Prezidentin Suqovuşan səfəri və Qarabağa baharın qayıdışı - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Prezidentin Suqovuşan səfəri və Qarabağa baharın qayıdışı - TƏHLİL

Gün gələcək Novruz bayramını Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə, o biri il Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda... işğal altında olan bütün torpaqlarımızda keçirəcəyik.

Bu, ulu öndər Heydər Əliyevin Novruz bayramı münasibətilə keçirilən mərasimdə dediyi tarixi sözlərdir. Bu, arzu deyildi, Heydər Əliyevin xalqa verdiyi vəd, inandığı gerçək idi. Və ömür böyük liderə vəfa etməsə də, onun miras qoyduğu strategiya, bu strategiyaya əsaslanan Prezident İlham Əliyev tarixi vədi yerinə yetirdi.

İlham Əliyev prezident seçildiyi 2003-cü ildə və ölkəyə rəhbərlik etdiyi sonrakı dövrlərdə də bu vədlə çıxış etmişdi. Zaman və tarix göstərdi ki, o, vədinə və özünün də dediyi kimi, ata vəsiyyətinə sona qədər sadiq qalan, bunu gerçəkləşdirən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasında prinsipial mövqeyə sahib olan liderdir.

Prezident İlham Əliyev Azərbaycan xalqının hər il Novruz bayramında dilədiyi “gələn Novruzu Qarabağda keçirək, bayram tonqalını o torpaqlarda qalayaq” arzusunu da gerçəkləşdirdi.

İlham Əliyevin həyata keçirdiyi doğru strategiya, yetişdirdiyi vətənpərvər gənclik, qurduğu güclü ordu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə 30 ilə yaxın davam edən işğala son qoydu. Və bu Zəfər təkcə torpaqlarımızın azad edildiyi yox, həm də Azərbaycanın yenidən dirçəlməsi, bayram sevincini ürəkdən yaşaya bilməsi, milli qürurunu bərpa etməsi tarixi idi.

Artıq iki ildir Novruz tonqalı azad edilmiş Qarabağımızda qalanır və bu tonqal daha sönməyəcək. Çünki bu ocağı yandıran Azərbaycan xalqı və onun lideridir.

Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Novruz təbriklərini azad edilmiş ərazilərdən çatdırması da bu kontekstdə xüsusilə əhəmiyyətlidir.

Azərbaycan lideri ötən il Novruz tonqalını Şuşada, Cıdır düzündə qaladı, bu il Suqovuşanda.

Bayram tonqalını qalayan Prezidentin çıxışında verdiyi mesajlardan öncə məkanın seçilməsi diqqət çəkir.

Birincisi, işğala qədər Şuşa, xüsusilə Cıdır düzü Novruz bayramlarının keçirildiyi, tarixi ənənələrimizin yaşadıldığı ən gözəl, ən yaddaqalan məkanlardan idi. Prezident İlham Əliyevin işğala son qoyulduqdan sonra ilk Novruz tonqalını Şuşada qalaması tarixi ənənələrimizə qaldığımız yerdən davam etməyimiz deməkdir.

İkincisi,
ötən il Şuşa, bu il Suqovuşanda bayram tonqalı qalayan, xalqa Novruz təbrikini çatdıran Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlara həyatın qayıtdığının və bundan sonra torpaqlarımızda bayram tonqalının sönməyə imkan verilməyəcəyinin mesajını verir.

Üçüncüsü, Şuşa, eləcə də Suqovuşanı qondarma “DQMV”-nin ərazisi kimi təqdim edilməsidir: Prezident İlham Əliyev Novruz tonqalını məhz “DQMV”-nin ərazisi kimi göstərilən torpaqlarda qalayır, bu torpaqlardan xalqımızı təbrik edir və bununla “DQMV”-nin ləğv edildiyi, hazırda ermənilərin yaşadığı ərazilərin Azərbaycan torpağı olduğu mesajının davamını verir; bu, Azərbaycan liderinin ərazi bütövlüyü və suverenliyimiz məsələsində prinsipial mövqeyinin bir daha ifadəsi, eləcə də Xankəndi və Xocalıda bayrağımızın dalğalanacağının anonsudur.

Prezident İlham Əliyevin ötən il Şuşada, bu il Suqovuşanda Azərbaycan xalqına ünvanladığı Novruz təbrikində səsləndirdiyi fikirlər də xüsusilə əhəmiyyətlidir.

Şuşada-Cıdır düzündə xalqa müraciətində Azərbaycan lideri tarixi ədalətin bərpa olunduğunu və bundan sonra heç kimin bizi öz torpaqlarımızdan çıxara bilməyəcəyini elan etdi.

Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz” deyən Prezident bununla təkcə Vətən müharibəsində qazandığımız qələbəni yox, həm də gələcəyin necə olacağını bildirirdi.

Ötən bir il ərzində azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, eləcə də Azərbaycan Prezidentinin qazandığımız qələbəni möhkəmləndirmək, beynəlxalq aləmdə dünyanın supergücləri də daxil olmaqla hər kəs tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi də bunu əyani şəkildə göstərir.

Bir il sonra Prezident İlham Əliyev yenidən Qarabağda bayram tonqalı qalayır, xalqımızı Novruz bayramı münasibətilə təbrik edir.

Prezidentin Suqovuşandakı çıxışıda iki mühüm məqam xüsusilə diqqət çəkir.

Birincisi, Azərbaycan torpaqlarında heç kim “status”, “müstəqillik” kimi absurd xülyalara düşməməlidir, çünki buna heç vaxt imkan verilməyəcək.

Dövlət başçısının “DQMV”-nin yaradılmasına diqqət çəkməsi bu mesajın verilməsi idi. Prezident bəyan etdi ki, “Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu”.

İkincisi, Azərbaycan dövlətinin hazırda əsas prioriteti azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qısa müddətdə evlərinə qayıtmasıdır.

Prezident İlham Əliyevin Suqovuşanda iştirak etdiyi təməlqoyma mərasimləri də bunu əyani şəkildə göstərir.

Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı keçirildi. Dövlət başçısı qəsəbədəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış oldu. Qəsəbədə tam orta məktəbin binasının əsaslı təmirinə başlanılıb. Bununla yanaşı, Prezident Suqovuşanda ikimərtəbəli yeni məscidin təməlini atdı. Turizm kompleksinin təməlqoyma mərasimi keçirildi, avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı baş tutdu.

Bütün bunlar Suqovuşana həyatın yenidən qayıtmasının başlanğıcıdır.

Və ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin Suqovuşanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışını etməsidir. Bu, dövlət başçısının “Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir” fikrinin praktikadakı əksi hesab oluna bilər. Azərbaycan dövləti azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində genişmiqyaslı işlərlə yanaşı, bu torpaqlarda sülhün və təhlükəsizliyin təminatı üçün Ordumuzun mövqelərini də gücləndirir.

Azərbaycan lideri Suqovuşanda bir daha bəyan etdi ki, “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm