Cinpin adını belə əbədiləşdirdi - Detallar
Bizi izləyin

Nida Təhlil

Cinpin adını belə əbədiləşdirdi - Detallar

“ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında ötən həftə keçirilən videokonfrans münasibətləri nisbətən normallaşdırmaq məqsədi daşıyırdı. Vaşinqton və Pekin müharibə istəmir. Ancaq iki ölkə arasında fikir ayrılıqları o qədər dərinləşib ki, bir videokonfrans vasitəsilə problemləri həll etmək çətin olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Si Cinpin öz hakimiyyətini gücləndirməklə məşğuldur: “Çinin yaxın tarixinin 2 böyük lideri var. Bu Mao Tsedun və Den Syaopindir. Mao Tsedun Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının qurucusudur. O, həm işğalçı Yaponiya ilə müharibədə, həm də rəqiblər qarşısında qələbə qazanıb. Den Syaopin isə Çinin iqtisadi inkişafının əsasını qoyanlardandır. Məhz Syaopin Çinin siyasi sistemini və Kommunist Partiyasının aparıcı rolunu saxlamaqla bazar iqtisadiyyatına keçidin və rəqabət mühitinin yaradılmasının memarı sayılır.

Si Cinpin Mao Tsedun və Den Syaopindən sonra ölkəsinin üçüncü lideri kimi tarixə düşmək istəyir. Bununla bağlı müvafiq qətnamə də qəbul olunub. Çin Kommunist Partiyasının 11 noyabrda keçirilən plenumunda müvafiq qətnaməyə səs verilib. Qətnamədə ölkənin keçdiyi tarixi yola qiymət verilməklə yanaşı, gələcək inkişafın istiqamətləri müəyyənləşdirilib. Bu cümlələrin yer aldığı qətnamədə Si Cinpinin rolu xüsusi vurğulanıb. Mümkündür ki, Kommunist Partiyasının növbəti qurultayında Cinpin yeni müddətə - üçüncü dəfə lider seçilsin. Halbuki, 1980-ci illərdən başlayaraq Çin Kommunist Partiyası daxilində qəbul olunan qaydalara görə, liderin 2 müddətdən sonra dəyişməsi labüd bilinirdi. Bu müddəanın artıq Si Cinpinə aidiyyəti olmayacaq”.

E.Şahinoğlu qeyd edib ki, Kommunist Partiyasının rəhbər heyəti Si Cinpinin əldə etdiyi nəticələri yüksək qiymətləndirir: “Elə qətnamədə də məhz Cinpinin liderliyi əsasında Çinin çiçəklənmə dövrünə qədəm qoyduğu vurğulanıb. İqtisadiyyatda, xarici siyasətdə, ekoloji problemlərin həllində və pandemiya ilə mübarizədə Si Cinpinin xüsusi rolu vurğulanan qətnamədə onun ismi rəsmən Mao Tsedunla və Den Syaopinlə birgə hallanıb. Çin Kommunist Partiyasının 1945-ci il qətnaməsində Mao Tsedunun, 1981-ci ildəki qətnamədə isə Den Syaopinin adı xüsusi olaraq hallanırdı. 2021-ci il qətnaməsi isə Si Cinpinin ismini əbədiləşdirdi”.

Politoloqun sözlərinə görə, Si Cinpin bu qətnamə vasitəsilə hakimiyyətini və avtoritar idarəetməni gücləndirəcək: “Cinpin Çinin iqtisadi gücü ilə yanaşı, hərbi gücünü də artırmaqla məşğuldur. Ölkəsini super dövlətə çevirməyə çalışan Si Cinpin başda ABŞ olmaqla qonşuları Hindistan, Yaponiya və Avstraliyaya meydan oxumaq siyasətini davam etdirəcək.

Bu mübarizə Cinpinin partiyasında mövqelərini gücləndirməyə xidmət edəcək. Hazırkı mərhələdə partiya içərisində kimsə ona alternativ olmaq istəməyəcək. Onsuz da Çin parlamentinin 2018-ci ildə Konstitusiyaya etdiyi dəyişikliyə görə, Si Cinpin istədiyi qədər ölkəsini idarə edə bilər, məhdudiyyətlər ortadan qaldırılıb. Başqa sözlə, Cinpin ömrünün sonuna qədər ölkəsini idarə edə bilər. 2012-ci ildə Çin Kommunist Partiyasının baş katibi seçilən Cinpin 5 il sonra yenidən bu vəzifəyə seçilib. Beləliklə, Çinlə rəqabət aparan ölkələr hələ uzun müddət qarşılarında Si Cinpini görəcəklər. Bu həm də o deməkdir ki, Cinpinin hakimiyyəti dövründə Çinə qarşı müxtəlif koalisiyaların formalaşması və sıralarının genişləndirilməsi siyasəti də davam edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm