"Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur..."
Bizi izləyin

Nida Təhlil

"Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur..."

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Moderator.az-ın əməkdaşının "Ermənistan hökumətinin qərarı ilə "Artsax" Respublikasına dövlətlərarası kredit formasında 12 milyard dram kredit və 1,5 milyard dram isə bağışlama müqaviləsi əsasında vəsait ayrılıb. 10 noyabr üçtərəfli sazişi imzalayan dövlət və hökumət başçılarının 26 noyabr Soçi görüşü ərəfəsində belə bir qərarın qəbul olunması hansı məqsədi daşıyır?" sualını aşağıdakı kimi cavablandırıb:

"Ermənistan hökumətinin bu qərarı həyasız bir demarşdı, bizə meydan oxumaqdı. Düşünürəm, Soçi görüşündə bunun hesabı sorulacaq və Ermənistandan tələb olunacaq ki, burnunu Azərbaycanın daxili işlərinə soxmasın. Bu həm də onu göstərir ki, Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur. Bir gün öncə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanıyırıq, o biri tərəfdən qondarma rejimə dövlətlərarası müqavilə əsasında kredit ayırır. Bununla da bəyan edir ki, Ermənistan "Artsax"ı müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi tanıyır, Azərbaycanın isə ərazi bütövlüyünü tanımır. Bunun cavabı olmalıdır. Sabah Soçidə hər hansı bir sənəd imzalanacaqsa Azərbaycan tələb etməlidir ki, beynəlxalq təcrübəyə uyğun olaraq həmin sənəddə müharibədən sonra dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması öz əksini tapsın. Azərbaycan tələb etməlidir ki, Ermənistan Qarabağdakı ermənilərin yaratdığı qondarma qurumla dövlət kimi əlaqələr qurmasına son qoysun, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına mane olmasın. Əks halda həm Azərbaycan, həm qardaş Türkiyə Ermənistanla hər cür əməkdaşlıqdan, o cümlədən Azərbaycan sərhədlərin demarkasiya olunması və kommunikasiyaların açılması istiqamətində əməkdaşlıqdan imtina etməlidir. Ardınca 10 noyabr sazişi Ermənistan tərəfindən pozulduğu üçün Laçın dəhlizində gömrük keçid məntəqəsi yaradılmalı və Dövlət Sərhəd Xidməti fəaliyyətə başlamalıdır. Yalnız qondarma rejimlə heç bir əlaqəsi olmayan Qarabağ ermənilərin Ermənistana gediş-gəlişinə icazə verilməlidir.10 noyabr sazişində Qarabağ ermənilərinə status verilməsinə dair hər hansı müddəa yoxdur. Proseslərin gedişi göstərir ki, Ermənistanın başına yalnız dəmir yumruq vurmaqla onu öz öhdəliklərini icra etməyə məcbur etmək olar".

Xatırladaq ki, Ermənistan hökuməti Qarabağdakı separatçılara növbəti irihəcmli maliyyə yardımı ayırıb. Bu haqda hökumətin iclasında bildirilib. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan elan edib ki, Qarabağa 13 milyard 533 milyon dram məbləğində yardım ediləcək. Bu yardım əmlak, pensiya, kommunal xidmətlər üzrə ödənişlərə yönəldiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm