Əliyevin LAÇIN STRATEGİYASI: şəhərə nəzarət Azərbaycana nə verəcək?
Bizi izləyin

Nida Təhlil

Əliyevin LAÇIN STRATEGİYASI: şəhərə nəzarət Azərbaycana nə verəcək?

26 avqust 2022-ci il: bu tarix Azərbaycan bayrağının Laçın şəhərində qaldırılması günü olaraq təqvimə düşdü.

Üçrəngli bayrağımızı şəhərin mərkəzində görəndə 30 il öncəki günlər yada düşür: ordumuz pərakəndə şəkildə Laçını tərk edir, mülki azərbaycanlılar evlərini, yurdlarını qoyub çıxmaq məcburiyyətində qalır, erməni işğalçılar müqavimət olmadan torpaqlarımızı zəbt etdiyi vaxt Bakıda hakimiyyət davası gedirdi; bu acı tarixi dəyişdirmək uğrunda 30 il mübarizə apardıq və bu gün Laçın artıq tamamilə azaddır.

Bu, 44 günlük müharibədə qazandığımız Zəfərin məntiqi davamı, Prezident İlham Əliyevin Qarabağ strategiyasının nəticəsidir. Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatan müharibədən sonra Rusiya sülhməramlılarının Laçın şəhərinin mərkəzindən keçən dəhlizdə dayanması Azərbaycanın şəhərə nəzarətinə imkan vermirdi. Və həmin vaxt 30 il sonra torpaqlarımızı işğaldan azad etməyimizə baxmayaraq, 30 il öncə torpaqları erməni işğalçılarına təslim edən qüvvələrin uzantıları “bəs Laçın niyə azad olunmadı” iddiası ilə ittihamlar irəli sürür, 30 il öncə apardıqları hakimiyyət davasını günümüzə daşımağa cəhd göstərirdi.

Lakin onlar bir şeyi görmür, yaxud görmək istəmirdilər: İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu bilir;

Prezident İlham Əliyev 10 noyabr razılaşmasına belə bir bənd daxil etmişdi: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Bu, qarşıdakı üç il ərzində Laçın şəhərinə də nəzarət edə biləcəyimiz demək idi. Hərçənd, Azərbaycan yeni marşrutu iki ildən də az müddətdə inşa etdi. Ermənistan tərəfi müxtəlif üsullarla prosesi uzatmağa cəhd göstərsə də Bakının – İlham Əliyevin strategiyası qarşısında dayana bilmədilər.

Əliyev bir daha nümayiş etdirdi ki, “nəyi, necə və nə vaxt etmək lazım olduğunu” həqiqətən də bilir.

- 10 noyabr razılaşmasına dəhlizin marşrutunun dəyişməsini daxil etməklə bugünkü nəticəni öncədən yetişdirdi;
- Razılaşmaya uyğun olaraq, Rusiya ilə marşrutun inşası planını müəyyən etdi və bununla həm də Ermənistanı oyundan kənar vəziyyətə saldı, bütün bunların Azərbaycanın daxili məsələsi olduğunu qəbul etdirdi;
- Erməni silahlı dəstələrinin təxribatlarına cavab olaraq keçirilən “Qisas” əməliyyatı həm də Laçın şəhərinin təhvil verilməsi prosesini uzadan amillərdən oldu;
- Avqustun 25-nə qədər verilən vaxtda Laçın şəhəri və Zabuxda qanunsuz məskunlaşdırılan ermənilər çıxarıldı, sülhməramlılar postlarını yeni yola köçürdülər;
- Avqustun 26-da Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu, üçrəngli bayrağımız dalğalandırıldı;

Bu, 44 günlük müharibənin başa çatmasından sonra Azərbaycanın növbəti böyük qələbəsindən biridir və Laçının tam azad olunmasının olduqca mühüm əhəmiyyəti var.

Birincisi, 10 noyabr razılaşmasında boşaldılması nəzərdə tutulan Kəlbəcər və Ağdamdan sonra Laçın rayonunun də mərkəzinə nəzarət təmin olundu;

İkincisi, bu, 10 noyabr razılaşmasının bəndlərindən birinin (6-cı bənd) icrası deməkdir;

Üçüncüsü, razılaşmanın bəndlərindən birinin icrası digər bəndlərin icrasını da, misal üçün, erməni silahlı dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını nəzərdə tutan 4-cü bənd və digərləri, aktuallaşdıracaq;

Dördüncüsü, Laçın rayonuna nəzarəti tamamilə bərpa edən Azərbaycan bütün tərəflərə ərazi bütövlüyü məsələsində heç bir güzəştin edilməcəyini və bölgənin gələcəyinin Bakının gündəliyinin icrasından asılı olduğunu nümayiş etdirdi;

Laçın rayonuna nəzarətin tamamilə bərpa edilməsinin həm də iki mühüm strateji nəticəsi var.

a) Qarabağ iğqtisadi rayonunda qalan ermənilər tamamilə Azərbaycanın nəzarətinə düşür;

1. Xankəndidə dörd tərəfdən Azərbaycan ordusunun əhatəsindədir: bu, qarşıdakı dövrdə Qarabağ iqtisadi rayonunda nəzarətin tam bərpa edilməsi imkanlarını genişləndirir;

2. Rusiya sülhməramlılarının müvvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilərin bütün kommunikasiya xətləri – qaz, elektrik, internet və s. – üzərində Azərbaycanın nəzarəti gücləndi: bu xətlər köhnə dəhliz üzərindən keçirdi və Laçın şəhərinin təhvil verilməsi ilə sıradan çıxdı

3. Tamamilə Azərbaycan ordusunun nəzarətində qalan və kommunikasiya xətləri böyük ölçüdə Bakının əlində olan ermənilərin seçim etmək perspektivi daha da yaxınlaşır: ya Azərbaycan vətəndaşı olaraq bölgədə rifah içində yaşayacaqlar, ya da tərk etməli olacaqlar;

b) “Laçın dəhlizi” qüvvədən düşdü;

I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla müxtəlif həll planlarına salınıb və əsasən Azərbayca torpaqlarında işğalın davam etdirilməsi, ən pis halda “status”a nail olmağa hesablanıb. Laçın şəhərinin azad edilməsi, dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi” məsələsini də sıradan çıxardı.

- Üçtərəfli razılaşmada yeni yolla bağlı “Laçın dəhlizi” qeydi yoxdur;
- Yeni yol Laçının kənarından keçir;


10 noyabr bəyanatının 6-cı bəndində qeyd olunur ki, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var. Bu bizə imkan verə bilər ki:

- “Laçın dəhlizi”nin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə “dəhliz” ifadəsinin qeyd olunmadığı əsası ilə bu yolda postlarımızın qurulması gündəmə gətirək;

- Təhlükəsizliyin təmin edilməsi baxımından yeni yolun ən azı bir yerində post quraq;


Göründüyü kimi, Azərbaycan Laçın şəhərinə nəzarəti bərpa etməklə təkcə 30 il öncəki işğala son qoymur, həm də perspektivdə Qarabağ iqtisadi rayonunda atılacaq addımların da önünü açır. Prezident İlham Əliyev Azərbaycanı hədəflərinə doğru addım-addım yaxınlaşdırır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm