İstanbul Bəyannaməsi: Türk Dövlətləri Təşkilatının prioritetləri müəyyən edildi
Bizi izləyin

Nida Təhlil

İstanbul Bəyannaməsi: Türk Dövlətləri Təşkilatının prioritetləri müəyyən edildi

İstanbulda türk dünyası üçün tarixi günlər yaşandı. Türk Şurasının VIII Zirvə görüşündə təşkilatı adı dəyişdirildi: Türk Dövlətləri Təşkilatı (TDT);

TDT-nin coğrafiyası genişləndi: Türkmənistan təşkilata müşahidəçi üzv qəbul olundu, beləliklə, 6 türkdilli dövlət eyni çətirin altında birləşdi;

Bundan sonra türkdilli ölkələr beynəlxalq səviyyədə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərəcək. İstanbul Zirvəsndə qəbul edilən Bəyannamə də gələcək fəaliyyətin istiqamətlərini özündə əks etdirir.

Bəyannamədə kifayət qədər mühüm məqam var

Naxçıvan Sazişinin məqsəd və prinsipləri əsas götürülür. Naxçıvan sazişi Türkilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Şurası adlandırılması və Türk Dövlətləri Təşkilatının təməlinin atılmasına zəmin yaratdı. Saziş türkdilli ölkələrin əməkdaşlığının inkişafına yeni imkanlar açdı. İstanbul Bəyannaməsində Naxçıvan Sazişinə istinad edilməsi bundan sonrakı dövrdə türk dünyasının inteqrasiyasının xüsusi əhəmiyyət kəsb edəcəyi deməkdir. Bəyannamədə türkdilli xalqların ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan əməkdaşlıq və həmrəyliyin dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqlik ifadə olunur.

Türk dövlətlərinin müstəqillik əldə etdikdən sonra nail olduqları əhəmiyyətli siyasi və sosial-iqtisadi irəliləyişi yüksək qiymətləndirilir. Bununla keçilən yola nəzər salınır və türk dövlətlərinin inkişaf potensialı önə çıxarılır. Azərbaycanın 90-cı illərdən günümüzə qədər keçdiyi yol bunun əyani nümunəsidir.

Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib, beynəlxalq layihələrin aparıcı iştirakçısıdır, dayanıqlı iqtisadi inkişafı ilə regionda model rolunu oynayır.

Siyasi gücün əsasını iqtisadi potensial təşkil etdiyini nəzərə alsaq, türk dövlətlərinin də gələcək gücü iqtisadi inkişafdan keçir.

Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək ifadə olunur. Beləliklə, Azərbaycanın 44 günlük müharibədə bərpa etdiyi ərazi bütövlüyü dəstəklənir, müharibənin nəticələri türk dünyası tərəfindən qəbul olunur.

Türk Dövlətləri Təşkilatının digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək üçüncü tərəflərlə əməkdaşlığın formalarının qəbul edilməsi də ən vacib məqamlardandır. Bu, təşkilatın beynəlxalq əlaqələrinin inkişafına təsir edəcək.

Türk Dövlətləri Təşkilatı Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edib. Təşkilat və üzv dövlətlər ərazilərini işğaldan azad etmək uğrunda Azərbaycanın haqq işinə böyük dəstək verdi. Bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması alqışlanır, dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörməti əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olunduğu qeyd olunur, eləcə də Üzv və Müşahidəçi Dövlətlərin Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfələrini verməyə hazır olduqlarını ifadə edilir.

Bəyannamədə COVID-19 pandemiyası zamanı bu qlobal təhlükənin mənfi təsirlərini yumşaltmaq üçün Üzv və Müşahidəçi Dövlətlərin ikitərəfli və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdikləri həmrəylik və əməkdaşlığın davam etdirilməsinə sadiqlik də ifadə olunur.

Bu, Prezident İlham Əliyevin başladığı prosesin davam etdirilməsidir. 2020-ci il aprelin 10-da Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub. Azərbaycan bununla türk dövlətlərini COVİD-19-a qarşı mübarizədə birləşdirdi və beynəlxalq təşkilatlar üçün təcrübə yaratdı.

Bəyannamədə bir neçə mühüm tapşırıq verilir, çağırışlar edilir:

- Üzv dövlətlər arasında münasib şəraitin yaradılması amilinə sadiq qalaraq əlaqədar qurumlar qarşılıqlı ticarət, investisiya təşkil etmək üçün lazımi tədbirlər görməlidir: bu, 10 sentyabr 2021-ci ildə Bakıda təşkil olunan iqtisadiyyat nazirlərinin 10-cu görüşündə və 6 may 2020-ci ildə onlayn təşkil olunan iqtisadi ticarət və gömrük administrasiyaları nazirləri arasında ümumi görüş əsnasında qəbul olunan qərarların təsdiq edilməsidir.

- Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma tamamlanmalı və 2022-ci il 1 sentyabr tarixindən gec olmayaraq imzalanmalıdır;

- Üzv dövlətlərin aidiyyəti nazirlikləri yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə çoxtərəfli əməkdaşlığa təşəbbüs göstərəcək;

- Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində Zəngəzur dəhlizi daha yaxşı əlaqə təmin etmək üçün yeni yaranan fürsət kimi vurğulanır və Üzv Dövlətlərin müvafiq qurumları Azərbaycan Respublikası Hökumətinin dəhlizin tezliklə fəaliyyətə başlaması üçün səylərini dəstəkləməyə çağırılır;

- Üzv və Müşahidəçi dövlətlər Asiya və Avropa arasında Fiber Optik yüksəksürətli internet xəttinin tikintisini nəzərdə tutan Digital Hub layihəsinin həyata keçirilməsində Azərbaycana dəstək verməyə dəvət olunur, Transxəzər Fiber Optik layihəsinin əhəmiyyətinin vurğulanması və onun həyata keçirilməsini sürətləndirmək üçün səylərin artırılmasına çağırış edilir;

- Türkiyədə və bütün regionda baş verən meşə yanğınları və daşqınlar kimi ekoloji fəlakətlərlə bağlı dərin kədər və narahatlıq ifadə olunur, Azərbaycanın Türkiyəyə yardımı xüsusi vurğulanır;

- Türk Dövlətləri Təşkilatının himayəsi altında Türkiyə, Azərbaycan, Qazaxıstan və Macarıstanın Afrika ölkələrinə vaksin ianə edilməsi alqışlanır: Azərbaycan koronavirusla mübarizədə 30 ölkəyə, o cümlədən, ÜST-ə yardımlar edib;

- Üzv dövlətlərin müvafiq orqanlarına Türk Kosmik Agentliyinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Kosmik Texnologiyalar Layihələri sahəsində əməkdaşlıq və koordinasiya yaratmaq tapşırılıq.

- Şuşanın Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsindən məmnunluq ifadə olunur və bu məqsədlə fəaliyyət və tədbirlərin həyata keçirilməsinin dəstəklənir;

- Mədəniyyətlərarası dialoqda türk dünyasının təşkilatçı rolunun təşviq edilməsi və “Bakı prosesi” və onun əsas tədbiri – BMT Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platformalardan biri kimi qeyd edilən və iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu vasitəsilə Azərbaycanın səyləri dəstəklənir.

Bəyannamədə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurlu sədrliyi yüksək qiymətləndirilir və onun Hərəkatın beynəlxalq münasibətlər sistemində nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş səyləri alqışlanır.

Bununla yanaşı, Azərbaycan Respublikası 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi münasibətilə təbrik edilir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi böyük töhfə yüksək qiymətləndirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm