Edillidəki kütləvi məzarlıq erməniləri hansı "düyün"ə saldı? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

Edillidəki kütləvi məzarlıq erməniləri hansı "düyün"ə saldı? - DETALLAR

“Xocavənd rayonunun Edilli kəndində tapılan hərbçilərimizə aid qalıqlar bir daha nümayiş etdirir ki, ermənilər çox böyük vəhşilik və hərbi cinayət törədiblər. Bütün vəhşiliklərə baxmayaraq, ermənilər beynəlxalq miqyasda Azərbaycanı günahlandırmağa, ölkəmizi qınaq obyektinə çevirməyə çalışırlar”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, erməni lobbisinin güclü dəstəyi ilə bəzi siyasətçilər erməni təbliğat maşınına inanaraq Azərbaycana qarşı müxtəlif çağırışlar edirlər:

“Eyni zamanda, birinci Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq bizim 3800 soydaşımızın aqibətinin müəyyən olunması ilə bağlı Ermənistan öz üzərinə məsuliyyət götürsə də, bu məsuliyyəti yerinə yetirməkdən boyun qaçırır. İrəvan kütləvi məzarlıqların koordinatlarını Azərbaycana təqdim etməkdən imtina edir. Digər tərəfdən, erməni barbarlığı özünü müxtəlif səviyyələrdə göstərib. 30 illik işğal dövründə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirən Ermənistanın hərbi rəhbərliyi ekosit, urbisit törətməklə yanaşı, həm də dinc, silahsız, sivil insanlara divan tutub. Xocalı, Başlıbel, Kərkicahan, Bağanıs Ayrım, Ağdaban faciələri də bunu nümayiş etdirir. Digər önəmli xüsus ondan ibarətdir ki, bu gün Ermənistan bütün mümkün vasitələrdən istifadə etməklə, ölkəmizə qarşı anti-Azərbaycan təbliğatını davam etdirir və dinc, birgəyaşayış qaydalarının formalaşdırılması, müharibənin yaratdığı çətin fəsadların aradan götürülməsi, sülh təşəbbüslərinin də üzərindən xətt çəkir”.

Ekspert düşünür ki, Ermənistan sülh danışıqlarında iştirak etsə də paralel olaraq silahlanır:

“Eyni zamanda, Azərbaycanı müxtəlif instansiyalara şikayət edir. Avropa İnsan Haqqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və digər bu kimi institutlara Ermənistan çoxlu müraciətlər ünvanlayır. Həmçinin biz sosial şəbəkələrdə də müxtəlif ölkələrdəki parlamentarilər və rəsmilərə onların çoxsaylı müraciətlərini görürük. Azərbaycan gəncləri bu təbliğatın qarşısını kəsmək istəyəndə isə sosial şəbəkə profilləri bloklanır, şikayət olunur. Hiss olunur ki, bu istiqamətdə Ermənistanda bir koordinasiya var. Onlar məhz informasiya müharibəsi çərçivəsində ölkəmizə qarşı geniş kampaniya başladıblar”.

İlyas Hüseynovun fikrincə, belə olan təqdirdə Azərbaycan əlindəki faktları dünya ictimaiyyətinə çatdırmalıdır:

“Xocavəndin Edilli kəndində tapılan məzarlıq və bizim hərbçilərin qalıqları onu göstərir ki, Ermənistan Cenevrə Konvensiyasını və onun əlavə protokollarını kobud şəkildə pozub. İrəvan bütün bunlara görə məsuliyyət daşımalıdır. Bütün günahkarlar öz cəzalarını çəkməlidirlər. Azərbaycan bu istiqamətdə bütün hüquqi tədbirləri genişləndirməlidir. Ölkəmiz bu məsələnin dünya ictimaiyyətinə daha geniş formada çatdırılması istiqamətində ətrafına tərəfdarlar toplamalıdır. Biz görürük ki, Ermənistan öz saxta təbliğatı ilə ətrafına müəyyən kütlələri cəlb edə bilir. Bu da daha sonra ölkəmizə qarşı çevrilir. Bütün bunların qarşısını isə həmrəylik nümayiş etdirərək almaq lazımdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm