Brüssel görüşü bununla əlamətdar olacaq – Ekspert şərhi
Bizi izləyin

Nida Təhlil

Brüssel görüşü bununla əlamətdar olacaq – Ekspert şərhi

Zənnimcə, Brüssel görüşü bir sıra razılıqların əldə olunması ilə əlamətdar olacaq. Görüşdən öncə yayılan relizdə və Xarici İşlər Nazirliyinin bu görüşlə bağlı mövqeyində ehtimal olunurdu ki, sülh müqaviləsinin imzalanması ilə bağlı komissiyanın təşkili həyata keçiriləcək.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regionda təhlükəsizliyin qorunması, sülhün daha da dayanıqlı olması istiqamətində geniş fəaliyyət göstərir və sülh müqaviləsi Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. İlyas Hüseynov deyib ki, eyni zamanda rəsmi Bakının əsas istəyi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qəbul edilməsidir: “Bu xüsusda həm də sərhədlərin delimitasiyası ilə bağlı da fəaliyyət icra olunur. Ötən gün Moskvada baş nazirlərin müavinləri səviyyəsində sayca ikinci görüş keçirildi. Maraqlıdır ki, əldə olunan razılaşmaya görə növbəti görüş Brüsseldə keçiriləcək. Belə bir mənzərə formalaşır ki, Rusiya və Avropa İttifaqı regionda ardıcıl olaraq təmaslar həyata keçirirlər və görüşlər icra olunur”.

İlyas Hüseynovun sözlərinə görə, böyük miqyasda, geniş anlamda bu siyasi-diplomatik fəaliyyət bir mübarizəni nümayiş etdirsə də yaxşı ki, bu mübarizə regionda etimad quruculuğunun sağlamlaşdırılmasına, eləcə də sülhün daha da inkişaf etdirilməsinə yönəlib: “Lakin pərdəarxası öz nüfuzunu daha da dərinləşdirmək, regionda mövcudluğunu inkişaf etdirmək istiqamətində də addımlar var. Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Brüssel daha çox regionda öz iştirakçılığını artırır. Təkcə onu demək kifayətdir ki, aprel-may, eləcə də avqust ayının sonuncu günündə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi”.

Politoloq bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu gün prioritet təşkil edir: “Avropa İttifaqı məhz sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri dəstəklədiyinə görə Brüssel formatı həm də regional sülhün gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şarl Mişel özü də maraqlıdır ki, regionda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Təbii ki, Avropa İttifaqı burada öz maraqlarından çıxış edir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və dayanıqlı şəkildə karbohidrogen ehtiyatların nəqli ilə məşğul olur. Qarşıdan həm də payız-qış ayları gəlir. Bu aylarda Avropa İttifaqı öz enerji istehlakçılarını sabit şəkildə enerji ilə təmin etmək niyyətindədir. Rusiya-Ukrayna müharibəsi həm də qlobal qaz-neft sektoruna mənfi göstərib. Bu baxımdan Azərbaycan da öz milli maraqları kontekstində Avropa İttifaqı ilə yaxınlaşmaq, eləcə də Avropa İttifaqının geniş nüfuzundan istifadə etməklə öz yurisdiksiyasını təmin etmək niyyətindədir. Bu baxımdan Brüssel formatı bizim üçün olduqca mühümdür”.

Müsahibimiz ümid edir ki, Brüssel görüşündə sülh müqaviləsinin imzalanması ilə bağlı komissiya formalaşdırılacaq və sülh müqaviləsi ilə bağlı artıq əməli-praktiki müstəvidə fəaliyyət icra olunacaq. Beləliklə, həm iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, həm sərhədlərin delimitasiyası, həm də sülh müqaviləsinin imzalanması ilə bağlı komissiyalar fəaliyyət göstərəcək. Müxtəlif treklərdə həyata keçirilən diplomatik təmaslar da gələcəkdə milli maraqlarımıza uyğun öz həllini tapacaq”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm