Azərbaycan Prezidenti türk dünyasında yeganə liderdir ki... - Məhəməliyev
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Prezidenti türk dünyasında yeganə liderdir ki... - Məhəməliyev

"Türk Dünyası öz tarixinin ən əlamətdar günlərini yaşayır. İstanbul şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Toplantısında ilk dəfədir ki, 7 dövlət iştirak edir. Əsası 2009-cu ildə Naxçıvan şəhərində qoyulan təşkilatda cəmi 4 dövlət təmsil olunurdu. Əlavə olaraq Macarıstanın və Özbəkistanın tam hüquqlu üzv qəbul olunması və Türkmənistanın müşahidəçi statusu alması, təşkilatın getdikcə nüfuzunun artmasının göstəricisidir. Gələcəkdə yeni üzvlərin cəlb olunacağı gözlənilir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, 100 ildən artıq bir müddətdə bir-birilərindən məqsədyönlü şəkildə aralı salınmış, eyni dəyərlərin daşıyıcısı olan ölkələrin reinteqrasiyası üçün münbit tarixi şərait yetişib:

"Ələlxüsus, son zamanların yaratdığı yeni geosiyasi reallıqlar, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, çoxqütblü dünya nizamı tələb edir ki, dövlətlər öz müstəqilliklərini möhkəmləndirmək üçün təhlükəsizlik, müdafiə sistemlərini etibarlı şəkildə təşkil etsinlər. Bunun üçün isə, TDƏŞ kimi bərabərhüquqlu, təbii müttəfiqlik üzərində qurulmuş təşkilatın yaradılmasl ən effektiv vasitə hesab olunur. Bu baxımdan Təşkilatın adının dəyişdirilərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adlandırılması, düşünürəm ki, olduqca doğru addımdır. Etiraf etməliyəm ki, yaxın keçmişdə müəyyən obyektiv və daha çox subyektiv səbəblərdən belə bir birliyin yaradılmasını təsəvvür etmək çətin idi. Keçmiş Sovet respublikaların bəzilərində siyasi hakimiyyətlərin strateji məsələlərdə müstəqil siyasət aparmaq imkanlarının məhdud olması, türk dünyasının inteqrasiyasını ləngidirdi".

Millət vəkili bildirib ki, Azərbaycanın 30 il işğalda olan torpaqlarının cəmi 44 gün ərzində azad etməsi, Türkiyənin müxtəlif coğrafiyalarda əldə etdiyi hərbi-siyasi qələbələr, iki qardaş ölkənin böyük güclər qarşısındakı duruşu, digər türk dövlətlərində böyük inam yaratdı:

"Onların hər biri dərk etdi ki, ayrı-ayrılıqda müasir dünyanın çağırışlarının öhdəsindən gəlmək çətin olacaq. Böyük bir coğrafiyanı əhatə edən, zəngin təbii sərvətlərə və əmək resurslarına malik dövlətlərin iqtisadi-ticari əməkdaşlığı üçün geniş potensial var. Bu potensialdan səmərəli istifadə olunması, həmin dövlətlərin hərtərəfli inkişafına, güclənməsinə təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin, apardığı müstəqil xarici siyasət, beynəlxalq nüfuzu, cəsarətli çıxışları, dünyanın əksər dövlət və hökumət başçıları ilə, o cümlədən türkdilli liderlərlə dostluq münasibətləri, Türk Birliyinin formalaşmasında əhəmiyyətli rol oynadı. Cənab Prezident təşkilatda yeganə Liderdir ki, bütün həmkarları ilə hər hansı tərcüməçi olmadan sərbəst dialoq qurur və lazım gəldikdə onların ümumi dil tapmasında kömək edir. Azərbaycan bütövlükdə türk dünyasında körpü rolunu oynayır. Təsadüfi deyil ki, Türk dünyası qarşısındakı misilsiz xidmətlərinə görə, ölkə Başçımız təşkilatın Ali ordeninə layiq görüldü. Hörmətli Rəcəb Tayyib Ərdoğanın məxsusj olaraq, Azərbaycan Prezidentini Müzəffər Ali Baş Komandan kimi təqdim etməsi, düşünürəm ki, onun əməyinə verilmiş qiymətlə yanaşı, digər həmkarlarına ünvanlanmış mesaj idi".

Nəsib Məhəməliyevin fikrincə, bununla qardaş ölkənin Başçısı demək istəyirdi ki, SSRİ dağılandan sonra Azərbaycanın ən çətin, mürəkkəb vəziyyətə düşməsinə baxmayaraq, dünyanın müdafiə etdiyi düşməni məhv etdi, çəkinmədi, qorxmadı:

"Problemini həll etdi. Siz də çəkinməyin, qətiyyətli olun. İlham Əliyevdən nümunə götürün. Ələlxüsus, ona olan təzyiqlərin yüzdə biri sizə yoxdur. Biz birlikdə olmağa məhkumuq. Bu gün tarixi şəraitdən yararlanmamaq, gələcəkdə ciddi problemlərlə qarşılaşmaq deməkdir. TDƏŞ-ın yaranması və adının dəyişməsi, tarixi zərurətdir. İnanıram ki, yaxın gələcəkdə TDƏŞ, Avropa Birliyi kimi güclü, nüfuzlu beynəlxalq təşkilata çevriləcək və gec-tez BMT-da aparılacaq islahatlardan sonra, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol alacaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm