Sabah Anım Günüdür: İki il əvvəl əslində nə BAŞ VERMİŞDİ?
Bizi izləyin

Nida Təhlil

Sabah Anım Günüdür: İki il əvvəl əslində nə BAŞ VERMİŞDİ?

"Xalqımız, dövlətimiz Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman dərin ehtiramla anır. Bu baxımdan, Prezident İlham Əliyevin 27 Sentyabr-Anım Günü ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. 7-dən 70-yə milyonlarla insan ölkənin bütün şəhər və rayonlarında müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər Xiyabanına axışır. Şəhidlərin ruhuna dualar oxunur. Vurğulamaq istərdim ki, ötən əsrin sonlarında, ikinci dəfə dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı tarixinin ən çətin sınaqları ilə üz-üzə qaldı. Qarabağ və ətraf rayonların işğalı nəticəsində on minlərlə gəncimiz şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin".

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, 2 il əvvəl bu gün - yəni, sentyabrın 27-sində səhər saatlarında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya kanalları vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi:

"Ali Baş Komandanın bu çıxışı, etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi. Beynəlxalq miqyasda isə çaxnaşmalara səbəb oldu və gündəmin əsas müzakirə mövzusuna çevrildi. Ermənistanın şər maşını işə düşdü. Baş nazir Nikol Paşinyanın yalvarışlarından sonra böyük dövlətlərin başçıları, beynəlxalq təşkilatlar bir-birinin ardınca Prezident İlham Əliyevə zənglər edir, bəziləri isə yalançı faktlarla həddən artıq canfəşanlıqla müharibənin dərhal dayandırılmasına çağırırdılar. Planetin ən nüfuzlu mətbuat orqanları, televizya kanalları Azərbaycana fokuslanmışdı. Döyüş əməliyyatlarında olduğu kimi, informasiya müharibəsinə də bilavasitə Prezident İlham Əliyev başçılıq edirdi. Ölkə başçısının 40-a yaxın müsahibəsi dünya erməniliyinin 100 ildən bəri formalaşdırdığı miflərin darmadağın olması ilə nəticələndi. Hətta ənənəvi olaraq açıq şəkildə ermənipərəst mövqeyi ilə seçilən mətbuat nümayəndələri, politoloqlar belə cənab Prezidentin savadını, yüksək peşəkarlığını, diplomatik qabiliyyətini etiraf etmək məcburiyyətində qalırdılar. Eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımız mitinqlər, nümayişlər təşkil edir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, çoxsaylı erməni diasporasının yalanlarını ifşa edirdilər".

Deputatın sözlərinə görə, həmin dövrdə millət vəkilləri, ziyalılar, politoloqlar tərəfindən müxtəlif ölkələrin parlamentarilərinə, beynəlxalq təşkilatlara məktublar yazılırdı:

"Ermənistan rəhbərliyinin təxribatçı davranışları, "Qarabağ Ermənistandır, nöqtə" , "Yeni ərazilər üçün yeni müharibə" tezislərinin müharibəyə gətirib çıxarması dünyaya çatdırılırdı. Bir sözlə, xalq bir nəfər kimi müharibəyə köklənmişdi. Ermənistanda 10 mindən artıq fərari qeydiyyata alınsa da, Azərbaycanda belə hala rast gəlinmədi. Zəfər yolunun taleyüklü mərhələsi 27 sentyabrdan başlayır və 44 günlük Vətən müharibəsinin hər günü, Müzəffər Ordumuzun irəliləyişi ilə tarixə düşmüşdür. Hər günün yekununda xalq Ali Baş Komandanın canlı müraciətini böyük səbrsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikasnın, silahların siyahısını həyəcanla gözləyirdi. Beləliklə, noyabr ayının 8-də hər bir azərbaycanlı üçün müqəddəs şəhər, Şuşa azad olundu. Noyabrın 10-da isə, düşmən kapitulyasiya aktına imza atdı. Dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları puç oldu. Əfsuslar olsun ki, müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmək istəmir. Zəngəzur dəhlizini açmaq istəmir, sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə başlamır, silahlıları Qarabağdan çıxarmır. Müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayınır. Ağır məğlubiyyətdən nəticə çıxarmır və qlobal güclərin əlində ,,maşa,, rolunu oynamaqda davam edir. Son təxribatları nəticəsində yenidən şəhidlər verdik və qisasımız da ermənilər üçün sarsıdıcı oldu".

Nəsib Məhəməliyevin fikrincə, hazırda dünyada olduqca mürəkkəb proseslər gedir. Yeni dünya nizamı formalaşır və yeni qurulan təhlükəsizlik sistemində Azərbaycanın dövlət, milli maraqlarının qorunması üçün ən yüksək standartlara cavab verən ordunun, inkişaf etmiş iqtisadiyyatın, milli birliyin olması şərtdir:

"Müşahidələr göstərir ki, Cənubi Qafqazda Ermənistanla yanaşı, gərginliyin saxlanılmasında maraqlı olan kifayət qədər xarici qüvvə var. Onlar sülhün yaranmasını, tarixi "erməni məsələsinin" gündəlikdən tamamilə çıxarılmasını öz geosiyasi maraqları üçün təhlükə olaraq görürlər. Ona görə də, biz xalq, dövlət olaraq, hər an xarici təhdidlərə hazır olmalı, artıq özünü hərb meydanlarında, diplomatik masada təsdiq etmiş Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Bir daha ulu Tanrıdan ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən vətən övladlarına rəhmət diləyirəm. Onlar öz qanları ilə bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır!".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm