ABŞ və Rusiya görsə ki, türklər yenə... - Politoloq
Bizi izləyin

Nida Təhlil

ABŞ və Rusiya görsə ki, türklər yenə... - Politoloq

“Avropa Birliyi Avropa dövlətlərinin qurduğu bir modeldir. Bu modelin öz məqsədləri var. Əslində, Türk Dövlətlərinin vahid ittifaqda birləşməsi də məqsədlərə çatmaq üçün bir proqramdır. Türk Dövlətlərinin ittifaqını həm Avropa Birliyinə, həm də türkofobiya-islamofobiya üçün qurulan birliklərə qarşı bir istehkam kimi qiymətləndirə bilərik. Bu yolda atılan addımlar içərisində VIII İstanbul sammiti mühüm yerə malikdir. Ümumiyyətlə, bir koalisiyaya qarşı vuruşmaq üçün ən optimal variant başqa bir koalisiya qurmaqdır. Türk Dövlətləri Təşkilatı da bunlardan biridir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elman Vəliyev İstanbulda baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün məqsədlərinə və onun Avropa Birliyinə alternativ olması fikrinə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, İstanbulda keçirilən VIII Zirvə görüşü bu baxımdan çox mühüm əhəmiyyətə malikdir:

“Burada bir çox mühüm qərarlar qəbul edildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması önəmli addım oldu. Əvvəlki adında əməkdaşlıq şurası nəzərdə tutulmuşdusa, indi vahid bir ad altında birləşdilər. Həmçinin sammitdə təşkilatın 2040-cı il proqramı da qəbul edildi. Yəni 2040-cı ilə qədər bir çox vacib işlər görüləcək. Bir nüansa diqqət edək, hazırda türkofobiya, islamofobiya siyasəti dünyada mövcuddur və olacaq da. Osmanlı imperiyası 3 qitəyə qədər şaxələnmişdi. Buna görə türklərin qarşısını almaq, parçalamaq üçün Avropa koalisiyalar qurdu, əməkdaşlıq etdi və nəhayət istədiyinə nail oldu. Siyasətdə maraqlar ən öndə gedən məfhumdur. Bu gün bir-birlərinə düşmən kimi görünən Amerika ilə Rusiya görsə ki, türklər yenə dirçəlib, Osmanlı geri dönür, bunun qarşısını almaq üçün bir ittifaqda birləşməkdən çəkinməyəcəklər”.

Politoloqun fikrincə, türk dünyası üçün vahid bir ittifaqda birləşmək əsas şərt idi ki, bunun da başlanğıcı məhz VIII İstanbul sammitində qoyuldu:

“Bu təşkilata bütün türk dövlətləri daxil edildi və bu ildən başlayaraq rəhbərlik Türkiyənin əlində olacaq. Dünyada Turan ideyası mövcuddur - türklərin bir yumruq altında birləşməsini nəzərdə tuturam. Biz bu sammiti Turana gedən yol kimi qiymətləndirə bilərik. Avropa Birliyi necə qurulmuşdu?! Məhz bu formatda yaradılmışdı. Avropa dövlətlərinin keçirdiyi bir sammitdə belə qərarlar qəbul edilmişdi. Məqsədləri xarici düşmənlərə qarşı birləşmək, birlikdə əməkdaşlıq etmək, enerji qaynaqlarına sahib olmaq və sair idi. Bu təşkilat təkcə siyasi deyil, iqtisadi, hərbi, informasiya birliyidir. Məlumdur ki, güc ünsürləri içərisində ən əsası iqtisadi potensialın çoxluğudur. Türk dövlətləri iqtisadi cəhətdən potensiallığı artırmalıdırlar ki, başqalarının asılılığına düşməsinlər. Mərkəzi Asiya dövlətlərinin mühüm strateji mövqeləri var, Türkiyə dünyanın yağlı yeridir desək, yanılmarıq. Həm strateji mövqeyinə, həm də enerji qaynaqlarının olduğu məkanda yerləşməsinə görə mühüm dövlətdir. Türk dünyasının yenə güclənməsinə ümidim böyükdür. Bu, bir gün olacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm