Azərbaycanın Türk Şurasında həyata keçirdiyi işlər: Bakının türk dünyasına böyük töhfəsi
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın Türk Şurasında həyata keçirdiyi işlər: Bakının türk dünyasına böyük töhfəsi

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilir.

Türk dünyası hazırda heç olmadığı qədər inteqrasiya olunmuş vəziyyətdədir və güclənmək potensialına malikdir. TDƏŞ-nin bu günlərə qədər gəlməsində, inkişaf etməsində Azərbaycanın xüsusi rolu olub.

Türk dünyasında inteqrasiyanın güclənəsi prosesi xüsusilə Naxçıvan Zirvəsində başlandı. 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Naxçıvan sazişi imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan sazişin məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Bununla yanaşı, Türk Şurası adlı beynəlxalq təşkilatın yaradılmasına qərar verildi.

Naxçıvan Zirvəsindən sonra təşkilatın güclənməsi və inkişafı xüsusi xətlə seçilir. Daha sonra Özbəkistan Türk Şurasına üzv oldu, o cümlədən, Macarıstan müşahidəçi üzvlüyə qəbul olundu və bununla təşkilatda türkdilli olmayan ölkələrin də təmsilçiliyi presedenti yaradıldı.

Prezident İlham Əliyev Naxçıvan Zirvəsində çıxışı zamanı təşkilatın gələcəyi ilə bağlı mühüm təkliflərlə çıxış etdi və türk dünyasını birliyə dəvət etdi.

“Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq”, - dövlət başçısı bildirmişdi.

Ondan sonrakı dövrdə türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsi istiqamətində mühüm addımlar atıldı. Və bu prosesdə rəsmi Bakının böyük əməyi olub.

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan iki il ərzində Türk Şurasına sədrliyi dövründə də təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərib.

2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.

Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu Görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub. Azərbaycan bununla COVİD-19-a qarşı beynəlxalq təşkilatların mübarizə təcrübəsini yaratdı və bu, həm də Türk Şurasının dünya miqyasında nüfuzunun güclənməsi baxımından əhəmiyyətli idi.

Zirvə Görüşündə dövlət başçıları tərəfindən COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparıldı, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olundu.

Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilmiş, qarşıya qoyulan hədəflər müzakirə olundu. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir;

2020-ci il aprelin 28-də videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin Səhiyyə Nazirlərinin iclası keçirilib. İclas zamanı COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivlərinə, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsullarına, epidemioloji və elmi metodlara, epidemioloji monitorinqin aparılması və müxtəlif xəstəliklərlə mübarizədə “onlayn” bazanın yaradılmasına dair fikir mübadiləsi aparılıb. Səhiyyə nazirləri 2020-ci il oktyabrın 30-da İstanbulda da görüşüblər.

2020-ci il aprelin 30-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirildi. İclas zamanı COVID-19 pandemiyası dövründə Transxəzər dəhlizi boyunca zəruri məhsulların (yemək məhsulları, dərmanlar, tibbi avadanlıqlar) maneəsiz daşınması və tədarük zəncirinin fasiləsiz işləməsinin təmin edilməsi üçün qəbul edilməli olan əməli tədbirlərə, eləcə də humanitar məhsulların, əsas istehlak mallarının, dərman vasitələrinin və tibbi avadanlıqların çatdırılması yollarına dair fikir mübadiləsi aparılıb. Cari ilin 14 oktyabr tarixində Budapeşt şəhərində nəqliyyat nazirlərinin 5-ci iclası keçirilibdir.

2020-ci il mayın 6-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirildi. İclas zamanı COVID-19 pandemiyası dövründə tərəflər arasında iqtisadi mövcud vəziyyət, mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi “Birgə Türk İnvestisiya Fondu”nun təsis olunması prosesinin yekunlaşdırılmasının sürətləndirilməsi, Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramına dair fikir mübadiləsi aparılıb. 2021-ci il sentyabrın 10-da Türk Şurasının iqtisadi məsələlərə məsul nazirlərinin 10-cu iclası Bakıda keçirilmişdir. İclas zamanı ölkələr arasında maraq kəsb edən məsələlər müzakirə olunub, “Türk Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

2020-ci il mayın 7-də Türk Şurasına üzv və müşahidəçi ölkələrin miqrasiyadan məsul qurumların rəhbərlərinin iclası keçirilib. İclas zamanı viza, yaşayış/iş icazələri, dövlətlərin bir-birlərinin ərazilərində müvəqqəti qalan, təhsil alan və işləyən tərəflərin vətəndaşlarına dəstək və köməkliyin göstərilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıbdır.

2020-ci il iyunun 23-də videokonfrans vasitəsilə Türk Şurasının turizmdən məsul nazirlərin iclası keçirilib. İclas zamanı COVID-19 pandemiyasının üzv dövlətlərin turizm fəaliyyətlərinə təsiri, pandemiya dövründə turistlərin təhlükəsiz səyahətlərinin təmin edilməsi, Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi və pandemiyanın təsirinin azaldılması üçün üzv dövlətlər tərəfindən görülmüş təbirlər ilə bağlı təlim proqramının fəaliyyətə başlamasına dair fikir mübadiləsi aparılıb. Cari ilin 24 iyun tarixində Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin turizmdən məsul nazirlərinin altıncı iclası keçirilib. Bununla Özbəkistan ilk dəfə olaraq üzv dövlət kimi təşkilat çərçivəsində nazirlər toplantısına ev sahibliyi edib.

2020-ci il fevralın 6-da Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirildi. Həmçinin 2021-ci il sentyabrın 27-də İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçirilibdir.

2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutdu. Bu, Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir idi. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verildi. Uzun tarixə malik olan ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri vardır ki, bu səbəbdən sözügedən ənənə davam etdiriləcəkdir. Tədbirdə qeyri-rəsmi Zirvə Görüşünün Türkistan Bəyannaməsi qəbul olundu.

Vətən müharibəsindən sonra Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə, bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum keçirilib.

Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq olduqca önəmlidir. Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılıbdır. Bu xüsusda 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının Mediadan məsul nazir və rəsmilərin iclası xüsusi əhəmiyyət kəsb edir. Həmin iclasda qəbul olunmuş qərarlara müvafiq olaraq, cari ilin 22-24 oktyabr tarixlərində İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil olunubdur.

2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-ya yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media turu təşkil olunub.

Təhsil sahəsində də əməkdaşlıq davam edib. Cari ilin 3-4 noyabr tarixlərində təşkilata üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası, 28-29 oktyabr tarixlərində isə Türk Universitetlər Birliyinin beşinci Baş Assambleyası keçirilib.

Təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığa da önəm verilir. Bu xüsusda 2019-cu il noyabrın 29-da Bişkek şəhərində, 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində müvafiq olaraq gənclərdən məsul nazirlərin dörd və beşinci iclaslarını göstərmək olar. Daşkənddə keçirilmiş nazirlər iclası çərçivəsində Birinci Gənc Sahibkarlar Forumu da baş tutubdur.

Azərbaycanın təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da “online” formatda TDƏŞ-in kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclası keçirilib. İclas zamanı kənd təsərrüfatından məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılığa gəlinib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə 2021-ci noyabrın 1-2-də Bakı şəhərində Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirilmiş, iclas çərçivəsində Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olunub.

2020-ci il noyabrın 20-də Bakı şəhərində Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı keçirilib. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərilib.

Türk Şurasının Budapeşt Ofisində 2021-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu tərəfindən “Türk Dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlıq: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulubdur.

Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv olmuşdur. İstanbulda keçiriləcək 8-ci Zirvə Görüşündə isə Türkmənistanı təşkilat yanında müşahidəçi statusu əldə edəcəkdir.

Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı ilə əlaqədar müzakirələr davam etdirilib. İstanbul Zirvə Görüşündə Türk Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılmasına dair qərar qəbul ediləcəkdir ki, bu da təşkilatın beynəlxalq nüfuzunun artırılmasına və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etmiş, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edibdir. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə etmişlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənib, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verilibdir.

Türk Şurası heyəti 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət edib. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olublar.

Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb.

Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm