Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir - Sona Əliyeva
Bizi izləyin

Nida Təhlil

Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir - Sona Əliyeva

“26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Soçidə keçirilən görüşdən sonra imzalanan sənəd bir neçə amillə diqqət çəkdi. İlk növbədə onu qeyd etməliyəm ki, sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Deməli, Prezidentin mütəmadi olaraq vurğuladığı "Münaqişə artıq bitib" ifadəsi özünü imzalanan sənədlərdə də göstərməkdədir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dönəmindən gedir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Sona Əliyeva deyib.

Politoloq bildirib ki, post-münaqişə dövrünün nizamlanması istiqamətində Soçi görüşünün özünəxas yeri olacaq:

“Çünki Ermənistan tərəfi də bundan sonrakı proseslərə hazır olduğunu bildirdi. Soçidə də Azərbaycan diqtə edən, Ermənistan məğlub tərəf kimi təmsil olunurdu. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın üz cizgilərindən də aydın şəkildə görmək mümkün idi. Digər tərəfdən, üç ölkə rəhbərinin imza atdığı sənəddə ATƏT-in Minsk qrupunun adının çəkilmədiyini gördük. Bu da o deməkdir ki, 30 il ərzində münaqişənin nizamlanmasına heç bir töhfə verməyən Minsk qrupu artıq tarixə qovuşub”.

Sona Əliyeva düşünür ki, Soçi görüşü Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı: “Fikrimcə, rəsmi Bakı Soçidə də istədiyini əldə etdi. Proseslər onu göstərir ki, hər şey Bakının nəzarəti altındadır və Azərbaycan qalib tərəf kimi Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Başqa yol yoxdur, İrəvan da başa düşür ki, destruktiv mövqe sərgilədikcə, vəziyyəti daha da çətinləşir. Paşinyan hazırda düşdüyü durumun fərqindədir. Düşünürəm ki, yaxın vaxtlarda sərhədlərin demarkasiya və delimitasiya məsələsi də öz həllini tapacaq. Artıq bununla bağlı İşçi Qrupun fəaliyyətə başlaması planlaşdırılır. Soçi görüşündə də bu məsələ ciddi müzakirə mövzularından biri idi. Beləliklə, Azərbaycan addım-addım böyük sülhə doğru addımlayır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm