Bakı Avrasiyaya yeni körpü salır? - Qovluqdakılar
Bizi izləyin

Nida Təhlil

Bakı Avrasiyaya yeni körpü salır? - Qovluqdakılar

“Azərbaycanla Türkmənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq edən, eyni tarixi, mədəni, dini köklərə malik qardaş dövlətdir. Prezident İlham Əliyevin bu dəfəki səfəri, Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısında iştirakı ilə bağlıdır. Zirvə Toplantısı, Xəzər dənizini əhatə edən beş dövlət arasında iqtisadi, siyasi, təhlükəsizlik, nəqliyyat, ekologiya, təbii resurslardan istifadə və s.sahələr üzrə qarşıya çıxan problemlərin həlli üçün ən effektiv formatdır. Bu istiqamətdə əldə olunan ən böyük nailiyyət, 2018-ci ildə imzalanmış, Xəzərin hüquqi statusu haqqında Konvensiyadır”.

Punu Publika.az-a açıqlamasında ölkə prezidenti İlham Əliyevin Türkmənistan səfərini şərh edərkən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, məhz statusun müəyyən olunmaması, uzun illər ərzində müzakirə predmeti olub, bəzi hallarda dövlətlərarası münasibətlərdə ciddi gərginlik yaradıb:

“Azərbaycan, Rusiya, Qazaxıstan arasında hər hansı problemlər yaşanmamasına rəğmən, Türkmənistan və İranla bağlı müəyyən fikir ayrılıqları var idi. Zamanla bu problemlər də həllini tapır. Ötən il Türkmənistanla mübahisəli yataqların müştərək istismarı ilə bağlı razılıq əldə olundu. Bizim “Kəpəz”, türkmənlərin “Sərdar” adlandırdığı yataqlara “ Dostluq”adı verildi. Hesab edirəm ki, Konvensiya İran parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra, qalan məsələlər də həllini tapacaqdır. Xəzər dənizi əsil dostluq, əməkdaşlıq meydanı olacaq, xalqlarımızın rifahına xidmət edəcəkdir. Dövlət başçılarının iştirak etdiyi hər bir sammit, toplantı, mövcud problemlərin həllinə yönəlik, irəliyə atılmış bir addımdır. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər, Xəzər dənizində təhlükəsizlik, gəmiçilik, balıqçılıq, ekologiyanın, su ehtiyatlarının qorunması, dənizin dayazlaşması, xüsusi diqqət çəkir”.

Nəsib Məhəməliyev düşünür ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna görə, Xəzər dənizinin ən inkişaf etmiş ölkəsidir:

“Çoxsaylı, müxtəlif təyinatlı gəmilərə, donanmaya, limana, aşırma terminallarına malikdir. Coğrafi mövqeyinə görə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Ələlxüsus, Rusiya-Ukrayna müharibəsi nəticəsində Xəzər dənizi vasitəsilə yükdaşımaların səviyyəsi getdikcə artmaqdadır. 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar isə, Zəngəzur dəhlizinin açılmasını, daha sonra isə, Türkiyə vasitəsilə Aralıq dənizi hövzəsinə çıxışı təmin edəcək. Zirvə toplantısının digər əhəmiyyəti ondan ibarətdir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə etmək imkanı əldə edirlər. Belə təmasların, dialoqun olması isə, dövlətlərarası münasibətlər sistemində son dərəcə əhəmiyyətlidir. Düşünürəm ki, yaxın zamanlarda, Orta Asiyanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmasının şahidi olacağıq. Prezident İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində həyata keçirilmiş neft-qaz kəmərləri, digər transmilli layihələr Azərbaycanı regionun ən əhəmiyyətli ölkəsinə çevirmişdir. Aşqabad Zirvə Toplantısında iştirak edən ölkələrə diqqət yetirsək, görərik ki, Azərbaycanın, Prezident İlham Əliyevin üstünlükləri özünü qabarıq şəkildə göstərir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi, siyasi, coğrafi əhəmiyyəti artır. Bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı məsələlər zamanla həllini tapır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm