Azərbaycanın COVİD-19-a qarşı mübarizə modeli: Dünya üçün NÜMUNƏ
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın COVİD-19-a qarşı mübarizə modeli: Dünya üçün NÜMUNƏ

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirdi ki, Azərbaycanda indi pandemiya nəzarət altındadır. Dövlət başçısı COVİD-19-a qarşı aparılan mübarizədən və Azərbaycanın beynəlxalq təşəbbüslərindən də danışıb.

Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya pozitiv nümunə təqdim etdiyi beynəlxalq platformalardan da etiraf olunur.

Azərbaycan buna necə nail oldu?
Qlobal bəlaya qarşı beynəlxalq birliyi necə yaratdı?
Prezident İlham Əliyevin COVİD-19-a qarşı beynəlxalq mübarizəsi nədən ibarət idi?


Bu sualların cavabı aktualdır və dünyanın üzləşdiyi pandemiyadan sonra uzun müddət aktual olaraq da qalacaq.

Pandemiya ölkə daxilində nəzarətə alındı

COVID-19 Çində peyda olanda Azərbaycan qlobal bəlaya qarşı önləyici addımlara başladı. Dövlət orqanlarının fəaliyyəti koordinasiya edildi, beynəlxalq təcrübədə ən effektiv mübarizə üsulu olan “karantin strategiyası”nı tətbiq etdi.

Səhiyyə sistemini gücləndirdi: Prezident İlham Əliyevin göstərişi ilə ölkəyə çox sayda süni tənəffüs aparatı gətirildi. Mövcud xəstəxanalarda virusa yoluxanların müalicəsi üçün yerlər ayrıldı, bununla yanaşı, müasir texnologiyalara cavab verən klinika və 200 çarpayılıq modul tipli xəstəxanalar istifadəyə verildi. Qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edildi, hazırda COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. 5 ölkədən həkim qrupları ölkəyə dəvət olundu.

Buna paralel olaraq, koronavirus testinin keçirilməsi genişləndirildi. Azərbaycan əhalinin sayı ilə müqayisədə test sayına görə dünyada ən yaxşı göstəricilərdən sayılır. Pandemiyanın dünyada yayılmağa başladığı ilk dövrdə virusa qarşı mübarizə metodlarından biri də gündəlik keçirilən testlərin sayını artırmaqla yoluxma hallarının vaxtında müəyyən edilməsi və qarşısının alınması prinsipinə söykənən “test strategiyası” idi. Azərbaycan bu beynəlxalq təcrübədən də uğurla istifadə etdi. Tibbi maska ilə bağlı yarana biləcək qıtlığı aradan qaldırmaq məqsədilə yerli istehsal müəssisələri açıldı.

Vətəndaşlara və sahibkarlara tam dəstək: COVID-19 dünyaya təkcə xəstəlik yox, həm də iqtisadi itkilər və sosial çətinlik də gətirdi. Müxtəlif ölkələrdə baş verənlər insanların gündəlik ərzaq tələbatını ödəyə bilmədiyini, milyonlarla iş yerinin itirildiyini, 10 milyonlarla insanın aclığa məruz qaldığını göstərir. Azərbaycanda vətəndaşın sağlamlığı üçün “Evdə qal” devizinin davamı olaraq “dövlət sosial təminatını evinə gətirir” addımları atıldı. Prezident İlham Əliyevin qərarı ilə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Dövlət 2,9 milyard manatlıq dəstək paketini qəbul etdi, 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsini ödədi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi.

Heç bir müəssisənin iflasa uğramasına, heç bir vətəndaşın işsiz qalmasına imkan verilmədi. Sahibkarların kreditlərinin 60 faizi dövlət tərəfindən subsidiyalaşdırıldı. Bütün bunlar ölkə iqtisadiyyatının pandemiyadan ciddi zərər görməsi fonunda həyata keçirildi və bir daha təsdiq olundu ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır.

Pandemiyaya qarşı mübarizə modeli: Prezident İlham Əliyev COVID-ə qarşı təkcə dövlət səviyyəsində atılan addımlarla kifayətlənmədi və ən mühüm olan vətəndaş həmrəyliyinə nail oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bu istiqamətdə ən mühüm addımlardandır.

Azərbaycan lideri ölkə daxilində müsbət nəticələr verən bu təcrübəni regional, ardınca beynəlxalq müstəviyə daşıdı. Çünki COVID-19-la mübarizə təkcə ölkə daxili üçün yox, beynəlxalq münasibətlər üçün də sınaq oldu. Ölkələr “özünəqapanma” yolunu seçəndə Azərbaycanı pandemiyanın dağıdıcı təsirlərindən qoruyan Prezident İlham Əliyev regional və beynəlxalq müstəvidə mühüm addımlar atdı. Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq təcrübə yaratmasıdır.

Pandemiyanın dünyada yaratdığı siyasi-iqtisadi kollaps sübut etdi ki, gözəgörünməz düşmənə həmrəylik olmadan qalib gəlmək mümkün deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Beləliklə, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü və pandemiyaya qarşı regional müstəvidə həmrəyliyə nail olundu. Ardınca Azərbaycan lideri eyni təcrübəni beynəlxalq müstəvidə tətbiq etdi.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu, Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsinin beynəlxalq səviyyədə qəbul olunması idi. Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı Azərbaycanın COVID-19-a qarşı qlobal birlik formalaşdırdığını göstərdi. Prezident İlham Əliyev həmin Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın koronavirus pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürdü və müsbət qarşılandı.

Qlobal birliyin inşa edilməsi: Ölkə daxilində yaradılan təcrübəni regonal və beynəlxalq müstəvidə tətbiq edən Prezident İlham Əliyev qlobal səviyyədə ümumi bəlaya qarşı dünyanın birgə mübarizəsinə nail oldu.

Azərbaycan liderinin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Bu, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan koronavirus pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi idi.

2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla yanaşı, ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürməsi.

Azərbaycan COVİD-19-a qarşı mübarizədə digər ölkələrə maliyyə yardımı ilə də dəstək Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, eyni zamanda, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu, pandemiyaya qarşı qlobal mübarizəni təmin edən Azərbaycanın ümumbəşəri işə maliyyəsi ilə də dəstək verməsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm