tələbini icra etmək lazımdır.

Hərbi geyim mağazalarında XTQ formatının satışı məhdudlaşdırılması, yaxud qeydiyyata alınmalıdır.

Bununla bağlı təcrübə də mövcuddur. Belə ki, istənilən şəxs mağazadan polis forması alaraq, geyinə bilmir. Eyni təcrübə hərbi formalara da aid edilməlidir.

Özünü “xüsusi təyinatlı” kimi təqdim edən, müharibə və döyüş əməliyyatları haqqında uydurmalar danışan şəxslər qanun qarşısına çıxarıla bilər. Çünki həm dövlətin, həm ordunun nüfuzunun zədələnməsi, həm də yanlış təbliğatın aparılması halı var.

Və ən mühümü bu cür təbliğata meydan verən media orqanlarına qarşı sərt tədbirlər görülməlidir.

Əks təqdirdə XTQ-nin də, Ordunun da, dövlətin də nüfuzuna yaranmış təhlükə getdikcə daha da böyüyə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm