Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
Bizi izləyin

Nida Təhlil

Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir

Bir əsr öncə Xalq Cümhuriyyəti dövründən başlayaraq, indiyə qədər xalqın təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayan Azərbaycan polisi öz vəzifəsini layiqincə yerinə yetirir. Hüquq-mühafizə orqanları üçün hakimiyyət yox, dövlət var və nə olmasından asılı olmayaraq, ictimai asayişin təmin edilməsi və vətəndaşın təhlükəsizliyi onun əsas vəzifəsidir.

Bu gün Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümüdür. Onlar Xalq Cümhuriyyətində də, 70 illik sovet dövründə də, müstəqilliyin bərpa olunmasından sonra da eyni missiyanı layiqincə icra ediblər.

Və bu gün də müqəddəs vəzifə borcunu icra edir Azərbaycan polisi:

- Birinci və İkinci Qarabağ müharibələrində ön cəbhədə idilər;
- Vətəndaş rahat yaşasın deyə yatmır, ən qatı cinayətkarlara qarşı mübarizə aparır;
- Qaranlıq 90-cı illərdə Azərbaycanın məhv olmaq təhlükəsindən xilas edilməsində ən aktiv iştirakçılar idi: silahlı dəstələrlə vuruşub, ictimai asayişin təmin edilməsi üçün əlindən gələni edib.
- Vaxtilə qaranlıq düşən kimi evlərinə tələsən vətəndaşlar bu gün günün istənilən saatında küçədə təhlükəsiz şəraitdə gəzə bilirlər. Ölkədə cinayətkarlığın sayı minimuma düşüb. Oğurluqla qarşılaşandan burnu qanayana qədər bütün vətəndaşlar ilk olaraq polisə müraciət edir, küçədə qalanın ilk yardımına polis yetişir, qapısı açılmayana ilk polis kömək edir, yolu keçmək istəyənin qolundan yenə polis tutur.

Azərbaycan polisi I Qarabağ müharibəsində 1695 şəhid verib, 1710 polis əməkdaşı isə yaralanıb.

Azərbaycan polisi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında rəşadətlə döyüşüb, ən çətin əməliyyatların icrasında iştirak ediblər.

Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu yaralanıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşən Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara təltif olunub, bununla yanaşı, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bu gün işğaldan azad edilmiş ərazilər də daxil olmaqla respublikanın hər yerində polislərimiz xidmət edir.

Azərbaycan polisi Azərbaycan dövlətinin gücü, ictimai asayişin təminatçısı, xalqın təhlükəsizliyinin müdafiəçisidir. Bu, onların vəzifəsidir və onlar vəzifələrini yerinə yetirmək üçün gecə-gündüz çalışırlar. Nəticə ortadadır, Azərbaycan 90-cı illərdə soyğunçuluğun, quldurluğun tüğyan etdiyi ölkədən ən təhlükəsiz ölkəyə çevrilib.

Onlar üçün xidmətin zamanı və yeri yoxdur, onlar Azərbaycan dövləti, Azərbaycan xalqı naminə daim xidmətdədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm