Paşinyanın dəhliz iddiaları: Azərbaycan adekvat addım ata bilər
Bizi izləyin

Nida Təhlil

Paşinyanın dəhliz iddiaları: Azərbaycan adekvat addım ata bilər

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında bölgədə yaranmış sülh və əməkdaşlıq atmosferini pozmaq məqsədində olduğunu açıqladı. Əsas cəhdlərindən biri Zəngəzur dəhlizinin qarşısını almaqdır. Rəsmi İrəvanın dəhlizlə bağlı siyasətini üç istiqamətə irəli sürür:

Birincisi, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinə razı deyil;
İkincisi, nəqliyyat əlaqəsinin bərpası Ermənistanın nəzarətində olmalıdır: misal üçün, Azərbaycanla Naxçıvanın əlaqəsini yaradacaq nəqliyyat xəttində gömrük postları qurulmalıdır;
Üçüncüsü, 10 noyabr üçtərəfli razılaşmada “dəhliz” ifadəsi yoxdur;


Paşinyan məhz bu kontekstdən çıxış edərək, qəti şəkildə Zəngəzur dəhlizinə qarşı olduğunu açıqladı.

Üçtərəfli bəyanatı incələdikdə Ermənistanın arqumentlərinin absurd olduğu ortaya çıxır.

1. 10 noyabr bəyanatının 9-cu bəndində deyilir ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Paşinyanın da imza atdığı bəyanatda açıq şəkildə qeyd olunur ki, “Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Burada maneəsiz ifadəsi İrəvanın tələb etdiyi “nəzarət-buraxılış məntəqəsi” nəzərdə tutulmaması deməkdir.

Bununla yanaşı, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri qorumalıdır. Bu, Laçın dəhlizi ilə eyni status daşıyır. Laçın dəhlizində də təhlükəsizliyi Rusiya sülhməramlıları qoruyur və orada Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yoxdur. Əgər Zəngəzur dəhlizində keçidə Ermənistan nəzarət edəcəksə, o zaman, Azərbaycan da Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmalıdır.

2. Ermənistanın baş naziri iddia edir ki, “dəhliz” ifadəsi laçı dəhlizinə münasibətdə işlədilib. Bəyanatın 6-cı maddəsində bildirilir ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Lakin burada Laçın dəhlizi sözünün yanında “maneəsiz hərəkət” ifadəsi yer almır və bu o deməkdir ki, Azərbaycan dəhlizdə nəzarət-buraxılış məntəqəsi qura bilər, amma bunu etmir.

Paşinyanın açıqlamaları o məsələni də aktuallaşdırır ki, Ermənistan Laçın dəhlizindən istifadə edirsə, Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaqdır.

Kommunikasiyanın açılmaması bölgənin siyasi və iqtisadi gələcəyi üçün də risklər təşkil edir. Halbuki, Zəngəzur dəhlizi ilk növbədə Ermənistanın maraqları üçün sərfəlidir. Çünki Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi vardır. Ermənistanın isə belə imkanı yoxdur və düşdüyü vəziyyətdən çıxmağın yeganə yolu kommunikasiyanın bərpa edilməsidir.

Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələrinin qurulması İrəvan üçün ilk dərs hesab olluna bilər. Bu yol Ermənistanın İrana çıxışı üçün əsas marşrutdur, lakin hazırda həmin yolda Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində də günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi alternativ Tatev yolu isə istifadəyə yararsızdır, xüsusilə yük avtomobillərinin hərəkəti ümumiyyətlə qeyri-mümkün həddədir.

Bu, kommunikasiya açıqlamayacağı təqdirdə onsuz da çətin vəziyyətdə olan Ermənistan iqtisadiyyatını daha ağır günlər gözlədiyi deməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm