44 günlük müharibənin beynəlxalq hüquqa təsiri: Azərbaycan BMT qətnamələrini icra etdi
Bizi izləyin

Nida Təhlil

44 günlük müharibənin beynəlxalq hüquqa təsiri: Azərbaycan BMT qətnamələrini icra etdi

Beynəlxalq hüququn işləmədiyi gerçəkliyi Qarabağ münaqişəsində çılpaqlığı ilə ortaya çıxdı. I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistan 30 ilə yaxın müddətdə işğala davam etdi. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etdi, danışıqlar masası quruldu, ATƏT-in Minsk qrupu fəaliyyətə başladı, təkliflər, həll planları gündəmə gətirildi. Lakin bir addım belə irəliləyiş olmadı.

BMT ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar da Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etdilər. Lakin Ermənistan işğal siyasətindən əl çəkmədi.

Burada iki mühüm amil var idi.

Birincisi, beynəlxalq ictimaiyyət işğalçıya qarşı heç bir əməli addım atmırdı. Verilən qərarlar, qəbul edilən qətnamələr faktiki təsirsiz qaldılar.

İkincisi, işğalçı Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymurdu.

Minsk qrupu çərçivəsində uzun illər aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistan danışıqlar prosesini pozmaq istiqamətində təxribat addımlarını genişləndirməyə başladı. 2018-ci ildə İrəvanda siyasi hakimiyyətin dəyişməsi münaqişənin həllinə də müəyyən ümidlər yaratmışdı. Həm beynəlxalq oyunçuların çağırışları, həmçinin, Paşinyan hakimiyyətinin sələflərindən fərqli möbvqe sərgiləməsi bu ümidləri artırırdı. Hətta müxtəlif platformalarda Azərbaycan və Ermənistan rəhbərliyinin təmasları da var idi. Lakin sonradan Paşinyan hakimiyyəti aqressiv siyasi xətt tutdu. Hətta “yeni müharibə yeni ərazilər” ideyasını ortaya atdılar. İşğal altındakı torpaqların Ermənistana birləşdirilməsi fikirləri səsləndirildi. Nəhayət, 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın təxribat hücumu bu ölkənin nəinki münaqişənin həllini istədiyini, əksinə yeni ərazilər işğal etmək planlarının ortaya çıxardı.

Paşinyanın ziddiyyətli çıxışları, yeni-yeni iddialar irəli sürməsi, eləcə də yeni işğal planları ATƏT-in Minsk qrupunu da çıxışlaz vəziyyətə salmışdı. Həmsədr nə edəcəyini bilmirdilər, halbuki, yeganə yol işğalçını işğal etdiyi torpaqlardan çıxmağa məcbur etmək idi. BMT qətnamələri də, beynəlxalq hüquq da bunu tələb edirdi. Minsk qrupunun həmsədr ölkələri isə sadəcə susdu, seyrçi qaldı. Bu da Ermənistanın cəzasızlıq mühitindən istifadə edərək, mülki əhaliyə qarşı terror hücumuna zəmin yaratdı.

Və nəhayət, 27 sentyabr 2020-ci il tarixində mülki əhaliyə qarşı terror hücumuna cavab olaraq, Azərbaycan Ordusu əks hücuma keçdi. 44 gün ərzində torpaqlarımızdakı işğala son qoyuldu.

44 günlük müharibə ərzində Azərbaycan Ermənistan rəhbərliyi qarşısına dəfələrlə şərt qoydu: işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl verilsin və müharibə dayansın.

Lakin Ermənistan rəhbərliyi bundan imtina etdi və Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 günlük müharibə Ermənistana 7 min hərbçinin ölümü və acı məğlubiyyət gətirdi. Görünür Ermənistanın başa düşməsi üçün bu lazım imiş.

Burada əsas həqiqət həm də beynəlxalq hüququn işləmək mexanizmi ilə bağlıdır. Azərbaycan Ordusu 44 günlük müharibə ilə BMT qətnamələrini, beynəlxalq hüququ da təmin etmiş oldu.

Beynəlxalq hüquq ərazi bütövlüyü prinsipini əsas götürür. BMT-nin 4 məşhur qətnaməsi də bu prinsipə əsaslanırdı.

822 saylı qətnamə 1993-cü ilin 30 aprelində, Kəlbəcərin işğalından sonra qəbul edilmişdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

1993-cü ilin 29 iyul tarixində qəbul edilən 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

1993-cü ilin 14 oktyabrında qəbul edilən 874-cü qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

Və nəhayət, 1993-cü ilin 12 noyabr tarixində qəbul edilən 884-cü qətnamə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.

Bu qətnamələr düz 27 il kağız üzərində qaldı və bir çox hallarda işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoyulmadı. Azərbaycan Ordusu torpaqlarımızı azad etməklə BMT qətnamələrini də icra etdi.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vlll Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunub.

“Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”, - dövlət başçısı vyurğulayıb.

Azərbaycan Prezidenti münaqişənin həllinin, beynəlxalq hüququn bərpa edilməsinin, işğala son qoyulmasının vacibliyini dəfələrlə Qlobal Bakı Forumunda və müxtəlif beynəlxalq platformalarda səsləndirib. Lakin beynəlxalq birlik heç bir əməli addım atmayıb. Əməli addımı Azərbaycan özü atdı və işğala son qoydu.

Torpaqlarını azad edən Azərbaycanın o torpaqlarda üzləşdiyi mənzərə də acınacaqlı idi. Şəhərlər yerlə bir edilib, viran qoyulub, bütün evlər, bütün infrastruktur darmadağın edilib. Bu mənzərə Ermənistanın vandalizm siyasətinin əyani nümunəsidir.

Artıq münaqişə həll edilib və postmünaqişə dövrünün yeni reallıqları var.

Birincisi, Ermənistanın viran qoyduğu ərazilərin bərpa edilməsidir. Azərbaycan dövləti o torpaqlara həyatın yenidən qaytarılması üçün konkret proqramlar üzərində işləyir.

İkincisi, regionun gələcəyi ilə bağlıdır. Azərbaycan sərhədlərin müəyyən edilməsi, kommunikasiyanın bərpa olunması və sülh sazişinin imzalanmasını təklif edir.

Bölgənin də, Ermənistanın da gələcəyi bundan asılıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm