Paşinyan Putinə kələk gəlmək istəyir: İrəvanın Moskvaya qarşı GİZLİ OYUNU
Bizi izləyin

Nida Təhlil

Paşinyan Putinə kələk gəlmək istəyir: İrəvanın Moskvaya qarşı GİZLİ OYUNU

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı oynayır. Son çıxışında iki məqam əslində erməni baş nazirin vərdiş etdiyi yalanı davam etdirdiyini və siyasi münasibətlərdə bağışlanmaz olan “kələk gəlmək” taktikasından əl çəkmədiyini göstərir.

Paşinyan iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin 9 noyabrda görüş təklifinin gerçəkləşməməsinin səbəbkarı o deyil. Hərçənd, mediada xəbərlərin xronologiyasına baxdıqda belə onun yalan danışdığı məlum olur.

Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşün keçiriləcəyini açıqladı. Rusiya mənbələri bu görüşün 9 noyabrda olacağı haqda məlumat yaydı. Paşinyan “9 noyabr görüşünü” təkzib etdi və ardınca Peskov açıqlamasına korrekt etməyə məcbur oldu.

Diplomatik mənbələr də təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən görüşə gəlməkdən imtina edib. Məlumatlara görə, hətta Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşün yekun bəyanatı da hazırlanırmış. Paşinyan bu addımı ilə Rusiyaya qarşı növbəti dəfə hörmətsizliyini nümayiş etdirdi.

Daha sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfləri Brüsseldə görüşməyə razı saldı. Əslində bu görüş Paşinyanın təşəbbüsü olub və erməni baş nazir Rusiyasız görüşün təşkili ilə bağlı Mişeldən xahiş edib. Faktiki Rusiya və bu ölkənin lideri Vladimir Putin çıxılmaz və pərt vəziyyətinə düşdü. Axı necə olur münaqişənin həllindən tutmuş regionun gələcəyinin qurulmasına qədər bütün məsələlərə vasitəçilik edən Rusiyanın görüş təklifi qəbul edilmir, amma ona rəqib olmaq istəyən Qərb belə bir görüş keçirə bilir?!

Paşinyanı bu məsələdə anlamaq da olar. Özü də açıqlayır ki, 9 noyabr tarixi onlar üçün ağır gündür. Əslində bununla “görüşdən biz imtina etməmişik” fikrini də təkzib edir və təsdiq edir ki, məhz kapitulyasiya aktına imza atdığı 2020-ci ilin 9-10 noyabr tarixinin ildönümündə görüşmək, növbəti razılaşmalara imza atmaq istəməyib.

Rusiyanı Qərbə dəyişən Nikol Paşinyan çıxışında bildirir ki, “Rusiyaya hörmətlə yanaşırlar və KTMT-dən çıxmaq niyyətində deyillər”. Erməni baş nazir doğrudanmı səmimidir?

1. Sərhədlərin müəyyənləşməsi ilə bağlı problem ortaya çıxanda Paşinyan “beynəlxalq müşahidəçilər” adı altında Qərb ölkələrini bölgəyə gətirmək niyyətini açıq şəkildə bildirib;
2. 16 noyabrda sərhəd təxribatı törədəndə də Ermənistan rəsmiləri KTMT-yə deyil, NATO-ya, Avrpa İttifaqına və Rusiyaya qarşı olan digər qurumlara müraciət edib;
3. Paşinyan Putinin görüş təklifindən imtina edəndən sonra, Avropa İttifaqı ilə sövdələşməyə gedərək, 15 dekabr Brüssel görüşünü təşkil etdi;

Faktlar göstərir ki, Nikol Paşinyanın bölgədə apardığı siyasət ilk növbədə Rusiyaya qarşı yönəlib və istisna deyil ki, Moskva baş verənləri yaxşı başa düşür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm