18 yaşlı Elzanı zorlayıb öldürən polkovnikə nə etməli?
Bizi izləyin

Nida Təhlil

18 yaşlı Elzanı zorlayıb öldürən polkovnikə nə etməli?

Bu hekayənin içində beş qətl, bir ordu generalı, bir polkovnik və gənc bir qız var, ayrılıq var, ölüm var və Rusiyanın sərt üzü var...

Anna Polutkovskayanın “Putinin Rusiyası” kitabından oxuduğum əhvalatın sonrasını mətbu orqanlardan öyrəndim...

Müəllifə isə bunu öyrənmək qismət olmadı, yaşadığını binanın liftində öldürüldü.

Ordu generalını isə hamımız tanıyırıq, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov...

1998-ci ildə isə o, Şimali Qafqazda yerləşən 58-ci ordunun komandirinin müavini, baş qərargah rəisi idi.

Əsl “Inter armas silent leges” (Müharibə gələndə bütün qanunlar susur) dövrü idi.

Anna susmamışdı və bədəlini ödəmişdi.

2000-ci ilin may ayında baş verən hadisə ilə hekayəmizin fitilini yandıraq.

O gün 160-cı tank alayının komandiri polkovnik Yuri Budanov 18 yaşı olan çeçen qızı Elza Kunqayevanı qaçırdaraq onu zorladı, sonra isə öldürdü...

Budanov qəsəbəyə çeçen snayperi axtarmaq üçün getmiş, qızı ifadəsini almaq üçün özüylə aparmışdı.

Halbuki zabitin ərazidə kəşfiyyat toplamaq, ifadə almaq səlahiyyəti yox idi.

Hadisədən xəbər tutan Gerasimov dərhal tabeliyindəki üç alaya zəng vurub qızın dərhal təhvil verilməsini tələb etdi.

Bununla kifayətlənməyərək alayları şəxsən yoxladı və alay komandiri Budanov hadisədən məlumatsız olduğunu bildirdi.

Əlavə məlumat toplamaq üçün qəsəbəyə gedən general qızın atası ilə danışdı və atası Budanovu nişan verdi.

Qəzetdə şəklini görmüşdü, ordan tanıyırdı

Rus ordusunun qaydalarına görə polkovniki ancaq general həbs edə bilərdi və Gerasimov bu dəfə 160-cı alaya Budanovu həbs etmək üçün qayıtdı.

Anna kimi müxalif bir jurnalist belə Gerasimovun cəsarət və qətiyyətini yüksək qiymətləndirirdi, çünki onun fikrincə, adətən bu cür hallar ört-basdır olunurdu.

Ancaq Budanov təslim olmaq istəmədi, hətta tabeçiliyində kəşfiyyyat bölüyünün əsgərləri Gerasimovu müşayiət edən hərbçilərə silah çəkdilər.

Gerasimov isə bir addım da geri çəkilmədən Budanovu şəxsi heyətin qarşısında təhqir etdi, onun cani olduğunu dedi.

Budanov generalın sözlərindən sonra əlini tapançasına atdı, Gerasimov özündən çox onun kimisə vurmağından qorxurdu.

Polkovnik tətiyi də çəkdi, ancaq heç kimə heç nə olmadı. Budanov öz ayağına atəş açmışdı.

Gerasimovun əmri ilə onu həbs edərək qızı axtarmağa başladılar və tezliklə onun meyidini tapdılar...

Polkovnik məhkəmə qarşısına çıxarıldı, Gerasimov isə 58-ci ordunun komandiri təyin edildi.

Məhkəmə rus ordusunun polkovnikini məhkum etməyə həvəs göstərmirdi.

Polkovnik qızın onu söydüyünü bildirirdi, halbuki Elza rus dilini bilmirdi.

Yuxarıda qeyd edildiyi kimi, ümumiyyətlə polkovnikin belə bir əməliyyat-axtarış və istintaq hərəkətləri aparmaq səlahiyyəti yox idi.

Ancaq rus bürokratiyası Budanovu həbsdən azad etmək üçün bəhanələr axtarmağa başladı.

Guya, Budanovun alayındakı zabitlərin yarıdan çoxu bir çeçen snayperi tərəfindən öldürülmüşdü və Budanov əlindəki şəkilə həmin snayperi axtarmağa getmişdi.

Guya qızın anası həmin snayper idi, halbuki şəklin qızın anasına heç bir dəxli yox idi.

Ancaq tibbi ekspertiza məhkumun affekt halında cinayət törətdiyini bildirərək polkovnikin cinayət məsuliyyəti daşımadığı barədə rəy verdi.

Rus cəmiyyəti də iki yerə bölünmüşdü, aparıln sorğulara görə əhalinin yarısı “qəhrəman polkovnik”in həbsinə qarşı çıxırdı, 19 faizi isə onun cəzalandırılmasını tələb edirdi.

Çeçen döyüşçülər polkovnikin onlara verilməsinin əvəzində 9 OMON-çunun əsirlikdən azad ediləcəyini vəd edirdi.

Rusiyanın təklifi rədd etməsindən dərhal sonra OMON-çular edam edildi.

Polkovniki rus, Elzanın ailəsinin hüquqlarını isə çeçen vəkil qoruyurdu, ancaq gənc, nüfuzlu rus vəkil Stanislav Markelovun ailə tərəfdən prosesə qoşulması rus cəmiyyətinin hadisəyə münasibətini az da olsa dəyişə bildi.

Hakim isə öz bildiyini elədi, polkovniki həbs etmək əvəzinə psixiatrik xəstəxanaya göndərdi.

Ədalət tərəfdarları sarsılmışdı, ancaq bu, hələ son deyildi.

Üç ay sonra Hərbi Apellyasiya Məhkəməsi qərarı ləğv edərək işi yenidən baxılmaq üçün geri qaytardı.

Bu dəfə isə məhkəmə Budanovu 10 il müddətinə azadlıqdan məhrum etdi. (Zorlama ittihamı sübuta yetirilməmişdi)

Budanov bütün təltiflərindən və polkovnik rütbəsindən məhrum edildi.

Ulyanovsk qubernatoru, istefada olan general Şamanov onun əfvi ilə bağlı sənədi imzaladı.

Çeçenistan od püskürür, Ramzan Kadırov Budanovun azadlığa çıxacağı təqdirdə “ləyaqətinin mükafatlandırılacağını” deyirdi.

Sənəd ancaq Putinin imzası ilə qüvvəyə minirdi. Putin əfvi imzalamadı.

Amma Budanovun vaxtından qabaq azadlığa çıxması barədə tələblər dayanmır və rus cəmiyyətində Budanov gərginliyi hələ də qalırdı.

Nəhayət, vəkillərinin beşinci cəhdindən sonra 10 illik cəzasının 8,5 ilini çəkən Budanov vaxtından qabaq azadlığa buraxıldı.

Budanovun azadlıqdan məhrum edilməsində böyük rolu olan rus vəkil Stanislav Markelov indi onun vaxtından qabaq azadlığa çıxmaması üçün mübarizə aparırdı.

Budanov azadlığa çıxandan 4 gün sonra Markelov “Novoya qazeta”nın müxbiri Anastasiya Baburova ilə bir yerdə öldürüldü.

(Anna Polutkovskaya da həmin qəzetdə çalışırdı. Haqqında bəhs etdiyim kitabında isə Markelovdan aldığı böyük bir müsahibə də vardı. Taleləri eyni oldu)

Bir anlıq ölümlərin ardınca nəfəs dərək, çünki hələ hekayənin sonuna gəlməmişik.

Artıq polkovnik olmayan Budanov azadlıqda cəmi 2 il yaşaya bildi.

Moskvada ona atılan altı güllənin dördü başına tuş gəlmişdi.

Polkovnik rütbədən məhrum edilsə belə, onun üçün hərbi mərasim təşkil edildi.

Qətli çeçen mücahidlərinin “Riyazüs-salihin” taburu törətmişdi.

Və qanla dolu hekayə beləcə başa çatdı...

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm