Türk Dövlətləri Təşkilatı Avropa Birliyinə alternativ birlik olacaq - Fazil Mustafa
Bizi izləyin

Nida Təhlil

Türk Dövlətləri Təşkilatı Avropa Birliyinə alternativ birlik olacaq - Fazil Mustafa

Türkdilli ölkələrin yaratdığı şura böyük bir tarixi mərhələdə fəaliyyət göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsində də Azərbaycanın önəmli rolu vardır. Azərbaycan bilavasitə bu şuranın yarandığı ölkə kimi xatırlanır. Naxçıvanda ilk sammitin keçirilməsi, orada alınan qərarlar da həmin sistemin işə düşdüyü tarix kimi anlaşılmalıdır. Şurada ilkin olaraq dörd dövlətin iştirak etməsi ardınca da, digər dövlətlərin bura geniş şəkildə üzv olaraq qatılması tarixi bir proses, türk dünyasının oyanışı, dirilişi baxımından təkanverici bir hadisədir. Sonradan Özbəkistanın şuraya qoşulması, bu gün də Türkmənistanın real üzv olaraq yer alması kompleks şəkildə Türk Şurasının imkanlarını genişləndirdi.

Bu fikirləri Publika.az-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan Şuraya sədrlik edəndə iki ciddi hadisə ilə yadda qaldı. Birinci növbədə, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı şərtlərdə türk dünyasının əməkdaşlıq sisteminin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu oldu. İstər xəstəliyin qarşısının alınması, istər peyvəndlərin ədalətli formada paylanılması istiqamətində türk dövlətləri bu dövrdə bir-birinə dəstək verdilər. İkincisi isə Azərbaycanın Vətən müharibəsində Zəfərindən başlayan bir zamandır.

Ötən il torpaqlarımızın işğaldan azad edilməsi dövründə ölkəmizin böyük dəstəyə ehtiyacı vardı. Bu dəstəyin ən böyüyü Türkiyədən və sonra isə başqa türk cümhuriyyətlərindən gəldi. Onlar Azərbaycanın apardığı savaşı, Qələbəni yüksək dəyərləndirərək, həmçinin ayrı-ayrı platformalarda Azərbaycanın mövqeyini gücləndirdilər. Belə ki, həmin dövlətlərdən bəziləri KTM, MDB, Avropa Şurasında yer alırdılar. Bütün bunlar onu göstərdi ki, bu həmrəylik olduqca önəmlidir. Qısa müddətdə də Azərbaycan həmin dövlətlərin ekstremal vəziyyətdə rəylərini birləşdirərək, təşəbbüs göstərərək onların toplantısını keçirdi. Bir-birilərinə dəstək verilməsi üçün müəyyən dərəcədə addımlar atılmasını gerçəkləşdirdi.

“Burada bir önəmli hadisə Türkmənistanla olan neft yataqları ilə bağlı bir uzlaşmanın yaranması idi”, - deyən F.Mustafanın sözlərinə görə, bu, ona görə vacib idi ki, düşmənlərə türk dövlətləri arasında hansısa bir ziddiyyətdən istifadə etməyə imkan verilməsin.

“İndi isə Türk Şurasının ayrıca bir təşkilata - Türk Dövlətləri Təşkilatına çevrilməsi bir bölgə gücü olan mexanizmin yaradılmasından bəhs etməyə imkan verir. Bu da bölgədə olduqca əhəmiyyətli təsir imkanları yaradacaq, türk dövlətlərinin potensialından birgə istifadə olunmasına imkan verəcək. Təşkilat bütövlükdə həm də Avropa Birliyi və anqlosakson mahiyyətli birliklərlə alternativ və paralel bir birlik olacaq, onlarla rəqabətdə də daha güclü bir türk dünyasının dəyərlərini, imkanlarını ortaya qoyacaq. Bu, həm hansısa bir savaşı özü üçün hədəf seçən bir birlik deyil, əslində, sülhü, ədaləti dünyaya gətirə biləcək birlikdir. Əslində, tarixə baxsaq, türk dünyasının missiyası da bu olub. İstanbulda keçirilən sammit də bu prosesi daha aydın şəkildə ortaya qoyacaqdır. Türk dünyasının birləşməsi, səylərini bir araya gətirməsi və ortaq gələcək barədə planlar qurması bu coğrafiyada çox balansları dəyişəcək və prosesləri sürətləndirəcək. Həm də türk dünyasına aid olan bütün xalqların da müəyyən dərəcədə bir ümid yerinə çevriləcəkdir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm